Ombudsman Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair HESABAT hazırlayıb
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabat hazırlayıb.
1news.az bildirir ki, hesabat Ermənistanda və onun hüdudlarından kənarda azərbaycanlılara qarşı uzun illər aparılan, etnik zəmində nifrəti təbliğ edən siyasətin yol açdığı insan hüquqları pozuntularını dünya ictimaiyyətinə çatdırmaq, bu nifrət əsaslı siyasətin qarşısının alınması istiqamətində tədbirlərin görülməsi ilə bağlı çağırış etmək məqsədi daşıyır.
Hesabatın hazırlanmasında Ombudsmanın əldə etdiyi faktoloji materiallardan, sosial
media şəbəkələrində və mətbuatda yayımlanan etibarlı mənbələrdən alınmış
məlumatlardan istifadə olunub.
Hesabatda qeyd olunur ki, yeni ərazi iddiaları, Ermənistanın siyasi elitasının uzun illərdir regiondakı başqa millətlərə qarşı formalaşdırdığı nifrət ideologiyası etnik təmizləmə və işğalçılıq siyasəti ilə müşayiət olunmuşdur. Belə ki, davamlı olaraq tarixi faktları saxtalaşdıraraq erməni cəmiyyətində azərbaycanlılara qarşı yürüdülən nifrət və dözümsüzlüyü təşviq edən siyasət nəticəsində tarixin müxtəlif dövrlərində etnik təmizləmə, kütləvi qırğınlar və soyqırım cinayətləri törədilmişdir. Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini 30 ilə yaxın işğal altında saxlaması və 1 milyondan çox insanın doğma yurdlarından didərgin salınması uzun illər etnik zəmində azərbaycanlılara qarşı apardığı nifrət siyasətinin nə qədər təsirli gücə malik olduğunu göstərir. BMT, Avropa Şurası və digər müvafiq nüfuzlu beynəlxalq qurumların işğala son qoyulması ilə bağlı qəbul etdikləri sənədlərin tələblərinə baxmayaraq Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik nümayiş etdirərək özünün işğalçılıq siyasətini davam etdirmiş, insan hüquqlarını kütləvi və kobud şəkildə pozmuşdur. Ermənistan tərəfindən törədilən müharibə cinayətlərinə və insan hüquqları pozuntularına vaxtında beynəlxalq hüquqi qiymətin verilməməsi bu kimi halların davam etməsinə şərait yaratmışdır.
Hesabatda Ermənistan siyasi rəhbərliyinin, ekstremist qrupların və onların xaricdə yaşayan havadarlarının dəstəyi ilə həm milli, həm də beynəlxalq səviyyədə uzun illər apardıqları anti-Azərbaycan siyasəti nəticəsində baş vermiş insan hüquqları pozuntuları barədə məlumat verilir.
Bildirilir ki, Azərbaycan torpaqlarının parçalanmasını özündə ehtiva edən 1813, 1828-ci illərdə bağlanan Gülüstan və Türkmənçay müqavilələrinin bir digər məqsədi həmin torpaqlarda çar Rusiyasının özünə ermənilərdən ibarət "etnik dayaq" yaratması idi. Belə ki, həmin dövrlərdə Azərbaycan ərazisində aparılan siyahıyaalma sənədlərində hər növbəti il daha çox erməni ailəsinin Azərbaycanın Naxçıvan, Dağlıq Qarabağ və ətrafına, o cümlədən İrəvan və Zəngəzur əyalətinə köçürüldüyü o dövrün sənədlərində və xəritələrində öz əksini tapmışdır.
