Moskva Bəyannaməsi nəyə xidmət edir? – Deputat Bəyannamənin önəmindən danışdı
“Azərbaycan 2020-ci ildə işğalçı Ermənistan üzərində zəfər çalaraq 44 günlük Vətən Müharibəsində ərazi bütövlüyünü bərpa etdi”.
Bu fikirləri Moskva Bəyannaməsi ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
“Azərbaycan 30 ilə yaxın bir müddət ərzində həll olunmayan Qarabağ münaqişəsini yekunlaşdırdı və faktiki olaraq qalib ölkə olaraq Ermənistana humanizm nümayiş etdirərək süh təklifi ilə çıxış etdi. Üçtərəfli bəyanatda Ermənistanın üzərinə götürdüyü öhdəliklər var. Bu öhdəliklərin yerinə yetirilməsi üçün Azərbaycan diplomatik və siyasi səylərini artırır. Bu üçtərəfli bəyanatın və bundan sonrakı Moskva, Soçi, Brüssel görüşlərinin əsas formatı da məhz Ermənistanın üzərinə götürdüyü öhdəliklərin üzərində qurulmuşdu. Həmçinin Ermənistan və Azərbaycan arasında kommunikasiyaların açılması, Zəngəzur dəhlizinin işə düşməsi, sərhədlərin tanınması və sülhün imzalanması bunun əsas predmetlərindəndir. Göründüyü kimi, bütün bunların baş tutmasının əsas vasitəçisi Rusiya olub.
Ancaq təəssüflər olsun ki, Ermənistan Rusiyanın vasitəçiliyindən sanki razı qalmadığına eyham vurub və bu münasibətlərin tənzimlənməsi üçün Avropa İttifaqını, ATƏT-in Minsk qrupunu, Fransanı daxil edib, ancaq istənilən halda Azərbaycanın, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici diplomatik münasibətin nəticəsində Azərbaycanın mövqeyi bütün tərəflər tərəfindən hörmətlə qarşılanıb. Azərbaycanın açıq və aydın səsləndirdiyi fikirlərə hər kəs öz dəstəyini göstərmişdi. Bütün bunlarla yanaşı, Azərbaycan bu münaqişəni yekunlaşdırdıqdan sonra, ərazi bütövlüyünü bərpa etdikdən sonra regionda uzunmüddətli sülhün bərpa olunması üçün qonşu dövlətlərlə birlikdə 3+3 formatını dəstəkləyib. Onsuz da bundan öncə mövcud olan ikitərəfli və üçtərəfli münasibətlərin 3+3 formatında da davam etdirilməsini və regionda uzunmüddətli sülhün əldə olunmasının vacibliyini dəstəkləyib. Bununla əlaqədar olaraq da real işləri həyata keçirir”.
Deputat bir müddət əvvəl Prezident İlham Əliyev və Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşa Bəyannaməsinin imzalandığını xatırladıb. Bildirib ki, Şuşa Bəyannaməsi Azərbaycanın zəfərini, ərazi bütövlütünü, suverenliyini qarant altına alan anlaşmadır, Türkiyə və Azərbaycan arasında strateji müttəfiqliyi, qardaşlığın və dostluğun ən böyük zirvəsi kimi qiymətləndirilməlidir:
“Bu gün də Azərbaycan və Türkiyə arasında əlaqələr inkişaf edir. Bütün rəsmi dövlət qurumları və təşkilatları arasında əlaqələr artır, genişlənir. Faktiki olaraq, Azərbaycan və Türkiyə arasında iqtisadi münasibətilərin inkişafına da töhfə verilir. Bununla yanaşı Azərbaycan həm İran, həm də Gürcüstanla çox yaxşı münasibətlərə malikdir. Faktiki olaraq, hazırda regionda Azərbaycan bu qonşu ölkələrlə yanaşı, Rusiya ilə də çox yaxşı münasibətlər qura bilib. Bu münasibətlərin çox yaxşı və uğurlu olmasının əsas səbəbi məhz cənab Prezident İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında şəxsi əlaqələrin yaxşı olmasıdır.
44 günlük Vətən Müharibəsində Rusiya Azərbaycanın haqq savaşına hörmətlə, təmkinlə yanaşdı və Azərbaycanın mövqeyini müəyyən dərəcə dəstəklədi. Baxmayaq ki, Rusiya və Ermənistan arasında strateji müttəfiqlik var, ancaq Rusiya Azərbaycanla münasibətlərə önəm verdiyi üçün əlaqələrin daha da yaxşılaşdırılmasına maraqlı olduğunu dəfələrlə sübut etdi.
Azərbaycan və Rusiya arasından həm siyasi, həm iqtisadi, həm də diplomatik münasibətlər inkişaf etməkdədir. Bildiyiniz kimi faktiki olaraq Avropanın əsas qaz ixracatçısı Rusiyadır. Ancaq buna baxmayaraq, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz nəqlini həyata keçirdikdə Rusiya buna normal yanaşdı. Azərbaycanın müstəqil və suveren haqlarını tanıdı. Azərbaycan faktiki olaraq bu gün Avropanın enerji təhlükəsizliyində çox mühim rol oynayan dövlətlərdən biridir. Avropa İttifaqı Avropanın enerji təhlükəsizliyində oynadığı rola görə Azərbaycana çox böyük önəm verir".
