Markov: Yerevanın Sevr müqaviləsini bərpa etmək təşəbbüsü Ermənistan rəhbərliyi və erməni diasporunun nəticəsiz xəyalıdır | 1news.az | Xəbərlər
Siyasət

Markov: Yerevanın Sevr müqaviləsini bərpa etmək təşəbbüsü Ermənistan rəhbərliyi və erməni diasporunun nəticəsiz xəyalıdır

18:14 - 18 / 08 / 2020
Markov: Yerevanın Sevr müqaviləsini bərpa etmək təşəbbüsü Ermənistan rəhbərliyi və erməni diasporunun nəticəsiz xəyalıdır

Bu yaxınlarda Ermənistan prezidenti Armen Sarkisyan Suriyanın “Al-Azmenah” qəzetinə verdiyi müsahibədə 100 il əvvəl imzalanmış Sevr müqaviləsini “qanuni və etibarlı” sənəd adlandırıb.

Onun fikrincə, “saziş bölgənin ən çətin problemlərindən birini – erməni məsələsini həll edə bilər”.

“Sevr müqaviləsi erməni xalqının erməni məsələsinin ədalətli həll olunma hüququna dair mühüm sənəd olaraq qalır. 1923-cü ildə imzalanan Lozanna müqaviləsi Sevr müqaviləsini ləğv etmir, çünki son sənəddə belə qeyd edilmir" – o, bəyan edib.

“Bundan əlavə, Ermənistan onu imzalamamışdı, beləliklə, müqavilənin tərəfdarı deyil və heç bir öhdəlik daşımır” - deyə A.Sarkisyan yekunlaşdırdı.

Xatırladaq ki, müqavilə 10 avqust 1920-ci ildə Sevr şəhərində (Fransa) bir tərəfdən Antanta ölkələri və ona qoşulan dövlətlər, digər tərəfdən isə Osmanlı İmperiyası hökuməti tərəfindən imzalanıb. Razılaşmaya əsasən, Ermənistan Qara dənizə çıxacaq və ərazisi 150 min kvadrat kilometr olacaq. Bu razılaşmaya görə, erməni millətçilərinin "dənizdən dənizə qədər böyük Ermənistan yaratmaq" xəyalı gerçək olardı.

Müqavilə heç vaxt qüvvəyə minmədi və mahiyyət etibarilə, 1923-cü il Lozanna Konfransı və Lozanna Sülh Müqaviləsinin imzalanmasından sonra fəaliyyətini dayandırdı.

Rusiya Siyasi Tədqiqatlar İnstitutunun rəhbəri Serqey Markov rəsmi Yerevanın Sevr müqaviləsini bərpa etmək təşəbbüsünü Ermənistan rəhbərliyinin və erməni diasporunun nəticəsiz xayalı kimi qiymətləndirir.

“Əlbəttə, bu, tamamilə mümkün deyil. Qüvvəyə minməyən Sevr müqaviləsinə görə, Ermənistan çox böyük ərazilərdən geri çəkməlidir” – politoloq 1news.az-a müsahibəsində dedi.

“Əlbətdə ki, ermənilərin Sevr müqaviləsi xoşlarına gedir, bu, onu göstərir ki, onların gələcəklə bağlı bu arzuları var. Əgər fürsət yaranarsa həmin əraziləri öz istəklərinə uyğun olaraq bölüşdürərlər” – deyə ekspert qeyd etdi.

“Bu, Ermənistan rəhbərliyinin Türkiyə rəhbərliyinə göndərdiyi bir mesajdır ki, Ermənistan əlinə fürsət düşən kimi, həmin əraziləri ələ keçirməyə hazırdır. Bu, həm də Gürcüstan rəhbərliyinə bir mesajdır. Yerevan Tiflislə "dostluğun" müvəqqəti olduğunu və Gürcüstan ərazilərinə qarşı iddialarının olduğunu açıq şəkildə bəyan edir ", - rusiyalı ekspert bildirib.

Ermənistan prezidentinin Ermənistanın 1923-cü il Lozanna Sülh Müqaviləsini imzalamayıb, “deməli, heç bir öhdəlik daşımır” açıqlamasını ekspert cəfəngiyyat adlandırıb:

"Əlbəttə, Ermənistan bu müqaviləni imzalaya bilməzdi, çünki 1921-ci il Moskva və Qars müqavilələrinə uyğun olaraq ərazi sərhədlərini və Türkiyə ilə münasibətlərini təyin edən SSRİ-nin təkibində Sovet Ermənistanı idi".

Politoloqun fikrincə, müqavilənin bərpası ilə bağlı hələ rəsmi təklif olmasa belə, bu mesaj rəsmi Yerevanın istəklərini, meyllərini və gələcək planlarını əks etdirir, əgər əlbəttə ki, Ermənistan güclənməyi bacararsa.

"Ermənistanda başa düşürlər ki, rəsmi olaraq bu təkliflə çıxış edə bilməzlər, Yerevanda hamıya qarşı geniş müharibəyə hazır deyillər və bunun məğlub olacağını yaxşı bilirlər. Əksinə, bunlar yalnız gələcək müharibələrin xəyallarıdır: əvvəlcə Azərbaycana, sonra Gürcüstana, Türkiyəyə qarşı... Onlar hamıya qarşı dərin düşmənçiliklərini ifadə edirlər" - deyə S.Markov qeyd edib.

Ümumiyyətlə, ekspertin fikrincə, Ermənistan prezidentinin və digər siyasi qüvvələrin bu açıqlamaları diplomatik uğursuzluqdur və nəticədə bu ölkənin siyasi təcridinə səbəb olacaqdır.

Tərcümə: S.Xankişiyeva

Paylaş:
914

Son xəbərlər

Bütün xəbərlər