Rusiyanın tanınmış telerejissoru: İndi Heydər Əliyev kimi şəxsiyyətlər yoxdur - FOTO
“Heydər Əliyev dünya miqyaslı siyası xadim idi, indi belə şəxsiyyətlər yoxdur. Fəaliyyətim dövründə bu cür keyfiyyətlərə malik siyasi liderə bir daha rast gəlmədim”.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu Rusiya Federasiyasının Əməkdar İncəsənət Xadimi, tanınmış telerejissor Kaleriya Kislova müsahibəsində bildirib.
Məlumat: Kaleriya Venediktovna Kislova Sovet televiziyasının əfsanəsi sayılır. Yarım əsrdən çox televiziya sahəsində çalışan Kaleriya Kislova 30 ilə yaxın “Vremya” proqramının baş rejissoru olub. SSRİ-nin və Rusiyanın birinci şəxsləri – Leonid Brejnev, Yuri Andropov, Heydər Əliyev, Mixail Qorbaçov, Boris Yeltsin ilə işləyib. Birinci şəxslərin iştirakı ilə keçirilən dövlət tədbirlərinin televiziya yayımı məhz onun rəhbərliyi altında baş tutub.
Uzun müddət Heydər Əliyevlə çalışan Kaleriya Kislova onun haqqında xatirələrini bölüşüb:
“Bilirsiz, mən Heydər Əliyevlə olduqca uzun müddət işləmişəm. İlk dəfə mən 1978-ci ildə baş katib Leonid Brejnevin səfəri ilə bağlı yayım aparmaq üçün Bakıya gəldim. O vaxta qədər Bakıya olmağı çox arzulayırdım. Çünki heç vaxt olmamışdım. Özümlə iki operator və “PTS”-hərəkət edən televiziya stansiyası da gətirmişdim. Çünki mən Leonid Brejnevin Azərbaycana səfərinin televiziya yayımını aparmalıydım. O zaman bizi Azərbaycan Teleradiosunun sədri Elşad Quliyev qarşıladı. Biz kameraları quracağımız Qurultaylar sarayına getdik. Kameralardan birini Leonid Brejnevin çəkilməsi üçün quraşdırdım. Heydər Əliyev özü tədbirin keçiriləcəyi saraya gəldi, bütün telekameraları, onların necə yerləşdirildiyini şəxsən yoxladı. Bu, bizim Heydər Əliyevlə ilk tanışlığım idi. O, özü yaxınlaşaraq mənimlə tanış oldu və məndən kameraların düzülüşünü niyə dəyişdiyimi soruşdu. Mən çox təəccübləndim. Çünki onun verdiyi sual tipik olaraq televiziya sahəsinin peşəkarlarına aid idi. Mən ona kameranı ancaq Brejnevin görüntüsünə görə dəyişdiyimi söylədim. Heydər Əliyev hansı kamera ilə nəyi göstərəcəyimizi izah etməyi xahiş etdi. Sizə deyim ki, məni elə bir imtahana tutdu ki…Heydər Əliyev televiziya işini çox gözəl bilirdi. Mən onu hər bir kameranın yanına apardım. Heydər Əliyev bütün altı kameranı şəxsən yoxladı və operatorlarla söhbət edib onlara suallar verdi. O zaman mən bir aya yaxın Azərbaycanda qaldım. Respublikanın bütün şəhərlərini gəzdim. Elə Heydər Əliyevlə də şəxsi dostluğumuz o zamandan başladı”.
Kaleriya Kislova Heydər Əliyevin insani keyfiyyətlərindən danışaraq onun digər rəhbər vəzifələrdə çalışanlardan çox fərqləndiyini bildirib: “1981-ci ildə atamı itirdim, üstündən 3 ay keçməmiş anamı da itirdim...Mənim üçün çox ağır günlər idi. Novosibirskdə valideynlərimin evində idim. Bir də gördüm telefon zəng çalır. Şəhərlərarası zəng idi. Əmin idim ki, zəng Moskvadandır. Dəstəyi götürdüm. Dedilər ki, zəng Bakıdandır. Özüm-özümə fikirləşdim, Bakıda mənim Novosibirskdə olduğumu kim bilə bilər axı?! Fikirləşdim ki, yəqin səhvdi. Yox, səhv deyildi. Dəstəyin o biri başında olan kişi mənimlə Heydər Əliyevin danışacağını söylədi. Heydər Əliyev ilk olaraq öz və Zərifə Əliyeva adından başsağlığı verdi. Sonra soruşdu: Deyin, sizə nə kömək edə bilərəm? Başa düşürəm ki, siz orada təksiniz, sizin üçün indi ağır olar. Mən oraya adamlar göndərə bilərəm, sizə kömək edərlər”.
Mən çox həyəcanlanmışdım. Nə deyəcəyimi bilmirdim. Özümü toplayıb cavab verdim: “Təşəkkür edirəm, Heydər Əliyeviç. Çox sağ olun, heç nə lazım deyil”. Bu telefon zəngi və başsağlığı mənim üçün çox əlamətdar oldu, ona görə ki, mənim Novosibirskdə olduğumu yaxşı bilən moskvalı rəhbərlərimdən heç biri mənə zəng etməmişdi və belə sözlər deməmişdi. Hətta onların valideynlərimi itirdiyimdən belə xəbərləri yox idi. Sonra Moskvaya qayıdanda Heydər Əliyevin mənim valideynlərimin vəfatından necə xəbər tutduğunu öyrəndim. Azərbaycan televiziyasının rəhbəri Elşad Quliyev təsadüfən Moskvada olan vaxt bu xəbəri eşidibmiş. O da Heydər Əliyeva bu barədə bildirib. Heydər Əliyev isə bu xəbəri eşidən kimi Moskvaya, televiziyamızın rəhbəri, Sergey Lapinə zəng edib. Bunu mənə Lapin özü danışmışdı. O, valideynlərimin vəfatını Heydər Əliyevdən öyrənmişdi və təəccüb içində mənə deyirdi: “Biz ruslar necə adamlarıq, öz əməkdaşımızın problemindən xəbərimiz olmur”.
