QHT-lərə elektron xidmətlərin göstərilməsi ilə bağlı fərmanda dəyişiklik edildi
Prezident İlham Əliyev “Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 20 noyabr tarixli 26 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, fərmanla “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 30 iyun tarixli 156-VIQD nömrəli və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 30 iyun tarixli 157-VIQD nömrəli qanunlarının icrası ilə əlaqədar qərara alınır ki, “Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 20 noyabr tarixli 26 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilsin:
3.3-cü bənd aşağıdakı redaksiyada verilsin:
“3.3. qeyri-hökumət təşkilatları tərəfindən qrant müqavilələrinin (qərarlarının), xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrinin qeydə alınmaq üçün təqdim edilməsi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən qeydə alınması və qrantların, xidmət müqavilələrinin və ianələrin reyestrinə daxil edilməsi;”.
Aşağıdakı məzmunda 3.3-1-ci və 3.3-2-ci bəndlər əlavə edilsin:
“3.3-1. qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatların qeyri-hökumət təşkilatları tərəfindən təqdim edilməsi və bu məlumatların Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən qrantların, xidmət müqavilələrinin və ianələrin reyestrinə daxil edilməsi;
3.3-2. qeyri-hökumət təşkilatlarının təsis sənədlərində edilən dəyişikliklərin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliklərinin dövlət qeydiyyatı;”.
S.Xankişiyeva