Sevinc Gülmalıyeva: “Bəzən xəstənin həyatı analiz nəticələrinin dəqiqliyindən asılı olur” - MÜSAHİBƏ

Bu gün – aprelin 15-i Beynəlxalq Laboratoriya Diaqnostikası Mütəxəssisi Günüdür.
Bu peşənin sahibləri olan həkim və laborantlar hər bir tibb müəssisəsində tibbi xidmətin ən vacib və mühüm həlqəsidir. İnsan orqanizmində gözlə müəyyən edilə bilməyən, instrumental tədqiqat metodlarına uyğun olmayan şeylər laboratoriya mütəxəssisləri tərəfindən aşkar edilə bilər.
Mərkəzi Gömrük Hospitalının Tibbi Laboratoriyası Hospitalda diaqnostika xidmətinin mühüm bölmələrindən biridir. Laboratoriyada Dr.Sevinc Gülmalıyevnın rəhbərliyi ilə böyük bir kollektiv çalışır, burada nadir və unikal testlər də daxil olmaqla çoxlu tədqiqatlar aparılır.
Laboratoriyanın fəaliyyəti haqqında suallarımızı Mərkəzi Gömrük Hospitalının Tibbi Laboratoriyasının rəisi Dr.Sevinc Gülmalıyevaya ünvanladıq.
- Sevinc xanım, Tibbi Laboratoriyanın fəaliyyəti barədə nə deyə bilərsiz?
- Laboratoriya şöbəsi 2009-cu ildən fəaliyyət göstərir. Hazırda 24 nəfərdən ibarət tibbi heyət: həkimlər, bioloqlar, feldşer-laborantlar, tibb bacıları şöbəmizdə çalışırlar. Laboratoriyada işləyən həkim və laborantların işinin əsas iş prinsipi - analiz nəticələrinin dəqiqliyi və yüksək keyfiyyətidir, çünki düzgün diaqnoz məhz bu nəticələrdən asılıdır. Kiçik bir səhv böyük qurbanlarla nəticələnə bilər. Bəzən xəstənin sağlamlığı və hətta həyatı bu analiz nəticələrinin dəqiqliyindən asılı olur.
- Laboratoriyada hansı müayinələr aparılır?
- Bizim laboratoriyada il ərzində orta hesabla 50000-ə yaxın 600-dən çox növdə müayinə aparılır. Bu müayinələrə ümümi kliniki, seroloji , biokimyəvi, bakterioloji, immunoloji, genetik testlər aiddir. Laboratoriyaya müraciət edən hər kəsə tövsiyəmiz odur ki, müayinə nətcələrinin dəqiqliyinə təsir göstərən analiz öncəsi hazırlıq şərtlərinə əməl etsinlər. Bura qida və dərman preparatlarının qəbulu, tütün və alkoqol istifadəsi, fiziki və emosional gərginlik, qadınların fizioloji vəziyyəti, analizin verilmə saatları daxildir.
Laborator analizlərlə bağlı ən çox sual doğuran məqamlar fərqli laboratoriyalardan fərqli nətcələrin əldə olunmasıdır. Buna səbəb müxtəlif amillərdir - yuxarıda sadaladığımız analiz öncəsi şərtlərdən əlavə bioloji materialın toplanılması, saxlanılması, daşınması, analitik mərhələyə hazırlanması, beynəlxalq standartlara cavab verən müasir təchizat, yüksək hazırlıqlı kadrlar, işin səmərəli təşkili və keyfiyyətə nəzarətdir.
Ən son mərhələdə alınan laboratoriya nəticələrinin düzgün dəyərləndirilməsi də vacib şərtdir. Həkimlərin bu dəyərləndirməni düzgün aparması üçün Hospitalın Tibbi Laboratoriyası hər testin referent dəyərini pasiyentin yaşına və cinsinə uyğun təqdim edir.
- Bəzən xəstəlik özünü gec büruzə verir, insanlar hər hansı xəstəlikdən şübhələnmədikləri halda təhlükəli xəstəliklərə tutulurlar. Xəstəliyi vaxtında aşkarlamaq üçün pasiyentlərə nə məsləhət görərdiniz? Laborator müayinə hər hansı xəstəliyin qarşısının alınmasında kömək ola bilərmi?
- Nəzərə alsaq ki, bəzi xəstəliklərin simptomları gec aşkar olunur, bu səbəbdən mütəmadi olaraq Check-up müayinələrdən keçmək məsləhət görülür. Vətəndaşlarımıza xəstəliklərlə mübarizə aparmaq üçün onlara vaxtında profilaktika ilə məşğul olmağı tövsiyə edirəm.
-Sevinc xanım, fürsətdən istifadə edib Sizi və şöbənizin bütün əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzu edirik. Müsahibəyə görə sağ olun.
- Siz də sağ olun ki, peşə bayramı günümüzdə bizə diqqət etdiniz, təbrik etdiniz. Təşəkkür edirəm.
1news.az