Başlıbel qətliamının şahidi: 8 yaşlı qız dedi ki, məni də öldürün, əsir düşməyim” - FOTO - MÜSAHİBƏ | 1news.az | Xəbərlər
Müsahibə

Başlıbel qətliamının şahidi: 8 yaşlı qız dedi ki, məni də öldürün, əsir düşməyim” - FOTO - MÜSAHİBƏ

Babək Cahandarov16:10 - 24 / 02 / 2022
Başlıbel qətliamının şahidi: 8 yaşlı qız dedi ki, məni də öldürün, əsir düşməyim” - FOTO - MÜSAHİBƏ

Qaniçən erməni quldurlarının azərbaycanlılara qarşı törətdiyi ən ağır cinayətlərdən biri də Başlıbel qətliamıdır.

1993-cü ilin aprel ayının əvvəllərində Kəlbəcər rayonu ermənilər tərəfindən işğal olunan zaman 2 minə yaxın əhalisi olan Başlıbel kəndinin 73 nəfər sakini evlərini vaxtında tərk edə bilmədilər. Aprelin 2-də kənd sakinlərinin bir qrupu mühasirədən çıxmağa çalışsalar da ermənilər hücum edərək sakinlərdən 9 nəfəri yolda qətlə yetirdilər, 5 nəfəri isə girov götürdülər. Digər 62 nəfər isə dağlara çəkilərək kahalara sığınmaqla özlərini qorumağa çalışıdılar.

Aprelin 18-də erməni silahlı birləşmələri dinc sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzərinə silahlı hücuma keçdilər. Həmin gecə kənddən bir qədər yuxarıda yerləşən “Portda” kahalarına sığınmış sakinlərin üzərinə amansız hücum zamanı dinc sakinlərdən 14 nəfər girov götürüldü, 18 nəfər qətlə yetirildi. Sağ qalan 30 nəfər isə yalnız 113 gündən sonra ermənilərin mühasirəsindən çıxa bildilər.

Həmin dəhşətli Başlıbel qırğınının şahidlərindən biri də Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş Məzahir Abbasquliyevdir. O, 1news.az-a müsahibəsində ilk olaraq Başlıbel qırğını zamanı şahidi olduğu dəhşətli hadisələrdən, dörd aya yaxın mühasirədə qalmalarından danışıb:

“Müharibə yeni başlayanda Almaniyada hərbi xidmətdə idim. 1991-ci il dekabrın 12-də xidmətimi başa vurub kəndimizə, Ağdamın Mərzili kəndinə gəldim. Xocalı soyqırımı baş verəndən sonra kəndimizin sakinləri özünümüdafiə dəstəsi yaratdılar. Kəndin əli silah tutan bütün sakinləri həmin dəstəyə yazıldılar. Beş post quraraq kəndin müdafiəsini təkil etdik. Lakin düşməndən qorunmaq üçün demək olar ki, silahımız yox idi. Yalnız bir neçə nəfərdə tüfəng var idi. Həmin vaxt atam kəndin icra nümayəndəsi işləyirdi. Bakıya gəlib Hərbi Nazirlikdən 120 ədəd avtomat götürdü, aparıb kəndimizdə yaradılan özünümüdafiə dəstəsinə verdi. Dəstələr bir batalyonda birləşdi, batalyonun komandiri isə rəhmətlik Allahyar təyin olundu.

Hərbi xidmətdə tankçı olduğum üçün 1992-ci ilin noyabr ayında məni Laçına göndərdilər. 40 nəfərlik dəstə ilə Sarıbaba dağında yerləşdik. On gündən sonra digər ərazilərlə əlaqəmiz kəsildi. 15 gündən sonra isə ərzağımız qurtardı. 8 gün ac qarına postda durduq. Kömək istəyəndə xəbər tutduq ki, arxamızda yerləşən kəndləri ermənilər ələ keçirib. Beləcə mühasirəyə düşdük. 1993-cü ilin dekabr ayında gecə vaxtı çay və meşədən keçərək gizli yolla Laçının Qozlu kəndinə gəldik”.

“Güllə ilə vururduq, yenə gülə-gülə üstümüzə gəlirdilər”

Məzahirin sözlərinə görə, ermənilər onların kənddə olduğunu bilən kimi hücuma keçiblər:

“1993-cü il yanvarın 5-də ermənilər bizə qarşı hücuma keçdilər. Kəndin girişində onları mühasirəyə alaraq azı 34-nü məhv etdik.