Bütün bunlarla yanaşı, Rusiyada kifayət qədər soydaşlarımız yaşadığını deyən deputat, Şimal qonşumuz olan Rusiyanın dünyanın əsas aparıcı güclərindən biri olduğunu da qeyd edib.
N.Həmzəyev Prezident İlham Əliyevin fevralın 22-də Rusiyaya növbəti dəfə səfər etməsinə də toxunaraq, səfərin iki ölkə arasında münasibətlərin inkişafına böyük töhfə verəcəyini söyləyib. O, bu baxımdan Moskva bəyannaməsini xüsusi qeyd edib:
“Cənab Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə 22 fevralda Rusiyada səfərdə oldu. Bu səfər zamanı çox maraqlı görüşlər baş tutdu. Ən önəmlisi ondan ibarətdir ki, Rusiya və Azərbaycan arasında Moskva bəyannaməsi imzalandı. Bu bəyannamə Şuşa bəyannaməsinin davamı olaraq Azərbaycan ərazilərinin, suverenliyinin qorunub saxlanılması, Azərbaycanın milli təhlükəsizliyinin qarant altına alıması və Rusiya-Azərbaycan münasibətlərinin daha da inkişaf etməsinə birbaşa xidmət edir.
Bildiyimiz kimi, Azərbaycan ərazisində qeyri-qanuni Ermənistan silahlıları yerləşdirilib və onların Azərbaycan ərazisindən çıxarılması üçtərəfli bəyanatda da öz əksini tapmaqdadır. Bununla yanaşı, rus sülhməramlılarının fəaliyyəti 5 il nəzərdə tutulub. Bu müddətin başa çatmasına elə də çox vaxt qalmayıb. Bu vaxta qədər Azərbaycan bütün narazılıqların aradan qaldırılmasına və qanunsuz erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasına nail olmaq istəyir. Ermənistan və Azərbaycan ərazisində sərhədlərin tanınması, sülh müqaviləsinin imzalanması, kommunikasiyaların açılması üçün Rusiyanın rolu əvəzsizdir. Rusiya Ermənistan tərəfinə təzyiq edərək regionda sülhün əldə edilməsinə nail olunmasına, Ermənistan-Azərbaycan, Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşdırılmasına çox böyük töhfə verə bilər.
Deputat bildirib ki, Rusiya-Azərbaycan münasibətlərinin bu səviyyəyə gəlib çatması alqışlanmalı, Azərbaycanın növbəti diplomatik uğuru kimi dəyərləndirilməlidir:
"Moskva bəyannaməsinin imzalanması nəticə etibarı ilə Azərbaycanın qarşısına qoyduğu hədəflərə daha tez və daha təhlükəsiz, az itkilərlə çatmasına xidmət edəcək. Nəticə etibarı ilə Azərbaycan Ermənistanı çıxmaqla bütün qonşuları ilə xoş və dostluq münasibətlərini qurmaqla yanaşı, bunu rəsmiləşdirən və qarant altına alan bir dövlətdir. Düşünürük ki, ən qısa zamanda Ermənistanla da ən azından sülh anlaşmasının imzalanmasına nail olacayıq. Nəticə etibarı ilə ən qısa zamanda Azərbaycanın hədəflədiyi regionun nəqliyyat şəbəkəsini tamamlayacayıq”.
Deputat Moskva bəyannaməsinin Rusiya-Ukrayna münasibətlərinin gərginləşməsinin təsiri ilə imzalanmasını əlaqəndirən qüvvələrin olduğunu da deyib:
“Bunun Ukraynada baş verən proseslərlə heç bir əlaqəsi yoxdur. Azərbaycan Ukraynaya qarşı fəaliyyətdə Rusiyanın yanında dayanmayıb. Dəfələrlə Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini ikitərəfli və çoxtərəfli görüşlərdə səsləndirib. Kırım məsələsində də Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini və Kırımın Ukraynanın ərazisi olduğunu hesab etdiyini bildirib. Bu baxımdan da Ukrayna-Azərbaycan arasında strateji dostluq münasibətləri mövcuddur. Rusiya-Azərbaycan münasibətlərinin Ukrayna-Azərbaycan münasibətlərinə heç bir mənfi təsir göstərəcəyini düşünmürük. Unutmamalıyıq ki, Gürcüstanla da Rusiya münasibətlərində gərginlik var, buna baxmayaraq, Azərbaycan və Gürcüstan arasında münasibətlər çox yüksək səviyyədədir və unutmamalıyıq ki, Rusiya-Gürcüstan münasibətlərinin gərginləşdirdiyi vaxt Azərbaycan açıq-aşkar formada Gürcüstana öz dəstəyini göstərib, bu gün də öz dəstəyini göstərməkdədir. Bu baxımdan da Moskva-Bakı yaxınlaşmasını hansısa başqa dövlətlərlə münasibətlərin gərginləşəcəyi, soyuyacağı ilə bağlı fikirlərə qarşıyam”.