Postmüharibə dövrünün reallıqları: Regionun gündəliyini Azərbaycan diktə edir
Dünya çox narahat və mürəkkəb bir dönəmdən keçir.
Planetimizin bugünkü mənzərəsinə nəzər salsaq, o qədər də xoş olmayan səhnələr görərik. İki ildən çoxdur davam edən pandemiya, zaman-zaman alovlanan münaqişə və müharibə ocaqları, iqlim dəyişikliyinin fəsadları, bir-birini əvəzləyən iqtisadi və humanitar böhranlar...
Sadaladığımız bu və digər qlobal risk faktorları fonunda Azərbaycanın son dörd ildə qət etdiyi uğur yolu daha cazibədar, daha möhtəşəm təsir bağışlayır.
İstər daxili, istərsə də xarici siyasət sferalarını əhatə edən bu uğur yoluna təkcə son dörd ilin prizmasından baxmaq düzgün olmazdı. Siyasət də canlı təbiət kimidir – bəhrəsini bəzən uzun illər gözləmək lazım gəlir. Dörd ildə baş verən tarixi hadisələri, qəbul olunan qərarları, inqilabi səciyyə daşıyan islahatları bir-bir sadalayası olsaq, buna vaxtımız yetməz. Odur ki, ən mühüm hadisələrin qısa icmalı ilə kifayətlənməyə məcburuq.
2018-ci il
- 29 may. Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi oldu
- 12 iyun. TANAP qaz kəməri istifadəyə verildi
- 26 sentyabr. “Azerspace-2” peyki orbitə buraxıldı
2019-cu il
- 30 noyabr. TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsi açıldı
- 25-26 oktyabr. Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçirildi
2020-ci il
- 27 sentyabr. Ermənistan silahlı qüvvələrinin bütün cəbhəboyu genişmiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun sonradan Vətən müharibəsi adı alan əks-hücum əməliyyatları başladı
- 8 noyabr. Qarabağın tacı Şuşa şəhəri işğaldan azad olundu
- 10 noyabr. Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti Dağlıq Qarabağ münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə üçtərəfli Bəyanat imzaladılar
- 31 dekabr. Trans-Adriatik (TAP) boru kəməri ilə Azərbaycan qazının Avropaya nəqlinə başlandı.
2021-ci il.
- 20 mart. Prezident İlham Əliyev Cıdır düzündə Novruz tonqalı yandırdı
- 5 iyun. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı
- 12 noyabr. Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim olundu.
2022-ci il.
- 4 fevral. Prezident İlham Əliyevin, Fransa Prezidentinin, Avropa İttifaqı Şurasının Prezidentinin və Ermənistanın baş nazirinin iştirakı ilə videoformatda görüş keçirildi
- 4 aprel. “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” təsdiq edildi
- 7 aprel. Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü oldu.
Bu yığcam icmaldan da göründüyü kimi, Azərbaycan dinamik inkişaf yolunda inamla irəliləyir, Prezidentimiz regionda sülh təşəbbüsləri ilə çıxış edir, milli maraqları bütün səviyyələrdə qətiyyətlə qoruyur, mövcud problemlərin həllinə istiqamətlənmiş addımlar atır.
İlham Əliyevin yeni müddətə prezident seçilməsinin dördüncü ildönümündə Azərbaycanın və dünyanın siyasi gündəmdə yer alan iki aktual mövzu - Cənubi Qafqaz regionunda sülh prosesinin Brüssel formatına keçid və Avropanın enerji xəritəsini dəyişən Cənub Qaz Dəhlizi ilə bağlı mülahizə və düşüncələrimi bölüşmək istərdim.
Brüssel formatı. Azərbaycanın post-müharibə dövründəki mövqeyinə
Avropa İttifaqından böyük dəstək
Ötən dörd ilin ən möhtəşəm, ən parlaq hadisəsi hansıdır? Bu sualı kimə versən, sözsüz ki, belə deyəcək: 44 günlük Vətən müharibəsi, Qarabağın işğaldan azad olunması.