Ermənilər tərəfdən çoxlu muzdlular vuruşurdu. Öldürdüyümüz əsgərlərin sənədlərinə baxanda bilmişdik. Onların içərisində rus və qaradərili muzdlular da var idi. Muzdlulara nəsə verirdilər, güllə ilə vururduq, yenə gülə-gülə üstümüzə gəlirdilər.

Martın 28-də ərzaq gətirmək üçün qonşu kəndlərə gedəndə heç kimi tapa bilmədik. Kəlbəcər camaatını çıxartmaq üçün bütün qüvvələr tunelə cəmləşdirilmişdi. Biz 130-a yaxın əsgər və zabitlə qabaqda tək qalmışdıq. Biçənik kəndinə çatanda arxamızdan ermənilərin gəldiyini gördük. Onları taxıl sahəsində yenidən mühasirəyə alıb bir çoxunu məhv etdik, tanklarını, digər hərbi maşınlarını isə partlatdıq.

Kürdhacı kəndinə çatanda bu dəfə ermənilər bizi mühasirəyə aldılar. Hərəmiz bir tərəfə dağılışdıq. Səkkiz nəfər qaratikan kolluğunda gizləndik. Qaranlıq olduğu üçün ermənilər bizi görmürdülər. Bu vaxt 19 yaşlı Laçın sakini Səlim Mehdiyev anımıza gəldi, bizi tunelə qədər aparıb çıxaracağını dedi. Beləcə Laçının Dambulaq kəndinə gəlib çıxdıq. Sakinlər artıq kəndi tərk etmişdi. Burada evlərdən birinə girib yemək hazırlayıb yedik. Bir az istirahət edəndən sonra yola düşdük. Gəlib Seyid binəsi deyilən yerə çıxdıq. Gecə burda qalıb tunelə tərəf getməli idik. Bu vaxt Dambulaq sakini olan Əhliman kişi ilə rastlaşdıq. Mal-qarasını da götürüb tunelə tərəf gedəndə iki qızı və oğlu ilə birgə ermənilər tərəfindən saxlanılmışdılar. Bir ermənini bunların yanında qarovul qoymuşdular, qalanları isə kəndə getmişdi. Əhliman kişi çox qoçaq kişi idi. İmkan tapıb arxadan ermənini boğub öldürmüşdü”.

“Ermənilər evləri talan etdikdən sonra od vurdular”

Əhliman kişi və övladları da Məzahir gilə qoşulur. Beləcə bir yerdə gedib Kəlbəcər rayonunun Başlıbel kəndinə çatırlar:

“Kəndə çatanda bir evdən tüstü gəldiyini gördük. Ev sahibini çağıranda bir nəfər qoşalülə tüfənglə qapıya çıxdı. Evdə İsmət və Elşad adında iki nəfər var idi, əmioğlunun olduqlarını öyrəndik. 13 nəfər içəri keçdik. Az sonra 50-yə yaxın kənd sakini gizləndikləri yerdən çıxaraq bizim yanımıza gəldi. Aralarında xeyli qadın, uşaq, qoca, xəstə insan var idi. Biz yemək yeyib yola çıxmaq istəyirdik. Ancaq köməksiz qalan insanları orda qoyub gedə bilməzdik. Buna görə onları da özümüzlə aparmağa qərar verdik.

Aprel ayının 3-ü idi, gecə bərk qar yağdı. Qərara gəldik ki, kəndin yuxarısındakı kahalarda gizlənək. İki gündən sonra ermənilər UAZ markalı maşınla kəndə gəldilər. Bir az kəndi dolanandan sonra çıxıb getdilər. Biz artıq “Portda” kahalarına sığınmışdıq.

Ermənilər maşınlarla gələrək boş qalmış kənddəki evləri talan etməyə başladılar. Qiymətli nə var idisə hamısını daşıyıb apardılar, evlərə isə od vurdular”.

8 yaşlı qızcığaz: “Ata, məni də öldürün, əsir düşməyim”

Amma onlar cəmi 18 gün gizli yaşaya biliblər. Aprelin 18-də erməni silahlı birləşmələri dinc sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzərinə silahlı hücuma keçiblər. Məzahir həmin günü belə xatırlayır:

“Aprelin 18-də səhər vaxtı içərisində üç nəfər erməninin olduğu “Niva” markalı maşınla yanımızdan keçəndə aşağıdakı kahada olan kənd camaatını gördülər. Bir ailədən dörd nəfəri qətlə yetirdilər. Ermənilərdən iki nəfər atışmaq üçün orda qaldı, “Niva”nın sürücüsü isə kömək üçün sürüb getdi.

