İqlim dəyişikliyi fonunda koronavirusla mübarizədə yeni qərarlara ehtiyac duyulur
2020-ci ildə elan olunmuş COVİD-19 pandemiyası dünya iqtisadiyyatına mənfi təsir göstərmişdir.
Bir sıra inkişaf etmiş dövlətlərin rəsmi beynəlxalq hesabatlarda əks olunan göstəricilərinə əsasən pandemiya dünyada xeyli iqtisadi geriləməyə səbəb olmuşdur. Azərbaycan Hökümətinin 2020-ci il Hesabatında da koronavirus pandemiyasının iqtisadiyyatımıza təsir göstərdiyi və təqribən 4.5% geriləmənin müşahidə olunduğu qeyd olunmuşdur.
Prezident İlham Əliyevin göstərişi ilə yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargah qısa müddət ərzində mühüm qərarlar vermiş və ölkədə iqtisadi subyektlərin, vətəndaşların iş yerlərinin, pensiya və müavinətlərinin, həssas qrupu əhatə edən insanların, habelə ölkə vətəndaşlarının sağlamlıqlarının qorunması üçün kifayət qədər maliyyə vəsaiti dövlət büdcəsindən ayrılmışdır.
Səhiyyə sahəsində institutsional islahatlar aparılmış, pandemiya ilə mübarizədə beynəlxalq təcrübə öyrənilməklə yanaşı, ən müasir və qabaqcıl metodlar ölkə səhiyyəsinin yaxşılaşdırılmasına yönəlmişdir. Əsas məqsəd insan sağlamlığının qorunması, virusun yayılmasının qarşısının alınması və vaksinasiya prosesini təşkil etməklə mütəşəkkilliyi təmin etməkdir.
Nazirlər Kabineti yanında Operativ Qərargah, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) tərəfindən müxtəlif dövlətlərin hazırladığı vaksinlər ölkəyə gətirilmiş və pandemiyanın dalğalanmasının qarşısının alınmasında bütün səhiyyə işçilərimizin iştirakı ilə əməli tədbirlər görülmüşdür. Təsadüfi deyil ki, vurulan vaksinlərin sayına görə Azərbaycan MDB məkanında lider dövlətdir.
Hal-hazırda sağalanların yoluxanlara nisbətdə daha çox olması, qabaqlayıcı tədbirlərin tətbiqi karantin rejimi ilə bağlı yeni əlavə yumşaldıcı qərarların verilməsinə imkan yaradır. Yay mövsümünün başlaması, havaların isti keçməsi xəstəliyi olan yaşlı insanlarımızın səhhətində əlavə problemlər yaratdığından, eyni zamanda kənd təsərrüfatı ilə məşğul olan kəndçi və fermerlərimizin işlərinin asanlaşdırılması üçün açıq havada qoruyucu tibbi maskalardan istifadəyə dair yeni qərarların hazırlanmasına ehtiyac duyulur.
Həmçinin, yay mövsümündə açıq havada el şənliklərinin, zəruri və əhəmiyyət kəsb edən tədbirlərin keçirilməsi ilə bağlı da yeni qərarların verilməsinin və mexanizmlərin yaradılmasının faydalı olacağını düşünürəm.
Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 04 fevral 2021-ci il tarixində təşkil olunmuş onlayn dinləmədə Səhiyyə Nazirliyinin, İcbari Tibbi Siğorta üzrə Dövlət Agnetliyinin vəTƏBİB-in rəhbərlərinin məsələ ilə bağlı yay aylarında açıq havada qoruyucu tibbi maskadan istifadə qaydalarının yeniləşməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargaha təkliflərlə çıxış edəcəklərinə dair mesajlar səslənmişdir.
Düşünürəm ki, bu məsələlər bir tərəfdən hər bir vətəndaşın özünü və sağlamlığını qoruması üçün bütün gigiyena tədbirlərindən istifadə etməsinə, digər tərəfdən də iqlim dəyişikliyi fonunda yeniləşdirilmiş əlavə qərarların mənimsənilməsinə şərait yaratmaqla birlikdə bu virusa qalib gələcəyimizi təmin edəcəkdir.
Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı