Azərbaycanda “İnstagram” hesabı olan dovşan: kitab oxuyur, yemək bişirir - MÜSAHİBƏ | 1news.az | Xəbərlər
Müsahibə

Azərbaycanda “İnstagram” hesabı olan dovşan: kitab oxuyur, yemək bişirir - MÜSAHİBƏ

Babək Cahandarov12:50 - 14 / 04 / 2022
Azərbaycanda “İnstagram” hesabı olan dovşan: kitab oxuyur, yemək bişirir - MÜSAHİBƏ

Bu gün aralarında həm uşaqların, həm də yaşlıların olduğu bir çox insan müxtəlif sosial şəbəkələrdə özlərinə hesab açır. Lakin Ayşən İsmayılova adlı gənc qız özünə deyil, Doşi adlandırdığı oyuncaq dovşanına hesab açıb, həm də “İnstagram”da.

Bir-birindən maraqlı fotolar və videolar paylaşan Doşinin izləyicilərinin sayı günü-gündən artmaqdadır. Belə bir ideyanın haradan qaynaqlandığını öyrənmək və Doşi haqqında daha çox məlumat əldə etmək üçün A.İsmayılova ilə həmsöhbət olduq.

Məlumat üçün bildirək ki, 23 yaşlı Ayşən ali təhsilinə Azərbaycan Turizm və Menecment Universitetinin Tərcümə ixtisasında başlayıb, lakin sonradan universitetini və ixtisasını dəyişərək Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. Buradan 2021-ci ildə məzun olan Ayşən hazırda magistr təhsili almağa hazırlaşır.

- Doşi üçün “İnstagram”da səhifə açmaq ideyası necə yarandı?

- Məzun olanadək, yəni 22 yaşıma kimi heç vaxt “Facebook” və “İnstagram”dan istifadə etməmişəm. Açığı, bunlara vaxt itkisi kimi baxırdım. Əslində, hələ də belə düşünürəm. Telefonu beş dəqiqəlik əlinə alırsan, amma bir də görürsən ki, bayaqdan bəri telefondan qopa bilməmisən. Bu fikirlərimə görə də sosial şəbəkələrdən uzaq durmağa çalışırdım. Lakin məzun olduqdan sonra sevdiyim bəzi müəllimlərim ilə əlaqəmin qopmağa başlayacağını gördüm və “Facebook” səhifəsi açmaq qərarına gəldim.

Doşinin səhifəsinə gəlincə, bunu mənə ilk dəfə universitetdən tanıdığım bir qız təklif etmişdi. Doşinin şəkil və videolarını həmişə “Whatsapp”dan paylaşırdım və görürdü. Ümumiyyətlə, onunla bağlı statuslarımı insanların əksəriyyəti bəyənirdi. Daha sonra Doşiyə “İnstagram” səhifəsi açmaq təklifləri daha da çoxaldı. Məzun olandan sonra bu təklif mənim də ağlıma batmağa başladı və səhifəni açmaq qərarına gəldim. Əvvəlcə, Doşinin adının yanına öz soyadımı qoymaq istəmişdim, ancaq birdən ağlıma Şirinov soyadı gəldi. Dostlarım da bu soyadı təbəssümlə qarşıladılar. Yəni Doşinin sosial şəbəkələrə ilk qədəmini qoymağı bu cür olmuşdu (gülür).

- Belə bir ideya sənin heyvanlara olan sevgindən qaynaqlana bilərmi?

- Bu sualı insanlardan çox eşitmişəm. Səhifənin yaranmağı yox, amma Doşinin həyatıma girməyi bir neçə səbəbdən qaynaqlanır. Təbii ki, bu səbəblərdən biri də heyvanlara duyduğum sevgidir. Çünki Doşi insana bənzəsə də, oyuncaq dovşandır. Heyvanları çox sevirəm, xüsusən də dovşanları.

Uşaqlığımdan bu yana müxtəlif vaxtlarda bir pişiyim, iki dovşanım, iki tısbağam olub. Doşinin meylimi saldığım gerçək heyvanlardan üstünlüyü ondadır ki, ölmür və yaxşı baxa bildiyim müddət ərzində də mənimlə ola biləcək. Əlbəttə, haçansa öləcək deyə heyvan saxlamamaq da düzgün olmaz. Onların bizim sevgimizə ehtiyacı var. Elə insanların da onlara ehtiyacı var.

- Bu fikri ailən və dostların necə qarşıladı?

- Ailəm də, dostlarım da Doşiyə öyrəşiblər, hətta deyərdim ki, həyatımda olan insanların böyük əksəriyyəti onu çox istəyir. Ona görə də Doşiyə səhifə açmağım hər kəs tərəfindən yaxşı qarşılandı.

- Doşini almısan, yoxsa hədiyyə ediblər?

- Doşiyə olan sevgimi görən hər kəs Doşinin mənə kiminsə tərəfindən hədiyyə edildiyini və buna görə də onun mənim üçün bu qədər dəyərli olduğunu düşünür. Ancaq belə deyil. Onu özüm almışam, hədiyyə edilməyib. Hədiyyə demişkən, Doşiyə görə insanlar dovşanları hədsiz dərəcədə çox sevdiyimi düşünürlər və mənə doğum günlərimdə yalnız dovşanlı hədiyyələr alırlar. Dovşanları çox istəyirəm, amma belə getsə, dovşanlar bütün evi zəbt edəcək (gülür).

- Niyə başqa oyuncağı deyil, məhz Doşini seçdin?

- Doşinin “tərcümeyi-hal”ı olduqca uzundur. Mən uşaq olanda “Bugs Bunny” cizgi filmini çox sevirdim. Necə oldusa, bir gün özümə “Bugs Bunny” almağa qərar verdim. Qəribədir ki, bir müddətdən sonra həmin dovşanın eynisi qarşıma çıxdı, ancaq anam həmin gün tələsdiyi üçün yaxınlaşıb dovşanın qiymətini belə soruşmadı. Həmin gündən sonra “Bugs Bunny istəyirəm” deyərək hər dəfə anamı bezdirirdim.

Bir gün məktəb alış-verişinə getmişdik. Təxminən 11-12 yaşım olardı. Maşın bir oyuncaq mağazasının düz qarşısında saxladı. Gözüm həmin dəqiqə mağazanın vitrinindən asılan oyuncaq dovşana sataşdı. Maşından düşən kimi anamgili arxada qoyub mağazaya necə qaçdımsa... Anamgil də ardımca gəldi. Satıcı xanım Doşini qutunun içindən çıxarıb əlimə verdi. İlahi! Elə bilirdim ki, bütün dünyanı əlimdə saxlamışam.

Həmin gün alış-verişin sonunda taksi ilə qayıdası olmuşduq. Sürücü əlimizdəki paketləri arxaya yerləşdirdikdən sonra əlini uzatdı ki, Doşini də götürsün. Doşini necə geri çəkdimsə, yazıq sürücünün əli göydə qaldı (gülür). Elə o gündən bu günə qədər də bir yerdəyik. İlk vaxtlar onu “Dovşanım”- deyə əzizləyirdim, lakin sonra bu uzun xitabdan yorulmağa başladım və adını qısaldaraq “Doşi” etdim. Təbii ki, ona olan sevgim birmənalı qarşılanmırdı. Böyüdükcə evə gələn qohum-əqrabadan Doşi ilə bağlı “məsləhət”lər eşitməyə başladım. Bu “məsləhət”lər hələ də gəlməyə davam edir, amma daha onlara əhəmiyyət vermirəm. Kiminsə mənimlə bağlı düşüncələri əsas deyil, əsas mənim düşüncələrimdir. Çünki məni mənim qədər heç kəs tanıya bilməz.

- Yəqin ki, Doşi sənin üçün adi oyuncaqdan daha dəyərlidir...

- Mənim Doşidən çox əvvəl də oyuncaqlarım olub və onların bir neçəsi hələ də “sağ”dır. Hamısını dolabımda saxlayıram. Doşinin dəyərinə gəlincə, məncə, oyuncaqlar hamı üçün dəyərlidir. Çünki hər kəs qəlbində öz uşaqlığı ilə yaşayır. Fikir vermisinizsə, istər 80 yaşında bir insan olsun, istər 25 yaşında bir gənc olsun, hər kəs öz uşaqlıq xatirələrindən danışanda dodağında təbəssüm yaranır. Təbii ki, bu təbəssümün acı və ya şirin olmağı həmin insanın uşaqlığını necə keçirməyindən asılıdır. Amma ümumən götürsək, bir çox insan uşaqlığını xatırlayanda gözləri uzaqlara dalır. Çünki hər kəs uşaqlığı üçün darıxır.

İllər keçir, böyüyürük, hətta özümüz də valideyn oluruq, amma uşaqlığımız bizi heç vaxt tərk etmir. Bu mənada, Doşi mənim üçün çox dəyərlidir, çünki o, gündəlik qayğılarımın içində belə mənə uşaqlığımı unutdurmur. Uşaqlıq təmizlikdir, riyasızlıqdır, səmimilik və təmənnasızlıqdır. Təmənnalı münasibətlərin, riyakar insanların əhatəsində belə uşaqlığını yaşada bilən insanlar günəş kimi həyatında olan hər kəsə işıq saçırlar.

