Qaxda yaşayan azsaylı xalqların nümayəndələri öz mədəniyyətlərini qoruyub saxlayır
Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyətlərinin öyrənilməsi və təbliği məqsədilə yeni layihəyə start verilib.
Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyi tərəfindən reallaşdırılır.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyətlərinin öyrənilməsi və təbliği məqsədilə yerlərdə kiçik sərgilərin təşkili” layihəsi çərçivəsində ilk tədbir martın 13-də Qax şəhərində təşkil olunub. Tədbirdə rayon icra hakimiyyətinin, İctimai Birliyin rəsmiləri, rayonda yaşayan azsaylı xalqların nümayəndələri iştirak ediblər. Tədbir çərçivəsində azsaylı xalqların mədəni irsi ilə bağlı məlumatlandırıcı seminar keçirilib, sərgi təşkil olunub.
Tədbirin əvvəlində Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məlumatlandırıcı seminarı “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin rəsmisi, layihənin rəhbəri Lalə Azərtaş açıb. O bildirib ki, ölkəmizdə müxtəlif millətlərə, dinlərə, adət-ənənələrə mənsub olan insanlar arasında tarixən mehriban münasibətlər mövcud olub. Müstəqillik illərində bu mühüm ənənənin daha da gücləndirilməsi müasir Azərbaycan dövlətinin ən böyük nailiyyətlərindən biridir. Müxtəlif xalqların və konfessiyaların sülh və tolerantlıq, qarşılıqlı hörmət şəraitində yaşamaları ölkəmizin sosial-mədəni yüksəlişində ən mühüm amillərdən hesab olunur.
Layihə rəhbəri diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin nəticəsi olaraq Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların mehriban yaşadığı ölkə olmaqla yanaşı, həm də mədəniyyətlər və sivilizasiyalararası dialoqa mühüm töhfələr verir. Bu gün multikulturalizm siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Azərbaycan beynəlxalq aləmdə multikultural dövlət kimi tanınır. Respublikamızda yaşayan bütün azsaylı xalqların mədəni orijinallığı müxtəlif qanunlar və normativ-hüquqi aktlarla təmin olunur.
Lalə Azərtaş bildirib ki, əsas məqsəd ölkəmizdə yaşayan azsaylı xalqların mədəni irsinə, milli-mənəvi dəyərlərinə hörmətlə yanaşaraq, onun öyrənilməsini və təbliğini təşkil etməkdir. Üç ay davam edəcək layihə çərçivəsində Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyətləri ilə əlaqədar ərazilər üzrə araşdırmalar aparılacaq. Layihə çərçivəsində Qax, İsmayıllı, Quba və Lənkəran rayonlarında məlumatlandırıcı seminarların, həmçinin azsaylı xalqların mədəni irsinə, mətbəxinə aid əl işləri, sənət nümunələrindən ibarət sərgilərin təşkili nəzərdə tutulur.
Seminarda Qax Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova çıxış edərək, multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanda müxtəlif millətlərə, din və etnik qruplara məxsus insanların qarşılıqlı hörmət və anlaşma şəraitində yaşadıqlarını, onlara öz milli mədəniyyətlərini, adət-ənənələrini sərbəst şəkildə nümayiş etdirmək üçün hər cür şərait yaradıldığını diqqətə çatdırıb. Vurğulanıb ki, multikultural dəyərlərin, ənənələrin qorunub saxlandığı Qax rayonunda da qədim zamanlardan müxtəlif xalqların nümayəndələri mehriban şəraitdə yaşayır, birgə fəaliyyət göstərirlər. Bu xalqların nümayəndələri öz mədəniyyətlərini, adət-ənənələrini daim qoruyub saxlayır və inkişaf etdirirlər.
Layihənin eksperti Nailə İsmayılova, azsaylı xalqların nümayəndələri çıxış edərək, tədbirin əhəmiyyətini xüsusi qeyd edib, təşkilatçılara minnətdarlıqlarını bildiriblər.
Sonra tədbir iştirakçıları rayonda yaşayan azsaylı xalqların mədəni irsinə, mətbəxinə aid əl işləri və sənət nümunələrindən ibarət sərgi ilə tanış olublar.