“Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevrəcək” – Vüqar Bayramov
Məlum olduğu kimi, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar.
Digər səfərlər kimi bu səfər də bir sıra mühüm məqamlarla, hadisələrlə əlamətdar oldu. Dövlət başçısı işğaldan azad olunan ərazilərdə aparılan yenidənqurma, tikinti işləri ilə tanış oldu.
Şübhəsiz ki, işğaldan azad olunan ərazilərdə həyata keçirilən irihəcmli tikinti və quruculuq işləri ümumilikdə Azərbaycan iqtisadiyyatının, eyni zamanda Zəngəzur dəhlizi vasitəsilə nəqliyyat infrastrukturunun inkişafına ciddi təkan verəcək.
Prezident İlham Əliyev Zəngilanda olan zaman sözügedən rayonun əlverişli coğrafi mövqedə yerləşdiyini deyərək, yaxın zamanda onun nəqliyyat qovşağına çevriləcəyini diqqətə çatdırıb:
“Zəngilan rayonunun coğrafi yerləşməsi və burada olan imkanlar təbii ki, Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Təsadüfi deyil ki, hava limanı məhz Zəngilanda inşa ediləcək. Çünki coğrafi vəziyyətə baxdıqda hər kəs görə bilər ki, Füzuli, Zəngilan və ondan sonra Laçın rayonunda inşa ediləcək üçüncü beynəlxalq hava limanı bütün Qarabağ və şərqi Zəngəzur zonasını Zəngilan daxil olmaq şərtilə əhatə edəcək. Buradan dəmir yolu, avtomobil yolu keçəcək, Naxçıvana yol açılacaq. Əlbəttə ki, Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafı üçün bu hava limanının böyük rolu olacaqdır”.
Dövlət başçısı Mincivanda olan zaman qəsəbədə yeni dəmir yolu xəttinin çəkiləcəyini və bu dəmir yolu ilə Şərqi Zəngəzurla Qərbi Zəngəzurun, o cümlədən Naxçıvanın birləşdiriləcəyini vurğulayıb:
“Mincivan qəsəbəsi qədim yaşayış məntəqəsidir. Orada dəmir yolu stansiyası var idi. Birinci Qarabağ müharibəsindən sonra ermənilər bütün dəmir yolunu söküb aparmışlar. O relslərin bir hissəsini satmışdılar, bir hissəsindən isə tank əleyhinə istehkamlar qurmuşdular. Biz indi yenidən dəmir yolunu çəkəcəyik. Bu işlərə start verildi. Mən bir müddət əvvəl Horadiz qəsəbəsində Horadiz-Ağbənd dəmir yolunun təməl daşını qoydum. Bu dəmir yolu Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə Zəngəzur dəhlizi vasitəsilə birləşdirəcəkdir. Əslində, Zəngilan rayonu coğrafi baxımdan Şərqi Zəngəzur mahalında yerləşir və Şərqi Zəngəzuru Qərbi Zəngəzurla birləşdirib Naxçıvana dəmir yolu açacağıq və həmçinin avtomobil yolu açılmalıdır”.
Dövlət başçısı Mincivan dəmir yolu stansiyasının binasının da yenidən qurulaağını söyləyib:
“Ermənilər bütün binalarımızı - ictimai binaları, evləri, məscidləri, muzeyləri dağıdıblar, söküblər, talayıblar, daşları oğurlayıb aparıblar, özləri üçün evlər tikiblər. Biz onları buradan qovduq. Burada şiddətli döyüşlər gedib. Mincivan qəsəbəsi uğrunda şiddətli döyüşlər gedirdi. Bizim Silahlı Qüvvələrimiz burada böyük qəhrəmanlıq göstərdi, düşməni buradan qovdu və Mincivan qəsəbəsini azad etdi. Bundan sonra Ermənistan sərhədinə qədər, Ağbənd qəsəbəsinə qədər uğurla irəliləyərək düşməni torpağımızdan çıxartdı. İndi dəmir yolu yenidən qurulacaq, vağzal da, həmçinin. Dəmir yolunun yenidən qurulması prosesinə start verildi. Horadizdən Ağbəndə qədər dəmir yolu çəkiləcək. Ondan sonra Zəngəzur dəhlizi ilə dəmir yolu Naxçıvan Muxtar Respublikasına qədər uzadılacaq. Zəngilan coğrafi nöqteyi-nəzərdən Şərqi Zəngəzur bölgəsinə aiddir və Şərqi Zəngəzurda yerləşir. Qərbi Zəngəzur da bizim tarixi torpaqlarımızdır və o torpaqlardan Zəngəzur dəhlizi keçəcəkdir. Beləliklə, Azərbaycanın əsas hissəsi Naxçıvan Muxtar Respublikası ilə dəmir yolu vasitəsilə birləşəcək”.
Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, Horadiz-Ağbənd dəmir yolu xətti ölkəmiz üçün həm strateji, həm də ciddi iqtisadi əhəmiyyətə malik olmaqla yanaşı Zəngəzur dəhlizinin əsas elementlərindən biri olacaq:
“Azərbaycan Prezidenti cənab İlham Əliyev Zəngilan rayonuna səfəri zamanı Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlinin qoyulduğunu və bu dəmiryolunun Azərbaycanın əsas hissəsini Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana birləşdirəcəyini bəyan edib. Ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolu xətti ölkəmiz üçün həm strateji, həm də ciddi iqtisadi əhəmiyyətə malik olmaqla yanaşı Zəngəzur dəhlizinin əsas elementlərindən biri olacaq.
Artıq dəmiryolunun inşaatı ilə bağlı işlər gedir. Bu dəmir yolu xətti işğaldan azad olunan ərazilərimizə gediş-gəlişi daha da asanlaşdıracaq və vətəndaşlarımız alternativ nəqliyyat imkanından istifadə edə biləcəklər. Bərpa və yenidənqurma prosesindən sonra işğaldan azad olunan ərazilərimizə getmək istəyənlərin sayının çox olacağını nəzərə aldıqda bu nəqliyyat infrastrukturunun üstünlüklərini təsəvvür etmək çətin olmaz”.
V.Bayramov bildirib ki, dəmir yolu nəqliyyatının inkişaf etdirilməsi kontekstində Zəngəzur dəhlizinin istifadəyə verilməsi praktik olaraq Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevrəcək:
“Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq.
Dəhliz həm də Azərbaycanın qərb hissəsində fəaliyyət göstərən iş adamları ilə Naxçıvandakı iş adamları arasında əlaqələrin, əməkdaşlığın qurulması baxımından vacibdir ki, bu da qısa vaxtda məhsulların nəql edilməsinə imkan yaradacaq. Bunun Azərbaycanın iqtisadi inkişafına, eləcə də Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatına müsbət təsirləri olacaq.
Zəngəzur dəhlizi ilə yalnız dəmir yolu deyil, eyni zamanda avtomobil yolunun da istifadəyə veriləcəyi gözlənilir”.
1news.az