Türkiyədə “Azərbaycan düşüncə tarixi” kitabı nəşr olunub

Türkiyədə ölkənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və azərbaycanlı professor Ali Askerin elmi redaktorluğu ilə “Azərbaycan düşüncə tarixi” adlı kitab dərc olunub.
Bildiyimiz kimi Azərbaycan türkcəsində yazılan kitab fəsillərinin terminologiya və üslubunun Türkiyə türkcəsinə uyğunlaşdırılması tarix, ədəbiyyat və mədəniyyət sahəsində bilik tələb edən elmi tərcümənin nəticəsində mümkündür. Kitabda yer alan Azərbaycanlı elm insanlarının məqalələrini Türkiyə türkcəsinə Nazim Muradov, Ülviyyə Filiyeva Erkeç, Şirəli Məmmədov və Orxan Zahidov tərcümə edib.
19-cu əsrin ortalarında yaşamış azərbaycanlı dahi şəxsiyyətlər haqqında məlumatların bir arada toplandığı bu iki cildlik kitabda bu şəxsiyyətlərin həyat və yaradıcılığını əks etdirən fotolar da yer alıb.
Kitabda, həmçinin 19-cu əsrin ortalarında baş verən ən mühim hadisələrin xronoloji ardıcıllığı əks olunub.
Kitab haqqında ön sözü Türkiyə mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy tərəfindən yazılıb, kitabın təqdimatı isə Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsinin rəhbəri Abdullah Eren tərəfindən edilib.
Kitabın elmi redaktörü professor Ali Asker bu kitabın Türkiyədə Azərbaycanı daha yaxşı tanıtmaq üçün atılan bir addım olduğunu qeyd edib.
1news.az