Prezident: “Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir”
“Həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə münasibətlərimizi intensivləşdirmək əzmində olduğumuzu bildirdik. Biz dost və qardaş dövlətlərik”.
1news.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarovla mətbuata bəyanatında deyib.
“Bu gün bizim münasibətlərimiz keyfiyyətcə yeni səviyyəyə çatıb. On sənəd imzalanıb, mən onların arasında ikisini - Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandumu xüsusi vurğulamaq istərdim. Hər iki sənəd bizim münasibətlərin xarakterini və formasını əsasən qabaqcadan müəyyən edəcək. Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və bizi məhz strateji xarakterli əməkdaşlığa kökləyir. Biz Dövlətlərarası Şura çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələləri, həm də regional və beynəlxalq problemləri daha effektli və fəal surətdə müntəzəm müzakirə edəcəyik”, - dövlət başçısı bildirib.
Prezident bildirib ki, Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq həmişə bir-birini dəstəkləyir: “Biz Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyi müddətinin uzadılmasında Qırğızıstanın dəstəyinə görə minnətdarıq. Biz BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində həmişə bir-birimizi dəstəkləyirik”.
1news.az