Misir qəzeti ərəb dünyasının Azərbaycanla iqtisadi əməkdaşlığının perspektivlərindən yazır

Misirin “Aldiplomasy” qəzetində Misir və digər ərəb ölkələrinin Azərbaycanla iqtisadi əməkdaşlığının perspektivlərindən bəhs edən geniş məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, qəzetin baş redaktoru Əşrəf Əbu Ureyfin müəllifi olduğu “Azərbaycanın perspektivli və strateji iqtisadi kursu Misir və ərəb sərmayəçilərini cəlb edir” sərlövhəli məqalədə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu enerji və kommunikasiya layihələri, xüsusən Ələt Azad İqtisadi Zonasından bəhs edilir.
Müəllif qeyd edir ki, hələ 2018-ci ildə iki ölkə arasında Süveyş Kanalı İqtisadi Zonasına, Misirin və Azərbaycanın investisiya mühitinə dair təqdimatlar keçirilib. Qahirə strateji əhəmiyyətə malik olan Ələt Azad İqtisadi Zonasına da böyük maraq göstərir. Artıq Avropa ilə Asiya arasında nəqliyyat habına çevrilən Azərbaycan iqtisadiyyatı 2004-2019-cu illərdə 3,4 dəfə böyüyüb, strateji valyuta ehtiyatları isə 27,6 dəfə artıb. Dünya İqtisadi Forumu və digər beynəlxalq təşkilatlar bu inkişafı öz hesabatlarında qeyd ediblər.
Məqalədə Azərbaycanla Misir arasında iqtisadi əməkdaşlıqla yanaşı, turizm sahəsində də əlaqələrin möhkəmləndiyi qeyd olunub. Müəllif ötən ilin oktyabrında iki ölkənin Xarici İşlər nazirlərinin bu məsələyə dair apardıqları müzakirələri, 2018-ci ilin noyabrında Bakı ilə Şarm əl-Şeyx arasında birbaşa aviareyslərin açılmasını bu sahədə atılan mühüm addımlar kimi vurğulayıb.
Baş redaktor Misir və Azərbaycanın ticarət həcmini 7 milyard dollara çatdırmaq barədə planlarını da xüsusi olaraq qeyd edib. O, həmçinin Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri şirkətlərinin də Azərbaycanla alternativ və bərpa olunan enerji mənbələri üzrə əməkdaşlığa dair sazişlər imzaladıqlarını diqqətə çatdırıb. Əlavə edib ki, Körfəz Əməkdaşlığı Şurası dövlətlərinin, onların şirkətlərinin böyük iqtisadi potensiala malik olan Azərbaycanla əməkdaşlığı bütün tərəflər üçün sərfəlidir.
S.Xankişiyeva