- Sosial şəbəkələrdə Doşiyə qarşı münasibət necədir? Onun adına “İnstagram”da hesab açılmağını insanlar necə qarşılayırlar?

- Əvvəla, onu deyim ki, Doşi sosial şəbəkədə səhifəsi olan ilk oyuncaq deyil. Azərbaycanda hələ ki görməmişəm, ancaq digər ölkələrdə, hətta qonşu Türkiyədə belə oyuncaqların və heyvanların adına açılmış səhifələr var və bu səhifələr insanlar tərəfindən maraqla izlənilir. Doşinin səhifəsinə də maraq göstərənlər var. Adətən səhifəni təsadüfən görən insanlardan təəccüb dolu mesajlar gəlir.

Doşinin şəkil və videolarına baxan insanların əksəriyyəti artıq bir müddətdən sonra onu oyuncaq kimi yox, canlı bir insan kimi görməyə başlayır. Bəzi dostlar ilə sağollaşanda “Doşiyə də salam deyərsən” deyə salam yollayırlar. Bəziləri isə “Görüşəndə Doşini də gətir, görmək istəyirəm” deyib Doşini görüşə dəvət edirlər. Onu sırf sosial şəbəkədən tanıyan insanlar isə sevgilərini onu izləyərək, şəkillərini bəyənərək və şərhlər yazaraq bildirirlər.

- Doşinin pərəstişkarları daha çox qızlardır yoxsa oğlanlar?

- Doşi balaca olduğu üçün onlara pərəstişkar kimi yox, “xala”lar və “əmi”lər kimi baxır. Səhifəni ilk açdığım vaxtlar “xala”lar daha çox maraq göstərirdi, lakin sonradan onu izləyən “əmilər”in də sayının artmağa başladığını gördüm. Məncə, oğlanların Doşiyə maraq göstərməyi təəccüblü deyil. Axı heç kəs birdən-birə bu yaşa gəlməyib. Hər kəs bir vaxtlar uşaq olub, oyuncaqlarla oynayıb. Böyüyəndən sonra oyuncaqlara sadəcə uşaqların əlində görməli olduğumuz bir nəsnə kimi baxırıq, halbuki tərbiyəmizdə oynatdığımız oyuncaqların və oynadığımız oyunların da böyük rolu olub. Çox sevdiyim bir aforizm var: “Uşaqkən oyunlarımız oyun yox, ən ciddi işimiz idi”.

- Doşi ilə bağlı paylaşımlarını necə seçirsən?

- Demək olar ki, paylaşımların hamısı spontan şəkildə çəkilib. Gündəlik həyatımda qarşılaşdığım hər hansı bir şey birdən-birə maraqlı bir ideyaya çevrilə bilir. Sizə deyim ki, məzmun tapmaq onu ərsəyə gətirməkdən asandır. Elə şəkil və ya videolar var ki, çox çətinliklə çəkmişəm. Axı həqiqi uşaq deyil ki, istədiyin kimi qoyasan və həmin formada da çəkəsən. Çəkiliş əsnasında yola getmədiyimiz vaxtlar olur, amma sonda ondan istədiyim kadrları ala bilirəm (gülür).

- Doşi bəzi paylaşımlarında sanki cəmiyyətə bir mesaj vermək istəyir.

- Doğrudur. Bu bəzilərinə absurd görünə bilər, ancaq düşünürəm ki, görməyi bacaran insan hər şeydən nə isə öyrənə bilir. Doşi dovşan görünüşü ilə bizi heyvanları sevməyə və qorumağa səsləyirsə, oyuncaq kimliyi ilə də bizə uşaqlığımızı xatırladır. Hazırda olduqca gərgin və stressli bir zamanda yaşayırıq. İstərdim ki, insanlar Doşini görəndə bir anlıq da olsa, bütün qayğılarından uzaqlaşıb gülümsəsinlər.

Bununla yanaşı, Doşi uşaqlar üçün də nələrsə etməyə çalışır. Səhifəni izləyənlərin bir qismi övladı olan insanlardır. Təəssüf ki, hazırda uşaqlar oturmağı bacaracaq hala gələn kimi texnologiya ilə tanış olurlar. Analar uşaq yemək yesin deyə və ya o işini görəndə ağlamasın deyə övladlarının önünə telefon qoyurlar.

İşin ən pis tərəflərindən biri də budur ki, uşaqların izlədiyi cizgi filmləri türk, rus, ingilis və s. dillərdə olur və uşaqlar dil açan kimi həmin dildə danışmağa başlayırlar. Analar bəzən tənbəllikdən, bəzən də qayğıların çoxluğundan yorulduqları üçün uşaqları layla yerinə türkcə “ninni”lər ilə yatırdırlar. Ancaq bir şeyi unutmaq olmaz ki, əslində, “uşaqdır, onsuz da qanmır” deyib əhəmiyyət vermədiyimiz hər şey onların şüuraltına işləyir. Əgər insan özünü uşaq böyütməyə, bir şəxsiyyət yetişdirməyə hazır hiss etmirsə, gərək dünyaya övlad gətirməsin.

Doşiyə gəlincə, uşaqların əllərinə telefon düşəndə heç olmasa, yaşlarına uyğun şeylərə baxsınlar istəyirəm və bu mənada Doşinin onlara yaxşı dost ola biləcəyini düşünürəm. Çünki Doşinin səhifəsində kitab oxuyarkən, tarixi abidələrimizi və rayonlarımızı gəzərkən çəkilmiş şəkil və videoları var. Yəni paylaşdıqlarımla bəzən uşaqlara milli dəyərlərimizi aşılamağa, tarixi şəxsiyyətlərimizi tanıtdırmağa çalışıramsa, bəzən də pəhriz və idman videoları çəkərək insanları özlərini olduqları kimi sevməyə səsləyirəm.

- Doşinin başına hansısa maraqlı əhvalat gəlib?

- Doşi alındığı gündən bəri ilk dəfə məzun çəkilişim olan gün evdən çıxmışdı. Həmin vaxt hələ səhifəsi olmadığı üçün şəkillərini “Whatsapp”dan paylaşmışdım. Artıq Doşini ətrafımdakı insanlar tanıyırdılar, ancaq heç kəs onu özümlə universitetə aparıb məzun geyimi geyindirəcəyimi gözləmirdi. Bu həm təəccüb, həm də marağa səbəb olmuşdu.

Daha sonra ona səhifə açdım və getdiyim bəzi yerlərə onu da aparmağa başladım. Doşi Bakının bəzi yerləri ilə yanaşı, Şamaxı və Astarada da olub. Demək olar ki, hər gəzintimizdə maraqlı hadisələrlə qarşılaşmışıq. Məsələn, bir dəfə tur vasitəsilə dostumla birgə Astaraya getmişdik. Yol yoldaşlarımızın hamısı gənclər idi. Doşini görəndə hər kəs təəccüblənmişdi, ancaq səyahət boyu ona o qədər öyrəşmişdilər ki, qayıdanda hər kəs onu qucağına alıb oynadırdı.

Orada unuda bilmədiyim gülməli bir hadisə də olmuşdu. Getdiyimiz yerdəki şəlaləni görmək üçün çətin yollarla yoxuş qalxırdıq. Xeyli gedəndən sonra şəlalənin yanına çatmışdıq. Dostumla şəlalədən uzaqda dayanıb şəkillər çəkdirirdik. Bu vaxt yanımızdan iki oğlan keçirdi. Nə dediyini tam olaraq xatırlamıram, ancaq oğlanlardan biri Doşiyə baxa-baxa nə isə deyir, bir yandan da addımlamağa davam edirdi. Birdən ayağı sürüşdü və arxasıüstə yerə yıxıldı. Dostu “Bax sənə lazım idi dovşan?”- deyə söylənərək oğlanı qaldırdı. Dostum da qayıdıb dedi ki, dovşanın ahı səni tutdu. Onda bu əhvalata xeyli gülmüşdüm. Elə indi də nə vaxt yadıma düşsə, dodağım qaçır.

Bundan başqa Doşinin maska taxıb metrodan istifadə edəndə insanların ona qəribə nəzərlərlə baxmağını da deyə bilərəm. Hətta çox vaxt ilk baxışda onun uşaq olduğunu zənn edənlər olur. Bir dəfə də Doşini aldığım günün ildönümündə üzərinə şəkli vurulmuş tort sifariş etmişdim. Tortu alsam da, şəklinin itdiyini deyib verməmişdilər. Mənə elə gəlir ki, şəkli ən şirin müştərilərindən xatirə olaraq özlərində saxlamışdılar (gülür).

- Gələcəkdə Doşi ilə bağlı hansı planların var?

- Plan yox, amma arzularım var. Doşi ilə ən böyük arzumuz bütün uşaqları həmişə xoşbəxt görməkdir. Lap Doşinin özü kimi, istəyirik ki, gözəl çöhrələrindən gülüş heç vaxt əskik olmasın.

Digər ən böyük arzumuz isə haçansa Doşi ilə bir yerdə “Disneyland” parkına gedib gəzmək və vizual təəssüratlarımızı Doşinin “xala”ları və “əmi”ləri ilə bölüşməkdir.

Qeyd: Doşinin bütün video və fotoları ilə onun İnstagramhesabında tanış ola bilərsiniz.

1news.az

Paylaş:
1193

Son xəbərlər

Bütün xəbərlər