Atışma zamanı Elşad qolundan yaralandı. Ancaq ermənilərin ikisini də öldürə bildik. Az sonra ermənilər böyük qüvvə ilə yenidən gəldilər. Sayları çox idi, 50-60 nəfər olardılar. Həm də yaxşı silahlanmışdılar. Bizim isə həm sayımız çox az idi, həm də ancaq avtomatımız var idi. Kahanı intensiv atəşə tutmağa başladılar. İçəridə qalmışdıq, çölə çıxa bilmirdik. Sonradan öyrəndik ki, ermənilər aşağı kahalarda olan kənd camaatını əsir götürüblər.

Bir qədər sonra atışma dayandı. Kahanın üstünə çıxan bir nəfər məni çağırdı. Dedi ki, mən Səliməm, ermənilərin qarşısını kəsmişik, çölə çıx. Çölə çıxmaq istəyəndə Elşad dedi ki, çıxmayım, məni çağıran ermənidir. Ləhcəsindən tanımışdı. Gördülər ki, bizi aldada bilmədilər içəri qumbara atdılar. Az sonra ikinci qumbaranı da atdılar. Xoşbəxtlikdən ciddi xəsarət alan, ölən olmadı. Ardınca kahanın içini avtomat və pulemyotlardan atəşə tutmağa başladılar. Güllələrdən biri boğazıma dəydi.

Fikirləşirdik ki, artıq sonumuz çatıb. İki qumbaram var idi, birini Elşada verdim, o birini isə özümdə saxladım. Erməniyə əsir düşməkdənsə özümüzü öldürməyi seçdik. Avtomatı verdim Ələkbər kişiyə, dedim ki, mən sənin səkkiz yaşlı qızına güllə ata bilmərəm, istəyirsən özün vur, ya da əsir düş. Məni qucaqlayıb ağlaya-ağlaya dedi ki, özünü öldürmək nədir, axıra kimi vuruşmalıyıq. Qızı da ağlaya-ağlaya dedi ki, “ata, məni də öldürün, əsir düşməyim”. Fikirləşdim ki, xilas ola bilməsək son anda qumbara ilə qızı da, özümü də partladaram.

Qəfil başlayan güclü çovğun kahaya sığınanları xilas edir...

Həmin gecə qəfil başlayan güclü çovğun kahada sığınanların köməyinə çatıb. Erməni quldurları mühasirəni dayandırıb geri çəkilməli olurlar:

“Gecə saat 1-2 radələri olardı, qəfildən güclü çovğun başladı. Ermənilər mühasirəni dayandırıb getdilər. Biz də bundan istifadə edərək təxminən 8-10 kilometr uzaqda yerləşən Nəbinin kahası adlanan yerə getməyə qərar verdik.

Çətinliklə də olsa Nəbinin kahasına çatdıq. İki gün burda ac-susuz qaldıq. Başqa kahalardakı insanların başına nə gəldiyini isə bilmirdik. Sonradan öyrəndik ki, ermənilər onları əsir götürüblər. Əhliman kişi erməni kəndində çoban işləmişdi, uşaqları erməni dilini bilirdi. Ermənilər bunlara Azərbaycan dilində deyirlər ki, “gedin, sizi dəyişəcəyik”. Erməninin biri də erməni dilində deyir ki, “gedin, görün hələ sizin başınıza nə oyun açacayıq”. Əhlimanın qızı Laləzar bunu başa düşür, Sərmayə və Nərgizə də deyir. Dağdan cığırla aşağı düşəndə Laləzar özünü qayadan aşağı atır. Onun ardınca isə Sərmayə ilə Nərgiz də uşaqları ilə dağdan uçuruma tullanırlar. Yaşlı insanlar isə qaça bilmirlər”.

Erməni quldurlarının günahsız insanlara qarşı qəddarlığını isə sözlə ifadə etmək çətindir. Məzahirin sözlərinə görə, erməni caniləri insanları xüsusi amansızlıqla, işgəncə verərək qətlə yetirmişdilər:

“Laləzar gil gedib bizdən ayrı düşən əsgərlərimizi tapırlar, onlara qoşulub Qaraçanlı kəndinə gedirlər. Qərara gəlirlər ki, itkin düşən insanları axtarsınlar. Kahalar olan tərəfə gedib “Portda” kahasında aralarında 10 yaşlı qızın da olduğu 12 nəfərin meyitini tapırlar. Onları işgəncə ilə qətlə yetirmişdilər. Yataq xəstəsi olan bir nəfəri elə yatağındaca yandırmışdılar.

