İlham Əliyev: Qırğız Respublikası ilə münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatır
"Bu gün bizim ikitərəfli münasibətlərdə çox əlamətdar gündür – Qırğızıstan Prezidenti Azərbaycanda rəsmi səfərdədir. Biz Sizi salamlamağa və münasibətlərimizin inkişaf perspektivlərini müzakirə etmək imkanına görə çox şadıq.
Cənab Prezidentlə biz ikitərəfli gündəlik, regional məsələlər barədə fikir mübadiləsi aparmışıq və bu səfərdən istifadə edərək maksimum nəticəyə nail olmaq əzmindəyik. Bu gün çoxlu sənədlər imzalanacaq. Bu barədə biz artıq danışmışıq. Bizim münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatır".
1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunu Prezident İlham Əliyev aprelin 20-də Qırğız Respublikasının Prezidenti Sadır Japarovla keçirdiyi geniş tərkibdə görüşdə deyib.
"Bu, çox əlamətdar hadisədir, çünki qarşılıqlı fəaliyyətdə olduğumuz 29 il ərzində biz, əlbəttə, bir sıra istiqamətlər üzrə fəal işləmişik, lakin münasibətlərimiz bu səviyyədə olmayıb. Strateji tərəfdaşlıq həm böyük üstünlüklər, həm də böyük məsuliyyət deməkdir. Əminəm ki, gələcəkdə də həmişə, beynəlxalq qurumlarda da bir-birimizi dəstəkləyəcək, ikitərəfli planda fəal işləyəcəyik", - dövlət başçısı bildirib.