İtaliyalı parlamentarilər Ermənistandan minalanmış ərazilərin xəritələrinin təhvil verilməsini tələb ediblər
İtaliyanın müxtəlif siyasi partiyalarından olan senator və deputatlar Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən ikisi jurnalist olmaqla, üç azərbaycanlı mülki şəxsin tank əleyhinə minaya düşərək həlak olması və hadisə zamanı daha dörd mülki şəxsin yaralanması ilə bağlı açıqlamalar verərək, Ermənistanın Azərbaycanın minalanmış ərazilərinin xəritələrini təqdim etməməsini kəskin şəkildə qınayıb və xəritələrin təcili olaraq Azərbaycana təhvil verilməsini tələb ediblər. Parlamentarilərin açıqlamaları onların sosial şəbəkə profillərində və İtaliyanın kütləvi informasiya vasitələrində dərc olunub.
1news.az AZƏRTAC--a istinadən xəbər verir ki, İtaliya Deputatlar Palatasının sədr müavini, "Yaşayan İtaliya" partiyasından olan deputat Ettore Rosato ölkənin ANSA və Agenzia Nova xəbər agentliklərinə açıqlamasında bildirib: “Ermənistan ilə Azərbaycan arasında münaqişə artıq bitmişdir. Növbəti qurbanların olmaması üçün çalışmaq hamının marağı və öhdəliyidir. Azərbaycanın təcili şəkildə öz torpaqlarını minalardan təmizləməsi üçün beynəlxalq ictimaiyyət minalanmış ərazilərin xəritələrinin bu ölkəyə təqdim edilməsinə nail olmalıdır. Aralarında iki jurnalist olmaqla, üç mülki şəxsin həlak olması ilə nəticələnən faciə bir daha təkrarlanmamalıdır”.
İtaliya Senatının Xarici əlaqələr daimi komissiyasının sədri “5 Ulduz Hərəkatı” partiyasından olan senator Vito Petrocelli özünün “Twitter” hesabında qeyd edib: "Artıq bitmiş, lakin hələ də ərazilərdə minaların qalmasına səbəb olan münaqişənin qurbanları ilə bağlı dərin hüznlə başsağlığı verirəm. Ermənistan tərəfindən minalanmış ərazilərin xəritələrinin dərhal təqdim olunacağına ümid edirəm".
İtaliya Senatında "İrəli İtaliya" partiyası siyasi qrupunun sədr müavini və Avropa Şurası Parlament Assambleyasında İtaliya nümayəndə heyətinin üzvü Maria Rizzotti isə “Agenzia Nova” xəbər agentliyinə açıqlamasında Ermənistan tərəfindən basdırılmış minanın partlaması nəticəsində aralarında iki jurnalist olmaqla, üç mülki şəxsin həyatını itirməsi, digər dörd nəfərin isə yaralanması xəbərinin onu dərindən kədərləndirdiyini bildirib. “Ermənistan tərəfindən minalanmış ərazilərin xəritələrinin təqdim olunması tələbimizi qətiyyətlə davam etdiririk. Belə ki, bununla ərazilərin minalardan təmizlənməsi prosesi baş tutsun və günahsız insanlar bir daha qurban verilməsin. Beynəlxalq hüquq dəfələrlə pozulub, artıq vaxtıdır ki, beynəlxalq ictimaiyyət aydın və sərt şəkildə Ermənistana tələb irəli sürsün”, - deyə senator Rizzotti vurğulayıb.
İtaliya Parlamentində İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının sədri "Leqa" partiyasından olan deputat Rossana Boldi özünün “Twitter” hesabında yazıb: “Təəssüf ki, bu gün minanın partlaması nəticəsində aralarında iki jurnalist olmaqla, üç mülki şəxs həlak olmuşdur. Bu, gözlənilən bir faciə idi. Ermənistan Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsi üçün xəritələri təqdim etməsə, bu faciənin təkrarlanmaq təhlükəsi var. Hər iki xalqın marağı naminə ərazilər minalardan təmizlənməli və təhlükəsiz hala salınmalıdır”.
