Vüqar Rəhimzadə: Rusiya sülhməramlıları onlara qarşı etimadsızlıq mühitinin yaranmasına rəvac verməməlidir | 1news.az | Xəbərlər
Siyasət

Vüqar Rəhimzadə: Rusiya sülhməramlıları onlara qarşı etimadsızlıq mühitinin yaranmasına rəvac verməməlidir

S.Xankişiyeva16:40 - 12 / 08 / 2021
Vüqar Rəhimzadə: Rusiya sülhməramlıları onlara qarşı etimadsızlıq mühitinin yaranmasına rəvac verməməlidir

“10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından 9 ay keçməsinə baxmayaraq Ermənistanın bu razılaşmanın müddəalarının icrasına hələ də laqeyd münasibət sərgiləməsi regionda sülhün və təhlükəısizliyin bərpa olunmasına ciddi təhdidlər yaradır.

Hələ də keçmişin nostalgiyası ilə yaşayan, Dağlıq Qarabağ münaqişəsinin başa çatmadığı barədə özündə utopik fikirlər formalaşdıran, himayədarlarının dəstəyi hesabına belə sərsəm düşüncələri ilə gündəmdə qalmağı yeganə çıxış yolu hesab edən işğalçı Ermənistan düşdüyü ağır vəziyyətin səbəblərini düzgün dəyərləndirməyi, daha dəqiq desək, ədalət meyarını nəzərə almağı bacarsa, 30 ildən artıq davam edən işğalçılıq siyasətinin onu hansı çətinliklərlə üz-üzə qoyduğunun fərqində olar. Ermənistan Azərbaycanla dövlət sərhədində atəşkəs rejimini mütəmadi pozaraq təxribatlar törətməklə, bayağı, yoxsul düşüncənin məhsulu olan bəyanatları səsləndirməklə nəyəsə nail olmağın mümkünsüzlüyünün fərqindədir.

Ən azı o səbəbdən ki, Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində yenilməz o məşhur dəmir yumruğun nəyə qadir olduğunu işğalçıya və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi. Ermənistanın hazırda yeganə çıxış yolu Azərbaycanın tarixi Zəfərinin yaratdığı reallıqlarla barışıb regional əməkdaşlıq formatına qoşulmaqdır. Bunun üçün sülh müqaviləsinin imzalanması, 10 noyabr Bəyanatının şərtlərinə uyğun olaraq minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməsi, kommunikasiyaların bərpası ən vacib şərtlərdir. Amma son 9 ayın reallıqları təsdiqləyir ki, işğalçı dövlətin rəhbərliyi nə ölkəsinin, nə də xalqının gələcəyi barədə düşünmək iqtidarında deyil. Belə bir vəziyyətdə müstəqilliyi formal xarakter daşıyan, bu və ya digər beynəlxalq güclərin əlində alətə çevrilən bir dövlətin gələcəyi ilə bağlı nikbin proqnozlar vermək çətindir.”

1news.az-ın verdiyi xəbərə görə, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə diqqəti üçtərəfli Bəyanata uyğun olaraq, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tam şəkildə Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarılmasının təmin olunması məsələsinə yönəldib. Bildirib ki, işğalçı dövlət nəinki bu günədək belə bir addımı atmaq barədə düşünməyib, əksinə üçtərəfli Bəyanatın tələblərini kobud şəkildə pozaraq öz silahlı qüvvələrinin şəxsi heyətini Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə daşıyır: “Həmçinin Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında, eləcə də Kəlbəcər və Laçın rayonlarının inzibati hüdudlarının şərq istiqamətindəki ərazilərdə yeni erməni postlarını qoyması halları müşahidə olunur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatında da bu faktlar öz əksini tapıb. Xüsusi vurğulanıb ki, Ermənistan tərəfi məqsədyönlü şəkildə vəziyyətin gərginləşdirilməsi üçün bu kimi təxribatlara əl atır.”

Baş redaktor qeyd edib ki, Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyanın son əmri də bir çox məqamlara aydınlıq gətirir: “Belə ki, Ermənistanın müdafiə naziri Arşak Karapetyan Azərbaycan əsgərlərinin Ermənistan sərhədlərini keçəcəyi təqdirdə məhv edilməsi, həmçinin buna imkan verən erməni hərbcilərinin də çox sərt cəzalandırılacağı ilə bağlı əmr imzalayıb. Göründüyü kimi, Ermənistan tərəfi belə təxribat xarakteri daşıyan addımları ilə özünün çirkin niyyətlərini həyata keçirməyə imkan yaratmağa çalışır. Belə fikir formalaşdırmaq istəyirlər ki, guya Azərbaycan Silahlı Qüvvələri Ermənistan sərhədini keçmək niyyətindədir. Bütün bu fikirlərin cəfəngiyyatdan başqa bir şey olmadığı hamıya məlumdur. Müzəffər Azərbaycan Orducunun Ermənistan sərhədini keçmək niyyəti yoxdur. Əgər Azərbaycan Ordusunun belə bir niyyət və məqsədi olsaydı Qarabağ Zəfərinin müjdəçisi olan Tovuz hadisələri zamanı, eyni zamanda, 44 günlük İkinci Qarabağ müharibəsi dövründə çox asanlıqla reallaşdıra bilərdi.”

