Metronun tikilməkdə olan yeni stansiyanın birinci səviyyəsi inşa olunur - FOTO
Bakı metropoliteninin Bənövşəyi xətti üzrə Cəlil Məmmədquluzadə küçəsində yerləşəcək, şərti adı “B-04” olan stansiyanın inşasının birinci mərhələsi davam edir. Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasındakı ərazidə yerləşən stansiyanın yerüstü sahədə örtük tavasının monolit dəmir-betonlama işləri tamamlanıb.
"Bakı Metropoliteni" QSC-dən 1news.az-a verilən məlumata görə, bu işlər çərçivəsində stansiya kompleksinin yerüstü qatında torpaq örtüyü hamarlanaraq, armatur-karkas elementləri yığılıb və betonlanıb.
Ümumən uzunluğu 170 metr olan stansiyanın tikinti işləri üç zonaya bölünməklə aparılır. Hazırda birinci mərhələ çərçivəsində kassa zalı səviyyəsində torpaq qazma və döşəmə tavasının monolit dəmir-betonlama işləri yerinə yetirilir.
Onu da əlavə edək ki, inşaat işləri başlamazdan əvvəl ictimaiyyətə verilmiş məlumata əsasən, stansiya kompleksi 4 səviyyədən ibarət olacaq. Ərazinin relyefindən asılı olaraq işlər 29-32 metr dərinlikdə yerinə yetirilir.
Yuxarı qatda yerləşən kassa zalı və vestibüldən sonra ikinci səviyyə, keçid və yaxud texniki səviyyənin inşasına başlanılacaq. Üçüncü səviyyə platformaya keçid xarakterli mezonin qatıdır. Sonuncu, platforma səviyyəsi, başqa sözlə, qatarların hərəkət edəcəyi stansiya yolu və gözləmə zalından ibarət olacaq. Uzunluğu 144 metr olan platformanın altı texniki qurğular üçün nəzərdə tutulub.
Hazırda işlərin aparıldığı kassa zalı səviyyəsində torpaq qazma işləri 80 faiz həcmində yerinə yetirilib. Bu səviyyədə döşəmə tavanının uzunluğu 167.6 m təşkil edir. Burada armatur-karkas işləri tamamlanaraq, döşəmə tavasında hazırlıq qatının 100 metrə yaxın hissəsi, monolit dəmir-beton döşəmə tavasının isə 50.5 m-i betonlanıb. İşlərin texnoloji ardıcıllığına uyğun olaraq, döşəmə tavasının növbəti 20.5 metrində armatur karkas işləri yerinə yetirilib və betonlamaya hazır vəziyyətə gətirilib.
“Memar Əcəmi” stansiyasından başlayaraq, Bənövşəyi xəttin stansiyaları “Qruntda divar” üsulu ilə tikilir. Ekoloji cəhətdən daha səmərəli olan üsul həm də məhdud məkanda tikintinin effektiv qaydada aparılmasına, qənaətə nail olunmasına şərait yaradır.
“Qruntda divar” üsulunun tələblərinə uyğun olaraq, inşaatın ilkin hazırlıq mərhələsində monolit dəmir-beton panelləri quraşdırılmışdı. Həmin dövrdə 1010 və 1021 metr uzunluqlarında olan iki tunel də inşa olunub. Bu isə o deməkdir ki, sonuncu, platforma səviyyəsində 7 vaqonlu qatarların dayanması üçün nəzərdə tutulmuş stansiya yolu da qazılıb.
Texnoloji tələblərin ardıcıllığına uyğun olaraq, stansiyanın keçidləri bütün işlərin sonunda yerinə yetiriləcək. Hazırda inşa olunan kassa zalı səviyyəsindən 4 giriş-çıxışın olması nəzərdə tutulub. Bu isə yerüstü avtomobil yolunun hər iki tərəfinə rahat və təhlükəsiz keçidi təmin edəcək.
Bu stansiyada da səviyyədən səviyyəyə keçid eskalatorlar və pilləkənlərlə təmin ediləcək. Xəttin digər stansiyalarındakı kimi əlil arabalarının stansiyaya endirilməsi üçün liftlər quraşdırılacaq.