Doğrudan da çoxəsrlik tariximizdə buna bənzər Zəfər olmayıb. Təkcə bu Qələbə yetər ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin adı tarixə qızıl hərflərlə yazılsın. Yüz illər boyu xalqımız torpaq itirə-itirə gəlirdi və ilk dəfə olaraq itirdiyimiz torpağı – qədim yurd yerimiz Qarabağı düşmən caynağından qurtara bildik.
Vətən müharibəsi, onun ən təsirli, möhtəşəm məqamlarından biri olan Şuşa zəfəri barədə çox deyilib, çox yazılıb. Mən də yeri gəldikcə, öz fikir və düşüncələrimi oxucularla bölüşmüşəm.
Azərbaycan tarix yazır: yolumuz Qarabağadır
Publisistik düşüncələr: Günəşli payızın qırx dörd anı
“Xarıbülbül”ün qayıdışı və Şuşadan dünyaya verilən mesajlar
Qalibiyyət formulu: Dahi sərkərdə, dəmir yumruq, əzmkar xalq
İndi isə postmüharibə dövrünü yaşayırıq və bu mərhələnin öz hədəfləri var. 2020-ci ilin payızında böyük coşqu, sevinc göz yaşları ilə bayram etdiyimiz Qələbəni siyasi və diplomatik müstəvidə möhkəmlətmək, regiona sülh gətirmək barədə düşünmək vaxtıdır. Möhtəşəm Zəfər yeni reallıqlar yaratmışdı və onları regiondakı bütün oyunçuların, bütün dünyanın qəbul etməsi lazım idi. Qələbədən sonra atılan addımlara nəzər salsaq, Prezidentimizin hərb meydanındakı döyüşdən heç də asan olmayan bu işin öhdəsindən də məharətlə gəldiyini görərik.
Postmüharibə dövründə nizamlamanın ağırlıq mərkəzi Avropa İttifaqına keçdi. Çünki ATƏT-in Minsk qrupunun 27 illik “0” fəaliyyəti artıq ona bel bağlamağın mənasızlığını ortaya qoymuşdu.
Yadıma Prezident İlham Əliyevin Minsk qrupunun həmsədrlərini münaqişə bitdikdən sonra Bakıda qəbul edərkən onlara dediyi sözlər düşür: “Mən sizi çağırmamışam...”. Bu, diplomatik bir jest idi və ondan sonra Minsk qrupunu meydanda görən olmadı və o, tarixin arxivinə atıldı.
Azərbaycanın döyüş meydanında qələbəsindən sonra Cənubi Qafqazda yeni fəal oyunçu – Avropa İttifaqı görünməyə başladı. Aİ Şurasının prezidenti Şarl Mişel Bakıya və İrəvana səfərlər etdi. Ötən ilin axırlarında Azərbaycan və Ermənistan liderləri Brüsselə dəvət edildi və Şarl Mişelin iştirakı ilə ilk üçtərəfli görüş baş tutdu. Nəhayət, bir neçə gün əvvəl – aprelin 6-da Brüsseldə növbəti üçtərəfli görüş keçirildi.
Azərbaycan diplomatiyasının növbəti uğuru kimi səciyyələndirilən bu görüş Prezident İlham Əliyevin hadisələrin axarını dəyişməyə qadir lider olduğunun daha bir əyani təsdiqidir. Sülh təşəbbüsləri Azərbaycandan gəlir. Yəni Azərbaycan qalib tərəf olaraq hansısa şərtlər diktə etmir, əksinə, tarixin köhnə səhifəsini qapadaraq yeni səhifə açılmasını səmimi şəkildə dəstəkləyir. “Münaqişə artıq öz həllini tapıb, indi Azərbaycanla Ermənistan arasında münasibətləri nizamlamaq vaxtıdır” – Prezident İlham Əliyevin qonşularımıza və dünyaya bu xoşməramlı mesajı təbii ki, adekvat cavabını gözləyir.
Beləliklə, gündəlikdəki əsas məsələ sülh sazişinin imzalanmasıdır. Azərbaycanın bununla bağlı Ermənistana təqdim etdiyi beş prinsipi qarşı tərəf də, Avropa cəmiyyəti də məqbul hesab edir. Qafqaza sülh hansı əsasda gələ bilər, regionun əməkdaşlıq potensialından hansı ölkələr yararlana bilər? Prezidentin cavabı kifayət qədər aydın və birmənalıdır: “Qarşılıqlı olaraq ərazi bütövlüyünün və beynəlxalq sərhədlərin toxunulmazlığının tanınması, daha sonra sərhədlərin delimitasiyası - hesab edirəm ki, bunun əsasında Qafqaza sülh gələcəkdir. Biz bunu istəyirik. Biz Cənubi Qafqazın üç ölkəsi arasında Cənubi Qafqazda fəal əməkdaşlıq üçün potensialın olduğunu görürük və hesab edirəm ki, bu, nəinki bu ölkələr üçün, daha geniş region üçün önəmli olacaq”.
Analitiklərin fikrincə, Azərbaycan Brüsseldə istədiyinə nail oldu. Burada Azərbaycan Prezidenti ilə Avropa İttifaqı Şurası Prezidentinin şəxsi zəmində, qarşılıqlı etimada söykənən münasibətləri, eləcə də Aİ ilə Azərbaycan arasında getdikcə dərinləşən əlaqələr öz sözünü dedi.
Təsadüfi deyil ki, Brüssel görüşü dünya mətbuatının diqqət mərkəzində idi. Türkiyənin Anadolu, Almaniyanın “dpa”, İspaniyanın EFE, Belçikanın RTL, İranın “Tasnim”, “Mehr news” agentlikləri, həmçinin Ukrayna, Moldova, Gürcüstan, Misir və digər ölkələrin aparıcı xəbər portalları və nəşrləri Prezident İlham Əliyevin Aİ Şurasının Prezidenti Ş.Mişel və Ermənistanın baş naziri N.Paşinyanla apardığı danışıqlara geniş yer ayırdı. Bizim üçün çox qürurvericidir ki, bu xəbərlərin əksəriyyəti AZƏRTAC-a istinadla yayılırdı.
Azərbaycan Prezidentinin postmüharibə dövründəki mövqeyi ilə Şarl Mişelin Brüssel görüşünün nəticələrinə dair bəyanatını müqayisə etsək, üst-üstə düşən bir çox nöqtələr, məqamlar görəcəyik. Bu gün Azərbaycan regionun gündəliyini diktə edən tərəfdir və Prezident İlham Əliyevin beynəlxalq hüquqa söykənən mövqeyinə bir çox beynəlxalq təşkilatlarda, o cümlədən dünyanın güc mərkəzlərindən biri olan Avropa İttifaqında hörmətlə yanaşılır. Artıq “Dağlıq Qarabağ” termini siyasi leksikondan çıxıb, statusdan danışan yoxdur. Azərbaycan hər iki məsələdə qəti mövqe sərgiləyərək bu mövzuları qapadıb.
Brüssel görüşündə Ermənistan tərəfinin – baş nazir Nikol Paşinyanın arxa planda qaldığı da açıq-aşkar görünürdü. Azərbaycanın mövqeyi gücləndikcə, Ermənistana olan dəstək hər mənada azalır. Bu da ona Azərbaycanla sülh sazişinə getməkdən başqa yol qoymur.
Cənub Qaz Dəhlizi. Avropanın enerji xəritəsini dəyişən möhtəşəm layihə
2020-ci ilin son günü – dekabrın 31-də Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Azərbaycan qazı Avropaya nəql olunmağa başladı. Prezident İlham Əliyevin təşəbbüsü və Azərbaycanın yaxından iştirakı ilə reallaşdırılan Cənub Qaz Dəhlizi tarixə XXI əsrin ən böyük layihələrindən biri kimi düşdü və Avropanın enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişdi.
Bu günün, eləcə də yaxın gələcəyin prizmasından baxılarsa, bu qaz dəhlizinin reallaşması tarixi hadisə sayıla bilər. Xüsusən TAP-ın tikintisi çətin və mürəkkəb geosiyasi şəraitdə həyata keçirilib. Azərbaycan Prezidentinin gərgin səyləri ilə bir neçə ölkə və aparıcı maliyyə qurumlarını, necə deyərlər, bir komanda şəklində səfərbər etmək sayəsində mümkün olub.
Cənub Qaz Dəhlizi, həmçinin siyasi uzaqgörənliyin bariz nümunəsi hesab edilə bilər. Layihənin təməlinin atıldığı 2014-cü ildə beynəlxalq vəziyyət indikindən xeyli fərqli idi, Avropanı qarşıda dərin enerji böhranı gözlədiyini yəqin ki, çoxları bilmirdi.
Həmin vaxtdan səkkiz il keçir. Bu gün Rusiya-Ukrayna müharibəsi bir çox qlobal risklərlə müşayiət olunur. Qərbin Rusiyaya qarşı misli görünməmiş sanksiyaları Rusiya neftindən və qazından əhəmiyyətli dərəcədə asılı olan Avropa İttifaqı ölkələrində ciddi narahatlıq doğurub. Onlar qaz tədarükünün alternativ mənbələrini axtarır, mümkün şaxələndirmə variantları barədə düşünürlər. Baxın, bir tərəfdən qazın fantastik həddə çatan qiymətləri (bir müddət əvvəl Avropa bazarında 1000 kubmetr qazın qiyməti 3000 dolları ötmüşdü), digər tərəfdən yanacaq qıtlığı Avropanı silkələyir. Belə bir həssas dönəmdə karbohidrogen ehtiyatları ilə zəngin, strateji neft-qaz boru kəmərlərinə sahib Azərbaycan diqqəti cəlb etməyə bilməzdi. Prezidentimizin dediyi kimi, Cənub Qaz Dəhlizinin əhəmiyyətini indi bizə nisbətən Avropada daha aydın görürlər.
Son vaxtlar belə bir fikir tez-tez səslənir ki, Avropa İttifaqının Cənubi Qafqaz regionunda sülh və sabitlik yaradılmasına yönəlik təşəbbüsləri, bu kontekstdə Azərbaycanın mövqeyini və səylərini dəstəkləməsi məhz neft-qaz faktorundan qaynaqlanır. Digər tərəfdən, Azərbaycan artıq 10-15 il əvvəlki ölkə deyil ki, onun mənafelərinə etinasızlıq göstərilsin. Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişel regionda yaranan bu yeni reallıqları görür və qəbul edir.
Kəskin enerji böhranı ilə üz-üzə qalmış Aİ Bakıya böyük ümidlə baxır. Hərçənd, hazırda Azərbaycandan Avropaya qaz ixracının həcmi o qədər də böyük deyil. Əvəzində böyük perspektivlər, Orta Asiya qazının Azərbaycan üzərindən nəqli imkanları var. Hətta mövcud boru kəmərlərinin buraxılış gücünü artırmağın vacibliyi, yenilərini çəkməyin mümkünlüyü barədə söhbətlər gedir. Yəni avropalı tərəfdaşlarımız Azərbaycanın strateji imkanlarını görür, öz siyasətlərində mövcud reallıqlara uyğun korrektələr edirlər.
Bu yanaşma özünü təxminən iki ay əvvəl Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi toplantısında da açıq şəkildə göstərirdi. Toplantıdakı çıxışında Prezident İlham Əliyev Bakıya təşrif gətirmiş nazirlərə, Aİ-nin yüksəkvəzifəli şəxslərinə Azərbaycan qaz ehtiyatları barədə məlumatları çatdırdı: “Şahdəniz” – 1 trilyon kubmetr, “Babək” – 400 milyard kubmetr, “Ümid” – 200 milyard kubmetr. Azərbaycanın isbat edilmiş qaz ehtiyatları ümumilikdə 2,6 trilyon kubmetr təşkil edir ki, bu da kiçik həcm deyil (nəzərə alaq ki, bu il üçün cəmi 19 milyard kubmetr qaz ixracı nəzərdə tutulur).
