“Arxayınlaşmaq olmaz, qələbədən qələbəyə getməliyik” - Fazil Mustafa | 1news.az | Xəbərlər
Siyasət

“Arxayınlaşmaq olmaz, qələbədən qələbəyə getməliyik” - Fazil Mustafa

17:18 - 10 / 11 / 2021
“Arxayınlaşmaq olmaz, qələbədən qələbəyə getməliyik” - Fazil Mustafa

Xəbər verdiyimiz kimi artıq Prezident İlham Əliyevin iştirakı ilə “Zəfər yolu” adlanan avtomobil yolu istifadəyə verildi.

Tikintisi çox qısa zamanda reallaşan “Zəfər yolu” Azərbaycan Xalqının birliyinin, Azərbaycan dövlətinin gücünün və iradəsinin simvoludur. Bu yol başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürüb. 101 kilometrlik Zəfər yolu Şuşayadək uzanır. Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilən bu avtomobil yolu Füzuli və Şuşa da daxil olmaqla onlarla yaşayış məntəqəsini əhatə edir. Bu yolun inşası ilk növbədə 30 ildir ki, doğma yurdunun acısını çəkən sakinlərin rahatlığının təmin olunmasına hesablanıb.

Mövzu ilə bağlı 1news.az-a danışan Millət vəkili Fazil Mustafa bildirdi ki, ölkə rəhbəri tərəfindən Şuşanın açarı olan Zəfər yolunun açılışının həyata keçirilməsi böyük tarixi hadisədir:

“Bizim bu günə kimi Şuşaya gedən yolumuz bu qədər təhlükəsiz deyildi. Zəfər yolu Azərbaycan ərazilərindən keçən ən gözəl və ən modern üslubda salınan tarixi yoldur. Ümid edirəm ki, Xankəndidən də gedən yolu eyni qaydada Şuşaya doğru ən işlək yola çevirəcəyik. Bu Zəfər yolu Azərbaycan tarixində ən əziz və ən dəyərli yol olaraq qiymətləndirilir. Çünki bu bizi birbaşa qələbəyə aparan yoldur, bizim tarixi uğurumuzun simvoludur. Şuşaya doğru Azərbaycanın hərəkətlənməsi məhz bu yolla gerçəkləşib.

Eyni zamanda Qarabağda infrastruktrun qurulması, Şuşanın bərpası, orada abidələrin qoyulması, binaların tikilməsi, dağıdılmış yerlərin yenidən canlanması ölkə Prezidentinin həyata keçirdiyi ən böyük işlərdən biridir. Bütövlükdə Füzuli Beynəlxalq Hava limanının salınması ilə Azərbaycanın müəyyən logistik imkanlarının artmasından başqa, həm də bu ərazilərin tədricən Azərbaycanın tam suverenliyi altında möhkəmlənməsi deməkdir. Eyni zamanda Zəngəzur yolunun açılmasına doğru Azərbaycanın həmlələri də bunun ardıcıl olduğunu göstərən əsas amillərdəndir”.

Fazil Mustafa, millət vəkili

Bu istiqamətdə ölkə Prezidentinin səylərinin xalq tərəfindən dəstəkləndiyini deyən deputat əlavə etdi ki, sovet dövründə belə heç vaxt bizim istədiyimiz kimi şəkillənən ərazimiz olmayıb:

“Amma indi Qarabağ Azərbaycanın istədiyi formada qurulan ərazidir və iqtisadi inkişafında bu ərazinin böyük rolu olacaq. Kəlbəcər, Laçın, Ağdam kimi işğaldan azad olunmuş ərazilərimizin də minalardan təmizlənərək dirçəlməsi bizim üçün tarixi əhəmiyyət kəsb edir. Eyni zamada Qubadlı, Zəngilan, Cəbrayıl və Füzulinin də bərpası Azərbaycan Cənub sərhədlərinin möhkəmlənməsi mənasına gəlir.

Bütövlükdə Şuşa Azərbaycanın Qələbəsinin simvolikasıdır. Biz hər hansı şəkildə bir də torpaq itkisini yaşamaq istəmirik. Bunu biz yeni nəsillərə də aşılayacağıq. Bizim əsas hədəfimiz yeni nəsillərə problem saxlamamaqdır. Şuşada xarici ölkələrin tanınmış nüfuzlu şəxsləri ilə təmaslar da Azərbaycanın diplomatik əlaqələrinin nə qədər uğurlu olduğunu göstərir. Ona görə də bizim Zəfərimiz millətimizin diriliş tarixidir. Arxayınlaşmaq olmaz, biz qələbədən qələbəyə getməklə Azərbaycanı qüdrətli dövlətə çevirməliyik!”.

Paylaş:
315

Son xəbərlər

Bütün xəbərlər