“11 avqust hadisələri regionda gərginliyin olmasına işarədir” - Millət vəkilindən sərt reaksiya
Avqustun 11-i saat 01:05-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonu Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Bundan başqa avqustun 11-də baş verən digər iki hadisə - Azərbaycana məxsus ərazidə rus sülhməramlılarının dəstəyi ilə erməni ordusunun postlar qurması və İrandan Ermənistana yük maşınları ilə daşınan yardımlar regionda çox qəliz, mürəkkəb proseslərin getdiyindən xəbər verir. Bu da təbii ki, bir sıra məsələlərin ortaya çıxması üçün əsaslar yaradır”.
Bunu 1news.az-a açıqlamasında millət vəkili Elman Nəsirov bildirdi. Müsahibim məlum hadisələrlə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin sərt bəyanat qəbul etməsi məsələsinə də toxundu.
“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bəyanatında erməni lobbisinin 2020-ci ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli sənədin dördüncü bəndinin yerinə yetirmədiyi ilə bağlı narahatlığını ifadə edib. Həmin bəndə görə erməni silahlı qüvvələrinin tör-töküntüləri Qarabağ ərazisini tərk etməli idi. Həmin bəyanatda qeyd olunur ki, bu nəinki baş vermir, eyni zamanda təkzibedilməz faktlar var ki, Ermənistan ərazisindən Rusiya sülhməramlılarının dəstəyi ilə erməni silahlı qüvvələri yenidən Qarabağ ərazisində yerləşdirilməkdədir. Daha dəqiq desək, Muxtarkənd, Şuşakənd ətrafında postlar qurulur. Eyni zamanda Laçın və Zəngilan rayonlarının Şərq hissəsində belə erməni postları qurulmaqdadır. Bu, noyabrın 10-da imzalanmış bəyanata tam ziddir. Buna görə rus sülhməramlıları ciddi məsuliyyət daşıyırlar. Müdafiyə Nazirliyinin məlum sərt bəyanatında o da vurğulanır ki, baş vermiş hadisəyə görə bütün məsuliyyət qarşı tərəfin üzərinə düşür”.
Millət vəkili elə həmin gün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin İrana da nota göndərdiyini qeyd edib:
“İranın Azərbaycandakı səfiri XİN-ə dəvət edildi. Ona bildirildi ki, Azərbaycan tərəfində təkzibedilməz faktlar mövcuddur ki, İran ərazisindən yük maşınları ilə Qarabağa təyinatı məlum olunmayan yüklər daşınır. Bu Azərbaycanın icazəsi olmadan baş verir. Birbaşa İranın Ermənistana dəstəyi bu halda öz ifadəsini tapır. Bu qəbuledilməzdir və heç bir halda Azərbaycanla İran arasında ənənəvi mehriban qonşuluq və dostluq münasibətlərinə uyğun gəlmir, əksinə bu münasibətlərə xələl gətirir. Eyni zamanda prezident İlham Əliyev də bu məsələlərlə bağlı son çıxışlarında qeyd etdi ki, 3-cü ölkənin ərazisindən ermənilərə dəstək üçün daşınan yük maşınlarının nömrələri də erməni nömrələri ilə dəyişdirilir ki, iz itsin. Amma bizim əlimizdə dəqiq sübutlar, faktlar var. Bu da heç şübhəsiz ki, Azərbaycan - İran münasibətlərinə xələl gətirir.
Bundan başqa elə həmin gün avqustun 11-də Rusiyanın Müdafiyə naziri Sergey Şoyqu Ermənistanın yeni Müdafiyə naziri ilə görüşüb. Bu görüşdə Ermənistan ordusunun modernləşməsinə Rusiyanın ciddi dəstək verəcəyi ifadə edildi və Ermənistanın Rusiyanın asan strateji hərbi müttəfiqi kimi adlandırdı. Təbii ki, bu da Ermənistanda revanşizm duyğularını gücləndirən haldır və istər 10 noyabr, istərsə də 11 yanvar sənədlərinin işlənməsi üçün çox ciddi əngəllər yaradan prosesdir. Bütün bunlar heç şübhəsiz ki, Azərbaycan ictimaiyyətini narahat edir. Bu məsələlərlə bağlı Azərbaycan MN və XİN açıq şəkildə sərt mövqe ifadə ediblər”.
E.Nəsirovun sözlərinə görə, bu reallıqlar fonunda Ermənistanın baş nazirinin Azərbaycanla danışıqlara hazır olduğunu və ATƏT-in Minsk qrupundan yeni təkiflər gözlədiyini bildirməsi növbəti təxribatdır.
“ATƏT öz ömrünü başa vurub, həmsədrlər münaqişənin həllinə heç bir köməklik göstərmədilər. Hətta işğalçının yanında yer aldılar. 44 günlük müharibə bütün həqiqətləri çılpaqlığı ilə üzə çıxartdı. Satatus məsələsi artıq həllini tapıb. Ali baş komandanın da dediyi kimi yoxdur. Artıq Qarabağ iqdisadi rayonu ilə də bağlı fərman imzalayıb. Bütün bunlardan sonra ATƏT hansı təklifi ortaya qoya bilər?!”- deyə, E. Nəsirov bildirdi.
Millət vəkili sonda xüsusilə vurğuladı ki, Paşinyan bu hərəkətləri ilə yalnız vaxt qazanmağa və öz çirkin oyunlarını həyata keçirməyə çalışır:
“Onun fikri regionda yeni gərginliyin yaradılmasıdır. Bunlar bizim üçün qəbul edilən şərtlər deyil, şərti Azərbaycan diqtə edir, qalib Azərbaycandır! Şərtləri biz qoyuruq, ona görə də qarşı tərəf papağını qabağına qoyub düşünsün, əgər o papağı varsa”.
Aytən Sakitqızı