İtaliya Senatının xarici əlaqələr daimi komissiyasında “5 Ulduz Hərəkatı” partiyası qrupunun rəhbəri senator Canluka Ferrara “Agenzia Nova” xəbər agentliyinə və “Politicamento Corretto” xəbər portalına açıqlamasında isə Ermənistan tərəfindən basdırılmış tank əleyhinə minanın partlaması nəticəsində aralarında iki jurnalist olmaqla, üç mülki şəxsin həyatını itirməsinin onda böyük məyusluq yaratdığını bildirib. O deyib: "Beynəlxalq hüquq tərəfindən Azərbaycanın əraziləri kimi tanınan azad edilmiş torpaqlarda artıq 35 minə yaxın mina zərərsizləşdirilmişdir. Son illərdə Ermənistan tərəfindən basdırılmış piyada əleyhinə minalar artıq çox sayda insanın ölümünə və yaralanmasına səbəb olmuşdur. Ermənistan tərəfindən həmin minaların yerlərini göstərən xəritələrin təqdim edilməsi ilə bu dəhşətli ölüm alətlərinin tezliklə zərərsizləşdirilməsi arzuolunandır. Bu günə qədər Ermənistan tərəfindən əməkdaşlıq niyyəti olmamışdır və bunun qurbanı mülki şəxslər, o cümlədən uşaqlar olmuşdur. Həmin ərazilərdə həqiqətən də yeni sülh mühiti qurmaq istəyi varsa, o zaman əməkdaşlıq etmək labüddür. Mən həmin əraziləri ziyarət etmişəm və ədalətsizliyin qurbanı olan Azərbaycan xalqının böyük acısının yaxından şahidi olmuşam. Həqiqətən istərdim ki, burada bir dönüş olsun, bu inadkarlıq müharibə cinayəti olmaqla bərabər, həm də ədalətsizdir”.
Faicəyə münasibət bildirən "İrəli İtaliya" partiyasının üzvü olan senator və Mərkəzi-Avropa Təşəbbüsü Parlament Assambelyasında İtaliya nümayəndə heyətinin üzvü Urania Papatheu isə “Agenzia Nova”, Ansa, “Askanews”, “La Presse”, “Dire, 9 Colonne” xəbər agenliklərinə açıqlamalarında vurğulayıb: “Azərbaycanın Kəlbəcər rayonunda erməni hərbiçiləri tərəfindən basdırılmış tank əleyhinə minanın partlaması nəticəsində aralarında iki jurnalist olmaqla, üç mülki şəxsin ölümü və digər dörd nəfərin yaralanması mülki əhaliyə qarşı növbəti dözülməz zorakılığı nümayiş etdirir. Artıq səhifəni çevirmək vaxtıdır. Rəsmi İrəvan azad edilmiş bölgələrdə minalanmış ərazilərin xəritələrini ən qısa zamanda təqdim etməlidir. Dəfələrlə bildirildiyi kimi, söhbət həmin torpaqlarda partlamamış minalar olan ərazilərdən gedir. Ermənistanın bu cür davranışı beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır”.
İtaliya Parlamentində Azərbaycan-İtaliya Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, "Leqa" partiyasından Senatın Xarici əlaqələr və emiqrasiya daimi komissiyasının üzvü, senator Stefano Luçidi isə “Agenzia Nova” xəbər agentliyinə açıqlamasında Cənubi Qafqaz bölgəsinin sülhə və sabitliyə ehtiyacı olduğunu, 30 illik Qarabağ münaqişəsinə son qoyan üçtərəfli bəyanatların müddəalarının təmin edilməsi üçün Azərbaycan ərazisində ermənilərin yerləşdirdiyi minaların xəritələrinin tam təhvil verilməsinin vacibliyini bildirib. Senator əlavə edib ki, bunun üçün beynəlxalq diplomatiya ictimaiyyəti Azərbaycanda mülki əhali arasında da ölüm hallarına səbəb olmuş piyada və tank əleyhinə dəhşətli minaların yerləşdirilməsi ilə bağlı xəritələrin Ermənistan tərəfindən təhvil verilməməsini qınamalı, Ermənistan Azərbaycan ərazilərinin tam şəkildə minalardan təmzlənməsinə imkan verməlidir.
İtaliya Senatının “5 Ulduz Hərəkat”" partiyasından olan üzvü Canluka Kastaldi isə “Agenzia Nova” xəbər agentliyinə açıqlamasında bildirib: “Azərbaycanın Kəlbəcər rayonunda aralarında iki jurnalist olmaqla, üç mülki şəxsin tank əleyhinə minanın partlaması nəticəsində həlak olması ilə bağlı başsağlığımı ifadə edirəm. Zorakılığın davamlı olaraq artmasından çox kədərləndim. Hamımız Qafqazda sülh üçün çalışmalıyıq. Minalanmış ərazilərin təmizlənməsi üçün xəritələrin təqdim edilməsi önəmlidir”.
Avropa Parlamentinin İtaliyadan olan üzvü Aldo Patriciello özünün “Facebook” səhifəsində İtaliyanın “Kmetro0” portalında dərc olunmuş Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin baş vermiş faciə ilə bağlı rəsmi açıqlamasını paylaşaraq yazıb: "Azərbaycanda tank əleyhinə minanın partlaması aralarında iki jurnalist olmaqla, üç mülki şəxsin ölümünə səbəb olub. Bu, sülhə təhdid yaradan ciddi faktdır. Hesab edirəm ki, Ermənistanın beynəlxalq ictimaiyyətin tələblərini yerinə yetirməli və minalanmış ərazilərin xəritələrinin ən qısa zamanda təqdim etməlidir. Hər iki xalq arasında sülh və təhlükəsizlik hamının birgə əməkdaşlığı ilə nəyin bahasına olursa-olsun təmin edilməlidir”.