Etnik dayaq Azərbaycan türklərinin Osmanlı dövləti ilə əlaqələrinin güclənməsinin qarşısının alınması və Rusiya İmperiyasının İran körfəzinə çıxışına əngəl olacaq qüvvənin zəiflədilməsi məqsədilə yaradılmışdır. Rus diplomat Qriboyedov ermənilərin Osmanlıdan, İranın Xoy, Marağa, Salmas kimi şəhərlərindən Naxçıvan, İrəvan və Qarabağ əyalətlərinə köçürülməsinə göstəriş vermişdir. Belə ki, 1828-ci ildə ermənilərin İran və Anadoludan toplu şəkildə köçürülməsini nəzərdə tutan Türkmənçay müqaviləsindən sonra 1870-ci ildə Rusiya İmperiyası tərəfindən yayımlanan "Ermənistanın" etnik xəritəsi belədir:
Bu köçürülmələr özündə sərhəd ərazilərdə siyasi və etnik dayaq yaradılması məqsədini güdür, əvəzində köçürüldükləri ərazilərdə öz dövlətlərini qurmaq üçün ermənilərə şans verilirdi. 1905-ci ildən başlayaraq qərb torpaqlarında azərbaycanlılara qarşı qərəzli münasibət və ayrı-seçkilik kimi halların yaranması, o cümlədən onlara qarşı müəyyən psixoloji və silahlı hücumların edilməsi etnik zəmində qarşıdurmaları yaradan səbəblərdən idi.
Sənəddə vurğulanır ki,Azərbaycanlılara qarşı tətbiq edilən ayrı-seçkilik siyasəti və iki xalq arasında qarşıdurma yaratmaqda maraqlı olan qüvvələr, o cümlədən erməni təxribatçı qruplar müxtəlif illərdə o dövrkü hakim qüvvələrin azərbaycanlılara qarşı deportasiya siyasəti tətbiq etməsinə nail olmuşlar. Əlverişli torpaqlardan quraq ərazilərə köçürülən azərbaycanlıların sərt iqlim dəyişikliyinə keçidi sağlamlıqlarında müxtəlif problemlər yaratmış, hətta onların intihar dərəcəsinə çatdırılması məlum olmuşdur.
Həmçinin qeyd olunur ki, anti-Azərbaycan təbliğatı təkcə Ermənistanda deyil, o cümlədən dünyanın müxtəlif yerlərində yaşayan erməni əsilli şəxslər arasında aparılır və onlar müharibəyə cəlb olunurdu. 1956-ci ildə erməni əsilli yazıçı O.A.Arutyunyanın İrəvanda dərc olunmuş "Xatirələr kitabı"nda daşnaklar tərəfindən "mümkünsə daha çox öldür, talan et, heç kimə rəhm etmə" şüarı altında azərbaycanlılara qarşı qəsdlər edilməsi və evlərindən qovulması qeyd edilir. Bu kimi "ziyalıların" etnik zəmində etdikləri nifrət çağırışları altında səfərbər olan ekstremist qruplar hələ daha çox cinayətlərə hazır olduqlarının işarəsini verirdilər.
1992-ci il fevralın 25-indən 26-sına keçən gecə Xocalı şəhərində insanlıq əleyhinə törədilmiş cinayət faktı Azərbaycan tarixinə soyqırım cinayəti kimi daxil olmuşdur. Belə ki, strateji baxımdan əlverişli mövqedə olan Xocalı şəhərinin işğal olunması Ermənistan üçün mühüm əhəmiyyət kəsb edirdi. Burada baş verən soyqırım hadisəsinin dəhşəti çəkilən foto və video yazılarda aydın şəkildə görünür. Böyük Britaniyanın "Reuters" agentliyi, "The Times", "The Guardian" qəzetləri, "BBC" telekanalları müharibə müxbirlərini həmin dövrdə Qarabağa ezam edərək törədilən cinayətləri arxivləşdirmişdir. Birinci Qarabağ müharibəsi dövründə amansızlıqla qətlə yetirilmiş azərbaycanlıların cəsədlərinin araşdırılması zamanı bu cinayətlərin xüsusi amansızlıqla törədildiyi məlum olmuşdur. Belə ki, aşağıdakı linkdə cəsədlər üzərində törədilmiş qeyri-insani davranışlar dünya tarixində ilk dəfə erməni təxribatçıları tərəfindən etnik zəmində azərbaycanlılara qarşı törədilmişdir.
Hesabatın tam mətni ilə BURADAN tanış ola bilərsiniz!
1news.az