Sevinc Fətəliyeva: “Azərbaycan yeni reallıq yaradıb və hamı bu reallıqla hesablaşmalıdır”
“Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində ölkədə və regionda baş verən proseslərlə bağlı geniş və əhatəli fikirlərini bildirib.
Belə ki, dövlətimizin başçısı müsahibədə jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici siyasətinə və digər məsələlərə dair suallarını ətraflı şəkildə cavablandırıb. Müsahibədə postmüharibə dövründə baş verən proseslərə də xüssui diqqət yetirilir”.
1news.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, hazırda Ermənistanda revanşist meyillər hələ də var. Dövlət başçısının dediyi kimi, bu meyllər təkcə keçmiş hakimiyyət təmsilçiləri tərəfindən deyil, eyni zamanda, indiki iqtidar nümayəndələri tərəfindən də özünü büruzə verir. Çünki 44 günlük Vətən müharibəsindən sonrakı dövr ərzində biz dövlət sərhəddində ermənilərin hərbi təxribatlar törətdiyinin şahidi oluruq. Məlumdur ki, Ermənistan hakimiyyəti və cəmiyyəti müharibədəki məğlubiyyətindən hələ özünə gələ bilməyib. Bu məğlubiyyət onlara çox güclü psixoloji zərbə vurub, onların ideoloji əsasları darmadağın edilib. Yəni, onların uydurduqları və özləri inandıqları bütün miflər dağıdılıb. Bu səbəbdən də revanşist meyillər bütövlükdə Ermənistan cəmiyyətində mövcuddur.
Millət vəkilinin sözlərinə görə, son vaxtlar Paşinyan tərəfindən kommunikasiyaların açılması ilə bağlı müsbət fikirlər səslənsə də, bu, erməni tərəfinin Azərbaycanla münasibətləri normallaşdırmaq anlamına gəlməməlidir. Çünki kommunikasiyaların açılması Ermənistanın maraqlarına uyğundur, digər tərəfdən bu açıqlamalar qarşı tərəfin Azərbaycanla münasibətləri normallaşdırmaq istəyindən yaranmır. Nəzərə almaq lazımdır ki, İkinci Qarabağ müharibsinin başlanmasının səbəbkarı Ermənistanın indiki rəhbərliyidir. Cənab Prezidentin dediyi kimi, “Qarabağ Ermənistandır və nöqtə”, “Yeni torpaqlar uğrunda yeni müharibə” deyənlər indiki hakimiyyətin təmsilçiəridir. Məhz onlar Azərbaycan ərazilərini daim işğal altında saxlamaq fikrində idilər.
Sevinc Fətəliyeva qeyd edib ki, Ermənistanın Zəngəzur dəhlizinin açılmasına qarşı çıxması da nəticəsiz oldu: “Prezident İlham Əliyev müsahibəsində bu məqama toxunaraq vurğulayıb: “Mən müsahibələrimin birində dedim ki, Ermənistan istəsə də, istəməsə biz bunu edəcəyik. Bunu deyəsən aprel ayında demişdim və nəticə etibarilə indi avtomobil yolunun, Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasındakı avtomobil yolunun çəkilişinə də razılıq verib. Yəni, mən demək istəmirəm ki, biz onları məcbur etmişik, biz heç bir zor tətbiq etməmişik. Ola bilər ki, bizim, necə deyərlər, siyasi addımlarımız, diplomatik addımlarımız, eyni zamanda, bölgədə gedən proseslər göstərir ki, bunu artıq təkcə Azərbaycan yox, bir çox region ölkələri istəyir. Ona görə bu tarixçəyə nəzər salsaq görərik ki, Ermənistanın mövqeyində dəyişiklik baş verir. Ona görə istisna edilmir ki, bu gün inkar etdiyi sülh müqaviləsinin imzalanmasına da nə vaxtsa hazır olacaq. Ancaq yenə də deyirəm, elə bilməsinlər ki, biz daim onlardan sülh tələb edəcəyik. Biz, sadəcə olaraq, regionun gələcəyi naminə və müharibə riskinin sıfra endirilməsi naminə bu təklifi edirik. Yenə də deyirəm, əgər Ermənistan buna hazır deyilsə, onda bu, olmayacaq. Olmasa nə olacaq? Heç nə. Biz nə itirəcəyik? Heç nə itirməyəcəyik, nə bu gün, nə sabah. Bəlkə də əksinə. Amma itirən tərəf Ermənistan olacaq”.
Deputat deyib ki, Azərbaycan BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı çərçivəsində yeni reallıq yaradıb və hamı bu reallıqla hesablaşmalıdır: “Biz görürük ki, beynəlxalq birlik artıq bu reallıqlarla barışmaqdadır. Bu gün BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa İttifaqı, MDB bu reallıqları tamamilə qəbul ediblər. Cənab Prezident ATƏT-in Minsk qrupunun gələcəyi ilə bağlı da fikirlərini bölüşüb. Dövlətimizin başçısı deyib ki, onlar Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmamalıdırlar, çünki bu münaqişə həll olunub. Onlar bu yeni reallığı qəbul etməlidirlər. Bilməlidirlər ki, onlar bundan sonra Qarabağ məsələsi ilə məşğul olmayacaqlar. Həmsədrlər bundan sonra nə ilə məşğul olmalarını özləri fikirləşməlidirlər. Bütövlükdə, Azərbaycanın beynəlxalq müstəvidə mövqelərini möhkəmləndirir. Bu amil ölkəmizin regionda yaratdığı reallıqların ardıcıl olaraq həyata keçəcəyini deməyə əsas verir”.
1news.az