Qonşu kənddən Hüseyn kişi var idi. Hər iki ayağını İkinci Dünya Müharibəsində itirmişdi. Onu Mədəniyyət Evində necə yandırmışdılarsa birinci görəndə elə biliblər ki, sağ-salamat stulda oturub. İsmət yaxınlaşıb əlini vuranda külü ovxalanıb yerə tökülüb.

Yaqub kişini ermənilər arxadan tutub kahanın qabağına gətirdilər ki, içəridə kiminsə olub-olmamasını öyrənsinlər. İçəridə bizim olduğumuzu görəndə “bəs deyirsən içəridə adam yoxdur” deyib elə kahanın qabağındaca güllələdilər.

Əsgər yoldaşımız Vüqar da faciəli şəkildə şəhid oldu. Qumbaranı kahanın içinə atanda götürüb ki, çölə atsın. Bu vaxt qumbara qarnında partlamışdı. Ermənilər meyitini çölə çıxarıb güllə ilə o qədər vurmuşdular ki, bədənində salamat yer qalmamışdı. Bir aydan sonra meyitini yorğana büküb basdırdıq.

“Ələsgər kişi gəlmədi, dedi ki, mən torpağımı qoyub getmirəm”

Bir ay Nəbinin kahasında qaldıqdan sonra sakinlər kənddən çox uzaq olduğu üçün Barutlu adlanan kahaya getməyə qərar verirlər:

“Bir neçə kilometr aralıda Çovdaşəkərəm kəndi yerləşirdi, kənddə altı nəfər qalmışdı. Onlarla da əlaqə yaratdıq. Radio vasitəsilə bizə parol verdilər ki, sizi Xanlarda, Kəlbəcər qərargahında gözləyirik. İyulun 17-də 29 nəfər yola düşdük. 93 yaşlı Ələsgər kişi gəlmədi, dedi mənim gəlinimi və dörd nəvəmi sağ-salamat keçirin erməni əlinə düşməsin, mən torpağımı qoyub getmirəm. Tərtər çayını çətinliklə keçə bildik. Özümüzlə kəndir götürmüşdük. Hər iki tərəfdən ağaca bağladıq və qadınları, uşaqları çiynimizdə keçirdik. Qarşı tərəfə keçəndə postda duran ermənilərdən biri bizi görüb göyə güllə atdı. Tez mövqe tutub atışmağa başladıq. Atışa-atışa dağın o biri tərəfinə keçdik. Dalımızca bizi intensiv atəşə tutsalar da xoşbəxtlikdən güllə yarası alan olmadı. Beləcə 4 aya yaxın davam edən mühasirədən xilas olmağı bacardıq”.

“Hərbi biletimizi ala bilmirik”

Məzahir müharibədə iştirak etmələrinə, mülki insanların həyatını xilas etmələrinə baxmayaraq hələ də hərbi biletlərini almadıqlarından gileyləndi:

“Bizimlə bir yerdə olan 9 nəfər hərbçidən ancaq birimiz sənədini alıb, qalan 8 nəfərimizin sənədi yoxdur. Aidiyyatı qurumlara müraciət etsək də müraciətlərimiz cavabsız qalıb. Bu qədər şahidlərin olmasına baxmayaraq çox adam dörd ay bizim mühasirədə qalmağımıza inanmırdı. Vətən Müharibəsindən sonra bu yaxınlarda həmin ərazilərə gedib qətlə yetirilən insanları dəfn etdiyimiz yerləri göstərdik, sümükləri çıxarıb DNT analizinə verdikdən sonra mühasirəyə düşdüyümüzü, bu zülümləri çəkdiyimizi sübut edə bildik. Ümid edirəm ki, bundan sonra müraciətimiz müsbət həll olunacaq və hərbi biletimizi alacayıq”.

“Ən böyük arzum yenidən kəndimizə qayıtmaqdır”

Sonda Məzahir ən böyük arzusunun yenidən doğma kəndlərini görmək olduğunu söylədi:

“Vətən Müharibəsindən əvvəl ən böyük arzumuz torpaqlarımızın azad edilməsi idi. Allaha çox şükürlər olsun ki, Vətən müharibəsində qalib gəldik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bu qələbəni onların sayəsində qazandıq. İndi ən böyük arzum yenidən kəndimizə qayıtmaqdır. O günü böyük səbirsizliklə gözləyirəm”.

Paylaş:
2783

Son xəbərlər

Bütün xəbərlər