Ərdoğan Azərbaycana gələcək - YENİLƏNİB | 1news.az | Xəbərlər
Siyasət

Ərdoğan Azərbaycana gələcək - YENİLƏNİB

1news Redaksiyası13:24 - Bu gün
Ərdoğan Azərbaycana gələcək - YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır.

1news.az xəbər verir ki, Ərdoğan bu barədə Cənubi Koreyaya rəsmi səfərindən qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Azərbaycanla münasibətlərin hazırkı vəziyyəti və iki ölkə arasında böhran yaşandığına dair iddialarla bağlı suala cavab verən Türkiyə Prezidenti noyabrın 8-də Azərbaycana səfər etməyi düşündüyünü bildirib.

“Əgər fövqəladə bir vəziyyət yaranmasa, noyabrın 8-də Azərbaycana səfər etməyi düşünürəm. İnşallah, bu səfər çərçivəsində lazımi addımları atmaq imkanımız olacaq.

Azərbaycan Prezidenti cənab İlham Əliyevlə artıq telefon danışığım olub. Bundan əlavə, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbərini, eləcə də xarici işlər nazirimi Azərbaycana göndərmişəm. Eyni zamanda, İlham bəylə, eləcə də xanımlarımız arasında telefon diplomatiyası həyata keçirilib və davam edir. Onlar da noyabrın 8-də qeyd olunacaq Zəfər Gününə böyük əhəmiyyət verirlər.

Hər zaman deyirəm ki, Azərbaycanla münasibətlərimiz klassik diplomatik təmaslardan çox-çox kənardadır. İki ölkə arasındakı qırılmaz bağ ortaq tariximizin, mədəniyyətimizin, taleyimizin və inşallah, gələcəyimizin məhsuludur. Türkiyə və Azərbaycan qardaşlığının, Allaha şükürlər olsun ki, aşa bilməyəcəyi heç bir maneə yoxdur”, – deyə Ərdoğan vurğulayıb.

****

12:43

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.

1news.az xəbər verir ki, bu barədə Oxu.Az məlumat yayıb.

Məlumata görə, Türkiyə Prezidenti 8 Noyabr – Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək.

Qeyd edək ki, Ərdoğanın Azərbaycana səfəri ilə bağlı məlumat hələlik rəsmi təsdiqini tapmayıb.

Paylaş:
139

Son xəbərlər

Bütün xəbərlər