Kamaləddin Qafarov: “Müttəfiqlik Bəyannaməsinin imzalanması Azərbaycanın siyasi həyatında möhtəşəm hadisədir”
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfər etməsi bütün dünyada güclü əks-səda doğuran, tarixi əhəmiyyət kəsb edən bir hadisədir".
Bu sözləri 1news.az saytına verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.
“Bu səfər bir tərəfdən ölkələrimiz və xalqlarımız arasında olan əsl dostluq və qardaşlıq münasibətlərinin daha bir nümayişi, digər tərəfdən də burada imzalanmş Müttəfiqlik Bəyannaməsi Azərbaycan- Türkiyə strateji əməkdaşlığının yeni, keyfiyyətcə daha yüksək mərhələyə keçidini təmin etdi. Eyni zamanda da, Şuşa Bəyannaməsi bölgədə, eləcə də bütün Cənubi Qafqaz regionunda bundan sonra sülhün və təhlükəsizliyin əsas qarantı kimi çıxış edə biləcək möhtəşəm hadisədir”.
Millət vəkili bildirib ki, iyunun 15-də Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən Şuşada imzalanmış Müttəfiqlik Bəyannaməsi ölkələrimizin müxtəlif sahələrdə imkanlarının birləşdirilməsini və maraqlarının birgə müdafiəsini nəzərdə tutan unikal tarixi sənəddir: “Faktiki olaraq Şuşa Bəyannaməsi Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarının strateji müttəfiqlik konsepsiyasına çevrilməsini təsdiq edən bir tarixi hadisə oldu. Artıq Türkiyə və Azərbaycan sadəcə dost və qardaş ölkələr deyil, həm də strateji müttəfiqlərdir. Bu müttəfiqliyin ən önəmli tərəfi də məhz hərbi sahədə əməkdaşlığın təmin edilməsidir. Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri də öz əksini tapır. Möhtərəm dövlət başçımızın da öz çıxışında dediyi kimi, bu, tarixi nailiyyətdir. Artıq bütün dünya bilməlidir ki, Azərbaycan və Türkiyə bundan sonra da hər zaman bir yerdə olacaq, bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq. Lakin bütün bu deyilənlərə rəğmən, Şuşa Bəyannaməsinin ölkələrimiz və xalqlarımız üçün əhəmiyyətini tam olduğu qədər dəyərləndirmək bu gün qeyri-mümkündür. Çünki bu Bəyannamə mahiyyət etibarı ilə gələcəyimizə, hər iki ölkənin stabil, inkişaf edən və təhlükəsiz gələcəyinə hesablanmış bir sənəddir. Birmənalı olaraq Şuşa Bəyannaməsini Azərbaycan və Türk xalqlarının şanlı keçmişinə bir sədaqət və gələcək nəsillərə ən dəyərli bir nəsihət nümunəsi olduğunu deyə bilərik”.
Kamaləddin Qafarov öz açıqlamasında belə bir məqamı da xüsusi olaraq vurğulayıb ki, Şuşa Bəyannaməsində Zəngəzur dəhlizi ilə bağlı konkret açıqlamaların yer alması Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıqların təhrif olunmasına yol verməyəcəyinə dair daha bir ciddi mesaj oldu: “Şuşa Bəyannaməsində diqqəti cəlb edən mühüm cəhətlərdən biri də bu sənəddə digər bir tarixi sənədə, yüz il bundan əvvəl imzalanmış Qars müqaviləsinə istinadların yer almasıdır. Son dərəcə önəmli bir məqamdır ki, Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Bu, heç şübhəsiz, İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi reallıqların təzahürlərindən biridir və Azərbaycan artıq bu reallıqların təhrif olunmasına qətiyyən tol verməyəcək. Ölkə Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, bu gün artıq Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizinin yaradılması istiqamətində konkret əməli işlər görülür. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması isə aparılan işlərin hər hansı bir qüvvələr tərəfindən əngəllənməsini artıq tamamilə qeyr-mümkün edir”.
Türkiyənin işğaldan azad olunmuş ərazilərdə aparılacaq bərpa-quruculuq işlərində aparıcı rol oynayacağına əmin olduğunu deyən Kamaləddin Qafarov Şuşa şəhərində qardaş ölkənin baş konsulluğunun açılmasının həm də məhz bu məsələ ilə əlaqəli olduğunu qeyd edib: “Təbii ki, Şuşada imzalanmış Müttəfiqlik Bəyannaməsi, bütün digər sahələrdə olduğu kimi, ölkələrimiz arasında diplomatik münasibətlərin də yeni səviyyəyə keçidini şərtləndirir.
Bu baxımdan Şuşa şəhərində qardaş Türkiyənin baş konsulluğunun açılmasına dair qəbul olunmuş qərar böyük əhəmiyyət kəsb edir. Bu qərar iki ölkə arasında diplomatik münasibətləri dərinləşdirməklə yanaşı, həm də iqtisadi hədəfləri də nəzərdə tutur. Belə ki,bu gün işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur Həm də bu işlərdə Türkiyə şirkətləri aparıcı rollardan birinə sahibdir. Düşünürəm ki, Şuşada Türkiyənin baş konsulluğunun açılması da qardaş ölkənin işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərində bundan sonra daha böyük rol oynayacağından xəbər verir”.