“Heydər Əliyev jurnalistlərə böyük diqqət yetirirdi, mətbuatın, televiziyanın, qələm sahiblərinin əhəmiyyətini yaxşı başa düşürdü”
Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini seçiləndən sonra tez-tez onunla ezamiyyətlərdə olduğunu xatırlayan Kaleriya Kislova dahi liderin jurnalistlərə böyük diqqət yetirdiyini, mətbuatın, televiziyanın, qələm sahiblərinin əhəmiyyətini yaxşı başa düşdüyünü vurğulayıb: “Heydər Əliyev keçmiş Sovet İttifaqının yeganə rəhbəri idi ki, ezamiyyətlərdə onu müşayiət edən jurnalistlərlə ünsiyyətdə olur, hətta onlarla bərabər nahar və şam yeməyi yeyirdi. O, həmişə insanların arasında olmağa çalışırdı. Belə vaxtlarda biz hətta müəyyən məsələləri müzakirə etməyə başlayırdıq, ya axşamçağı iş günü barədə öz təəssüratlarımızı, ya da səhər qarşıda bizi nələr gözləməsi barədə planlarımızı müzakirə edirdik. Çıxışlarının hansı hissənin televiziya, hansının isə TASS agentliyi üçün istifadə ediləcəyi barədə bizimlə məsləhətləşirdi”.
“Heydər Əliyev bütün rəhbər şəxslərdən fərqlənirdi”
50 illik fəaliyyəti dövründə çoxlu sayda birinci şəxslərlə çalışan tanınmış jurnalist Heydər Əliyevin həm şəxsi, insani, həm də siyasi fiqur kimi bütün rəhbər şəxslərdən fərqləndiyini bildirib: “O, hamısından fərqlənirdi. Heydər Əliyev hər cəhətdən son dərəcə gözəl insan idi. O, ilk növbədə insanlara münasibətilə fərqlənirdi. Heydər Əliyevə çoxlu sayda müraciətlər olurdu. O, heç bir zaman həmin müraciətləri cavabsız qoymazdı. Bir də Heydər Əliyev həmin dövrdə SSRİ-nin milli siyasətinin düzgün qurulmamasından çox narahat idi. Mən indi dərinə varmayacam. Lakin deməliyəm ki, Heydər Əliyevsiz Azərbaycanda vəziyyət çox dəyişmişdi. Mən Heydər Əliyevlə Şuşada olmuşdum. Hətta Stepanakertdə (Xankəndi-red) də olmuşduq. Görmüşdüm ki, onu orada necə sevirlər. İndi deyirlər ki, guya Stepanakertdə (Xankəndi-red) ancaq ermənilər yaşayıb. Xeyir, heç vaxt belə olmayıb. Muxtar vilayət o demək deyildi ki, orada ancaq bir millət yaşayır. Küçənin bir tərəfində azərbaycanlılar yaşayırdılar, digər tərəfində ermənilər. Sonra birdən orada yanğın başladı. Mənə elə gəlir ki, bu, kiməsə lazım idi. Mən siyasətçi deyiləm. Amma baş verənləri ona görə mühakimə edirəm ki, bu hadisələrə qədər Heydər Əliyevin orada necə mehriban qarşılandığını görmüşdüm”.
K.Kislova Heydər Əliyevlə 1993-cü ilin sentyabr ayında yenidən Moskvada, Böyük Kreml Sarayında qarşılaşdığını bildririb: “O zaman Heydər Əliyev artıq müstəqil Azərbaycanın Milli Məclisinin sədri idi, hələ prezident seçilməmişdi. Böyük Kreml Sarayında MDB ölkələrinin birgə tədbiri keçirilirdi. Biz, mətbuat nümayəndələri zalın kənarında dayanmışdıq. Bu zaman respublikaların nümayəndə heyətləri elan edildi. İlk olaraq Azərbaycan elan edildi və Heydər Əliyevin rəhbərliyi altında olan nümayəndə heyəti zala daxil oldu. Heydər Əliyev məni görən kimi üstümə gəldi, qucaqladı, hal-əhval tutduq. Növbəti nümayəndə heyəti protokolun bu cür olduğunu yəqin edib, onlar da mənim dayandığım tərəfə döndülər. Gürcüstan prezidenti Şevernadze, onun ardınca Tacikistan prezidenti də gəlib mənimlə görüşdülər. Təsəvvür edirsiz, Rusiya prezidenti Boris Yeltsin qalıb bir kənarda, nümayəndə heyətlərini salamlamağı gözləyir, nümayəndə heyətləri isə mənimlə görüşürlər. Baxın, Heydər Əliyev belə insan idi. Heç nəyi unutmurdu, heç bir şey onun diqqətindən kənarda qala bilməzdi”.