Vüqar Rəhimzadə: 10 noyabr Bəyanatı Müzəffər Ali Baş Komandan İlham Əliyevin və yenilməz ordumuzun şanlı Qələbəsidir
“Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından bir il ötür. Zaman hadisələrin düzgün təhlili və dəyərləndirilməsi baxımından zəngin mənbədir".
Bu fikirləri 1news.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə deyib:
"Arxada qalan bir il 10 noyabr Bəyanatının imzalanmasına gedən yola daha aydın işıq salaraq ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışı zamanı söylədiyi kimi, kimin kim olduğunu göstərdi. 30 ilə yaxın dövrdə havadarlarının dəstəyi ilə imitasiya naminə danışıqlara qatılan, fürsət düşən kimi Azərbaycanı sülh danışıqlarında maraqlı olmamaqda, həmçinin guya ATƏT-in Minsk qrupunun vasitəçiliyini qəbul etməyərək digər beynəlxalq təşkilatları münaqişənin həllində vasitəçiliyə cəlb etməkdə günahlandıraraq diqqəti əsas problemdən yayındırmağa çalışan Ermənistan hakimiyyətinin bu kimi qərəzli təbliğatının nəyə hesablandığı bugünümüzdən baxdıqda daha aydın görünür. Azərbaycanın müdafiə xərclərini artırmasını məsələnin sülh yolu ilə həllində maraqlı olmamaq kimi təqdim edən işğalçı dövlət və havadarları niyə illərdir Ermənistana müxtəlif adlar altında maddi və mənəvi dəstək göstərəndə, silahlandıranda özlərinə məlum, amma başqaları üçün sual doğuracaq məqamları cavablandırmaq barədə düşünmürdülər? 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Ordusu tərəfindən məhv edilən, yaxud qənimət kimi götürülən erməni hərbi texnikasının say tərkibinə və onların alınması üçün lazım olan vəsaitin miqdarına diqqət yetirmək kifayətdir ki, düşmən ordusunun sürətlə silahlandırılması üçün hansı iyrənc üsullara əl atıldığının şahidi olasan. Onu da qeyd edək ki, Azərbaycanın Qələbəsinin dünyaya təqdimatında mühüm rol oynayan 10 dekabr Zəfər paradında, eyni zamanda, Hərbi Qənimətlər Parkında ermənilərin məhv edilmiş, yaxud qənimət kimi götürülmüş hərbi texnikaları nümayiş olunanda Ermənistan və ona illərdir dəstək olan dövlətlər etirazlarını bildirdilər. Görünür, qaranlıq məqamların açıqlanması dünyanın bəzi güclərini narahat edirdi".
Vüqar Rəhimzadə qeyd edib ki, 10 noyabr Bəyanatı ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, məğlubedilməz, yenilməz ordumuzun şanlı Qələbəsidir: «Noyabrın 9-dan 10-na keçən gecə bu müjdəni Azərbaycan xalqına fəxr və qürurla çatdıran ölkə Prezidenti İlham Əliyev bütün dünya azərbaycanlılarına 30 ilin işğalına son qoyulmasının, artıq Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşmasının sevincini yaşatdı. Şuşanın işğaldan azad edilməsi Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. Şuşa Zəfərindən sonra düşmənə növbəti ağır zərbə vuruldu. Belə ki, noyabrın 9-da növbəti ildırım sürətli hərbi əməliyyatlarımızla 71 yaşayış məntəqəsi, bir qəsəbə və 8 strateji yüksəklik işğaldan azad edildi. Ümumilikdə isə 27 sentyabrdan 10 noyabradək 300-ə yaxın yaşayış məntəqəsi, 5 şəhər, 4 qəsəbə və strateji yüksəkliklər yağı düşməndən təmizləndi. İşğal altında olan digər rayonlarımızın - Ağdam, Laçın və Kəlbəcərin 10 noyabr Bəyanatına uyğun olaraq qan tökülmədən Azərbaycana qaytarılması hərbi-siyasi Zəfərimizin bariz nümunəsidir.»
YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Azərbaycan xalqı Vətən müharibəsində nə qədər böyük, vətənpərvər, dəmir iradəyə malik xalq olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi: “30 ilin əziyyəti, ümidsizliyi, əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, mətinləşdik, gücləndik, özümüzü topladıq, “artıq yetər” deyib işğalla barışmadığımızı Ermənistana və ona havadarlıq edən dövlətlərə göstərdik. Şuşanın azad edilməsi ilə əslində müharibənin taleyi həll olundu. Noyabrın 9-dan 10-na keçən gecə imzalanan üçtərəfli Bəyanatla Ermənistan işğal altındakı digər rayonlarımızdan çıxmasının cədvəlini verdi. Hansı ki, dövlət başçısı İlham Əliyev Vətən müharibəsinin gedişində dəfələrlə bildirirdi ki, Ermənistan silahlı qüvvələri torpaqlarımızdan çıxmaları ilə bağlı konkret vaxt desinlər, biz də hərbi əməliyyatları dayandıraq.»
Vüqar Rəhimzadə Bəyanatın özündə ehtiva etdiyi 9 bənddən irəli gələn vəzifələrin yerinə yetirilməsinə diqqəti yönəldərək bugünümüz üçün əsas olan məsələnin - sülh müqaviləsinin imzalanmasının vacibliyini vurğulayıb: «Dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar da regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin olunması üçün sülh müqaviləsinin imzalanmasının zəruriliyini bildirir və dəstək göstərməyə hazır olduqlarını bəyan edirlər. Azərbaycan tərəfi təkmil sülh modelini təqdim edib. Dövlət başçısı İlham Əliyevin bəyanatlarında bu fikir xüsusi yer alır ki, sülh təklifi masa üzərində uzun müddət qala bilməz.
Təbii ki, bu, Ermənistana və ona havadarlıq edənlərə ciddi mesajdır. İşğalçı dövlətin və ona dəstək olanların 30 ilə yaxın dövrdə münaqişənin həllini uzatmaq üçün hansı yollara əl atdıqları məlumdur. Sonda təcavüzkar dövlət daha da irəli gedərək bizə yeni ərazilər uğrunda müharibə planları ilə hədə-qorxu gəlirdi. Hansı ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin başlamasından bir neçə gün əvvəl BMT Baş Assambleyasının iclasında Ermənistanın yeni ərazilər uğrunda müharibə planları hazırladığını bəyan etmişdi. O zaman dünyanın bəzi dövlətləri, bir sıra nüfuzlu beynəlxalq təşkilatlar bu xəbərdarlığa etinasız yanaşmaqla növbəti dəfə işğalçı Ermənistana dəstəklərini açıq-aşkar büruzə verdilər».
«Artıq Bəyanatın imzalanmasından bir il ötür» söyləyən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, region dövlətləri ilə əməkdaşlığın daha da gücləndirilməsi, o cümlədən məğlub Ermənistanla nəqliyyat kommunikasiyalarının açılması prioritet məsələ kimi öndədir: «Həmçinin yeni reallıqlara uyğun olaraq yeni əməkdaşlıq formatlarının yaradılması gündəmdədir. Amma Ermənistan sülh müqaviləsinin imzalanmasını uzatmaqla vəziyyəti gərginləşdirməyə çalışsa da bunun mümkünsüzlüyünün fərqindədir. Dövlət başçısı İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxışı zamanı Zəfərimizdən bəhs edərkən bu məqamı xüsusi qeyd etmişdir ki, biz öz ləyaqətimizi bərpa etdik. Bundan sonra müzəffər ölkə və qalib xalq kimi əbədi yaşayacağıq. Bundan sonra Qarabağda və Zəngəzurda əbədi yaşayacağıq. Əgər Ermənistanda hər hansı bir qüvvə bizə xor baxsa, hansısa revanşist meyillərə əl atsa, bizim yumruğumuzu görəcəkdir. Bizim yumruğumuz yerindədir».
Vüqar Rəhimzadə qısa təhlil əsasında belə nəticəyə gəlib ki, bugünümüzün mənzərəsi budur ki, Azərbaycan regionda və həmçinin dünya çapında yeni reallıqlar yaratdı, Qələbə çaldı, düşməni torpaqlarımızdan qovdu: «Ermənistanın baş naziri Nikol Paşinyan kapitulyasiya aktını imzalamağa məcbur edildi. Ermənistan çıxılmaz vəziyyətdə qalmışdı, ya tamamilə məhv olacaqdı, ya da sənədi imzalayacaqdı. Bu günün isə əsas məsələsi sülh müqaviləsinin imzalanmasıdır. Ermənistandakı siyasi və iqtisadi böhran, sosial və hərbi gərginlik bu addımın da yaxın zamanlarda atılacağını qaçılmaz edir».
1news.az