İndi isə heç bir şərh vermədən Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simsonun toplantıdakı çıxışından bir hissəni təqdim etmək istərdim: “Etibarlı, rəqabətcil və qəbul edilən qiyməti olan qaz Cənub-Şərqi Avropaya yol tapmaqdadır. Evlər qazla təchiz olunur, binalar isidilir və vətəndaşlar ehtiyac duyduğu enerjini alırlar. Artan enerji qiymətləri və sərt qaz təchizatı ilə dəhlizin rolu Avropa İttifaqı üçün heç vaxt görünməyən strateji əhəmiyyət kəsb edir. Fikrimizcə, Cənub Qaz Dəhlizi davamlı uğur hekayəsidir. Əlbəttə, bütün uğur hekayələri kimi, bu məsələ növbəti mərhələyə çıxır və biz baxmalıyıq ki, dəhliz öz ötürücülük qabiliyyətini artıra, yaxud hətta coğrafi baxımdan genişləndirə bilərmi?”.
Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto isə avropalı həmkarlarının ümumi rəyini ifadə edərək deyir: “Hazırda Mərkəzi Avropada enerji mənbələrinin şaxələndirilməsi imkanlarına baxdıqda görürük ki, buna nail olmaq üçün ən müvafiq, ən real mənbə Azərbaycan qazıdır”.
Zəmanəmizin getdikcə sərtləşən çağırışları və qlobal iqtisadi risklər fonunda Azərbaycanın etibarlı tərəfdaş olaraq cazibədarlığı hər ötən il daha da artır. Bu, Prezident İlham Əliyevin illər uzunu yürütdüyü çevik və praqmatik siyasətin artıq gözlə görünən nəticələridir. Vaxtilə ikili standartlarından əziyyət çəkdiyimiz Qərb, təcavüzkarla təcavüzə məruz qalan arasında fərq qoymayan Avropa, nəhayət, üzünü ədalətə, haqlı tərəfə çevirir, kimin kim olduğunu görməyə başlayır.
İnformasiyanın gücü. Media-cəmiyyət münasibətlərində yeni mərhələyə keçid
Prezident İlham Əliyevin siyasi fəaliyyətində mühüm yer tutan, hər zaman gündəmdə olan daha bir aktual mövzu barədə də düşüncələrimi bölüşmək istərdim.
XXI yüzilliyi informasiya əsri adlandırırlar. Münaqişə və müharibələrin alovlandığı müasir dövrümüz həm də informasiya savaşı ilə səciyyəvidir. İnformasiya öz gücünü hər addımda, hər yerdə göstərir. Bu baxımdan yeni cəmiyyət düzənində onun yerinin və rolunun dəqiq, mövcud reallıqlar nəzərə alınmaqla müəyyənləşdirilməsi müstəsna əhəmiyyətə malikdir.
Təxminən 50 ildir mətbuatda çalışan, müxtəlif dövrlərdə KİV sferasında hökm sürən ziddiyyətlərin, baş verən eniş və yüksəlişlərin bilavasitə şahidi olan bir jurnalist kimi təbii ki, bu mövzu mənə daha yaxındır. Azərbaycanın media siyasətinin əsasları müstəqillik dövründə, hələ ondan da öncə ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuşdu. Mən bu dahi insanın AZƏRTAC-ın timsalında mətbuata, informasiyanın əhəmiyyətinə verdiyi önəmə şəxsən şahidəm. Bu barədə xatirələrimi agentliyin 100 illik yubileyində bölüşmüşəm.