“Bu günün reallıqları heç də Ermənistanın apardığı sərsəm təbliğata uyğun deyil” deyən Vüqar Rəhimzadə bildirib ki, bu kimi bəyanatlar Ermənistan müdafiə nazirinin ordusunun potensial imkanından narahatlığının da aydın mənzərəsini yaradır: “ Ermənistan rəsmisi çox yaxşı bilir ki, illərdir himayədarlarının dəstəyi hesabına silahlanmış ordusu İkinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən tamamilə darmadağın edilib. Təbii ki, belə bir şəraitdə “yenilməz erməni ordusu”ndan söhbət belə gedə bilməz. Buna əmin olmaq üçün Vətən müharibəsində Azərbaycan Ordusunun məhv etdiyi, yaxud qənimət kimi götürdüyü erməni hərbi texnikasına, silah-sursata və onların qiymət baxımından dəyərləndirilməsinə nəzər yetirmək kifayətdir. Yoxsul ölkə bunları almaq imkanında ola bilməzdi. Açıq-aşkar Ermənistanın himayədarları tərəfindən silahlandığı bəlli oldu. Bu da danılmaz faktdır ki, dağıdılmış, məhv edilmiş Ermənistan silahlı qüvvələrinin yenidən formalaşması üçün ən azı onilliklər gərəkdir.”

V.Rəhimzadə əsas diqqəti Ermənistanın 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarının yerinə yetirilməsində üzərinə böyük məsuliyyət düşən Rusiya Federasiyası sülhməramlı qüvvələrinin fəaliyyətinə yönəldib. Xüsusi vurğulayıb ki, bölgədə sülhün, təhlükəsizliyin təmin olunması məqsədilə fəaliyyətə başlayan Rusiya sülhməramlılarının üzərilərinə düşən missiyadan kənar addımlar atması yolverilməzdir: “Bu gün adından da göründüyü kimi, mandatı regionda sülh və təhlükəsizlik mühiti yaratmaqdan ibarət olan Rusiya sülhməramlılarının Bəyanatın tələblərinin icrasına dəstək olması gərəkdir. Təəssüf ki, bunun əksinə olaraq Ermənistana çirkin niyyətinin icrasında yardım göstərməsi Azərbaycan cəmiyyətində Rusiya sülhməramlılarının fəaliyyəti barədə müxtəlif fikirlərin yaranmasına, onlara qarşı etimadsızlıq mühitinin formalaşmasına səbəb olur.

Hesab edirəm ki, bu baxımdan Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Moskvada Ermənistanın müdafiə naziri Arşak Karapetyanı qəbul edərkən “Ermənistan ordusunun modernləşdirilməsinə köməyi davam etdirməyə hazırıq” bəyanatı da bir çox gizli məqamlara aydınlıq gətirir. Rusiyanın müdafiə naziri bildirib ki, Rusiya həm ikitərəfli formada, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Ermənistanla hərbi sahədə qarşılıqlı əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Belə bir bəyanatın səsləndirilməsi, fikrimcə, Rusiyanın daim bəyan etdiyi regionda sülhyaratmaq niyyətinin fəlsəfəsinə tamamilə ziddir.

Halbuki, həm tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirməli olan ATƏT-in Minsk qrupunun həmsədri, həm də 10 noyabr üçtərəfli Bəyanatının imzalanmasında təşəbbüskar və vasitəçi tərəf kimi Rusiya birtərəfli qaydada işğalçı Ermənistanın təcavüzkar siyasətinə dəstək olmaq əvəzinə postmüharibə dövrünün reallıqlarının həyata keçirilməsinə öz töhfələrini verməlidir. Məlumdur ki, Rusiya sülhməramlılarının ərazilərimizdə yerləşdirilməsi Azərbaycanın dost ölkəyə etimadının göstəricilərindən biridir. Azərbaycan Müdafiə Nazirliyinin məlumatında da bu məqam xüsusi qeyd olunur ki, Rusiya Federasiyasının sülhməramlı qüvvələri üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymalıdır.”

Paylaş:
685

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər