Azərbaycan Prezidenti: Biz güclü ordu yaratmışıq, bundan sonra da bu istiqamətdə işlər aparılacaq
Ulu Öndərin ordu quruculuğu sahəsində gördüyü işlərin nəticəsində Azərbaycan Ordusu demək olar ki, sıfırdan yaranmağa başladı və illər keçdikcə ordumuz öz gücünü artırdı. Bunu biz işğal dövründə müxtəlif zamanlarda, o cümlədən Aprel döyüşlərində görmüşük.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu barədə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsinin şəxsi heyəti qarşısında çıxışında bildirib.
Aprel döyüşlərinin işğalçılar üçün bir mesaj, bir siqnal olduğunu qeyd edən dövlətimizin başçısı deyib: “Bizim Aprel döyüşlərindəki qələbəmizdə xüsusi təyinatlıların çox böyük xidmətləri olmuşdur. Ancaq əfsuslar ki, Aprel hadisələri işğalçılar üçün dərs olmadı. Onlar işğalı əbədiləşdirmək üçün öz səylərini davam etdirdilər və işğalı əbədi etmək üçün Azərbaycana, Azərbaycan Silahlı Qüvvələrinə hədə-qorxu gəlməyə davam etdilər. Bizi yeni müharibə ilə hədələyən düşmən İkinci Qarabağ müharibəsində öz dərsini aldı. “Qarabağ Ermənistandır və nöqtə” deyən düşmən bu gün “Qarabağ Azərbaycandır” deyir. Nəyin hesabına? Danışıqlar hesabına yox! Güc hesabına, qüdrət hesabına, Azərbaycan Ordusunun Zəfəri hesabına! Biz güclü ordu yaratmışıq. Bundan sonra da bu istiqamətdə işlər aparılacaq”.