AZƏRTAC-100: Bir əsrlik yola beş fərqli zaman nöqtəsindən baxış
Əlbəttə, dövrlər fərqlidir, dünya və onun ayrılmaz hissəsi olan İKT başgicəlləndirici sürətlə dəyişir. Biz informasiyanın onun təsir gücünü öz təcrübəmizdə - Vətən müharibəsinin gedişində daha yaxından gördük. Prezident İlham Əliyevin iradəsi ilə Azərbaycanın qapıları dünya mediasının üzünə taybatay açıldı: 44 gündə xarici KİV-ə 30-a yaxın müsahibə! Bu, fenomendir, dünya tarixində nadir görünən hadisədir.
Nüfuzlu, çox geniş auditoriyaya malik xarici telekanallar, xəbər agentlikləri, qəzetlər Azərbaycan Prezidenti ilə söhbətə can atırdılar. Onların arasında qərəzli, dost olmayan KİV-lər, reportyorlar da vardı. Lakin Prezidentimiz bütün hallarda kamera, mikrofon önünə keçir, əsil həqiqəti və ədaləti mümkün qədər çox tamaşaçıya, oxucuya çatdırmaq üçün hər bir fürsəti dəyərləndirirdi. Hazırcavablılığı, dərin biliyi, yüksək intellekti nəticəsində auditoriyanı dərhal ələ ala bilir, münaqişə və Qarabağ barədə həqiqətləri səbir və təmkinlə çatdırırdı. İlham Əliyev öz müsahibələrində təkcə dövlət başçısı, Ali Baş Komandan kimi deyil, tarixçi, strateq, konfliktoloq kimi çıxış edir, dünyaya onun başa düşəcəyi dildə mesajlar verirdi.
Prezident İlham Əliyevin beynəlxalq ictimaiyyətə aydın və birmənalı mesajları
Nəticə göz önündədir. Dünya həqiqətin, ədalətin harada, kimin tərəfində olduğunu tədricən anlamağa başladı. Ermənilərin onilliklər boyu uydurduqları və şüurlara yeritdikləri yalanlar, miflər göz önündə sabun köpüyü kimi əriyirdi. İstənilən halda müharibəni qəbul etməyən beynəlxalq aləm, dünya ölkələri (bir neçə ermənipərəst təşkilat və ölkə istisna olmaqla) Azərbaycana haqq qazandırır, yaxud neytral mövqe tuturdular. Azərbaycanın vuran əli beləcə güclənir, ifşa olunan Ermənistan getdikcə təklənirdi. Mübaliğəsiz demək olar ki, informasiya savaşında bu üstünlük Qarabağ Zəfərini şərtləndirən əsas faktorlardan biri oldu, Qələbəmizdə silahdan, döyüşən ordudan heç də az rol oynamadı.
Postmüharibə dövründə Azərbaycanın informasiya mühitinə bir yenilənmə ruhu hakimdir. Mediaya yanaşmada, media ilə təmaslarda istiləşmə müşahidə olunur. Əlbəttə, buna yön verən ölkənin birinci şəxsidir - Prezident İlham Əliyevdir. Eləcə də, Birinci vitse-prezident Mehriban Əliyevanın müharibə dövründə medianın uğurlu, döyüşkən fəaliyyətinə görə KİV nümayəndələrinə minnətdarlığını da bu qəbildən hesab etmək olar.
Son vaxtlar yeniləşən cəmiyyətimizdə KİV-in yerinin və rolunun müəyyənləşdirilməsi, ölkə mediasının modernləşdirilməsi istiqamətində atılan effektiv, davamlı addımların şahidiyik. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il 12 yanvar tarixli Fərmanı da məhz bu hədəflərə yönəlmiş mühüm sənəddir. Bununla da Azərbaycan mediasının qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşməsini, qabaqcıl texnologiyaların geniş tətbiqini, aparıcı trendlərin izlənilməsini və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan daha çox bəhrələnməsini, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətin stimullaşdırılmasını nəzərdə tutan əsaslı islahatlar prosesinə start verilmiş oldu. Azərbaycanda dünya standartlarına uyğun KİV-in formalaşmasına yol açıldı. Mediamız informasiya sahəsində yeni trendləri daha çevik tətbiq etməklə qlobal informasiya məkanına daha sürətlə inteqrasiya etməyə başladı.
Bu kontekstdə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin yaradılması və “Media haqqında” Qanunun qəbul edilməsi ölkə mətbuatı tarixində əlamətdar hadisə kimi dəyərləndirilə bilər. Bu qanunun qəbul edilməsi sayəsində cəmiyyət-KİV, dövlət-media münasibətlərinin müasir dövrün tələblərinə uyğun, daha sivil normalarla nizamlanması ilə səciyyələnən bir dövrə keçid edirik.
Prezident İlham Əliyevin bu ilin yanvarında jurnalistlərlə görüşü zamanı səsləndirdiyi fikir onun mətbuatın inkişafı, medianın ictimai nəzarət funksiyası ilə bağlı mövqeyini ifadə etmək baxımından xarakterikdir: “Deyə bilərəm ki, mən bəzən xoşagəlməz hallar haqqında sizdən öyrənirəm, sizdən bu xəbəri tuturam və dərhal reaksiya verilir... Ona görə dövlət məmurları bilməlidirlər, onların işinə təkcə Prezident Administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir”.
Eyni zamanda, Prezidentimizin Azərbaycan mətbuatında önəmli yer tutan ilk milli xəbər agentliyimizə - AZƏRTAC-a diqqət və qayğısı bütövlükdə ölkə mediasına göstərilən diqqət sayıla bilər.
Bu ilin ilk günlərində agentliyimizin ofisi Prezidentimizin Sərəncamına əsasən tikilmiş yeni binaya köçüb. Bu gözəl, müasir standartlara uyğun binada 225 əməkdaşımız üçün lazımi iş şəraiti yaradılıb. Kollektivimizin istifadəsinə ən müasir texnologiyalar verilib. Binaya baxış keçirən Prezident İlham Əliyev burada yaradılan şəraiti yüksək qiymətləndirdi.
Prezident İlham Əliyev AZƏRTAC-ın yeni binası ilə tanış olub
Doğru və obyektiv xəbərin 102 ildir dəyişməyən ünvanı - AZƏRTAC
İlham Əliyev mətbuata, jurnalistlərə açıq dövlət başçısıdır. Tarixdə bunun bir çox nümunələri var (ən parlaq nümunə təbii ki, Vətən müharibəsi dövründəki çoxsaylı müsahibələrdir). Son vaxtlara gəlincə, Prezidentimiz yerli telekanalların müxbirləri ilə görüşərək onların suallarını cavablandırıb, AZƏRTAC-a iki müsahibə verib.
Bu sıraya söz və mətbuat azadlığının daim genişlənən hüdudlarını da əlavə etsək, milli mətbuatımızın məmnunluq doğuran müasir mənzərəsi qismən tamamlanar. Bu azad, şəffaf, Avropa standartlarına uyğun mətbuat aləmi Prezidentimizin siyasi iradəsinin nəticəsi, Azərbaycanı yetkin informasiya cəmiyyəti kimi görmək istəyinin ifadəsidir.
X X X
Otuzillik işğala hərbi-siyasi yolla son qoymağa nail olan, ölkəsini və xalqını qlobal böhran və risklərin təsirindən maksimum dərəcədə qoruyan, regionda və dünyada söz sahibi olan Prezident İlham Əliyevin müdrik və praqmatik siyasəti Azərbaycanı daim irəli aparır. Tariximizin son dörd ili bu baxımdan xüsusilə əlamətdardır. İlham Əliyev anında və məqamında edilmiş diplomatik gedişlərlə hadisələrin axarını məqbul məcraya yönəldə bilir. Uğur yolunu məhz gələcəyə hesablanmış bu siyasət şərtləndirir və ölkəmizin sabaha daha nikbin nəzərlərlə baxmağa əsas verir.
Azərbaycan xalqı öz liderinin rəhbərliyi ilə tarix yazmaqda davam edir.
Aslan Aslanov
AZƏRTAC-ın İdarə Heyətinin sədri,
OANA-nın vitse-prezidenti