Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi yaradılıb | 1news.az | Xəbərlər
Rəsmi

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi yaradılıb

12:29 - 19 / 05 / 2022
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi yaradılıb

Prezident İlham Əliyev Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.

1news.az xəbər verir ki, Fərmana əsasən “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxs yaradılıb.

2. “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan Hüquq və İnsan Haqları İnstitutu “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsin (bundan sonra – Mərkəz) tabeliyində “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxsə (bundan sonra – İnstitut) çevrilməklə yenidən təşkil edilsin.

4. Müəyyən edilsin ki:

4.1. Mərkəz normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi, dövlət orqanları (qurumları) əməkdaşlarının hüquq normalarının tətbiqi sahəsində bilik, bacarıq və səriştələrinin inkişaf etdirilməsi, hüquqi maarifləndirmə, hüquqi ekspertizasının keçirilməsi və hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsi, habelə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla Azərbaycan Respublikasında hüquqi islahatların həyata keçirilməsinə dair təkliflər hazırlanması və bunlarla bağlı işlərin səmərəli əlaqələndirilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir;

4.2. Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılır;

4.3. Mərkəzin fəaliyyətinə cari rəhbərliyi Mərkəzin Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir;

4.4. Mərkəzin Nizamnamə Fondu 100,0 (yüz) min manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır;

4.5. Mərkəzin saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşir;

4.6. Mərkəzin tabeliyindəki İnstitut Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan Hüquq və İnsan Haqları İnstitutunun hüquqi varisidir, onun əmlakı, hüquq və öhdəlikləri İnstituta keçir;

4.7. Mərkəzin tabeliyindəki İnstitutun təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətlərini Mərkəz həyata keçirir.

5. Mərkəzin təsisçisinin səlahiyyətləri aşağıdakılara həvalə edilsin:

5.1. Azərbaycan Respublikasının Prezidentinə:

5.1.1. nizamnamənin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

5.1.2. idarəetmə orqanlarının yaradılması;

5.1.3. Müşahidə Şurasının sədrinin və 3 (üç) üzvünün vəzifəyə təyin və vəzifədən azad edilməsi;

5.1.4. Mərkəzin ləğvi və yenidən təşkili;

5.1.5. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;

5.2. Mərkəzə:

5.2.1. Mərkəzin strukturunun, əməyin ödənişi fondunun, işçilərinin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiqi;

5.2.2. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulanlar istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

6.1. Mərkəzin yaradılması ilə əlaqədar normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.2. Mərkəz “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində:

6.2.1. Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan Hüquq və İnsan Haqları İnstitutunun balansındakı dövlət əmlakının Mərkəzin tabeliyindəki İnstitutun balansına verilməsini təmin etsin;

6.2.2. bu Fərmanın 3-cü hissəsi nəzərə alınmaqla, Azərbaycan Milli Elmlər Akademiyasının strukturunda və işçilərinin say həddində dəyişiklik edilməsini təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.2.3. Mərkəzin inzibati bina ilə, nəqliyyat vasitələri ilə təmin edilməsi və maddi-texniki təminat məsələlərinin həlli üçün zəruri tədbirlər görsün;

6.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

7. Mərkəz:

7.1. Mərkəzin dövlət qeydiyyatına alınması üçün bu Fərman qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etsin;

7.2. Mərkəz dövlət qeydiyyatına alındıqdan sonra Mərkəzin işçilərinin say həddi və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etsin;

7.3. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

8. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

8.1. bu Fərmanın 4.4-cü bəndində nəzərdə tutulan maliyyələşməni təmin etsin;

8.2. Mərkəzin saxlanılması və fəaliyyəti üçün tələb olunan vəsaiti hər il dövlət büdcəsinin layihəsində nəzərdə tutsun.

9. Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlətə məxsus olan hüquqi şəxslər Mərkəzin Nizamnaməsinin 3.1.10-cu və 3.1.11-ci yarımbəndlərinə uyğun olaraq, hüquq sahəsində fəaliyyət göstərən əməkdaşlarının normayaratma fəaliyyəti və hüquq normalarının tətbiqi sahəsində təlimlərə cəlb edilməsi üçün zəruri tədbirlər görsünlər.

10. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə tövsiyə edilsin ki, Mərkəzin Müşahidə Şurasında təmsil olunacaq nümayəndəsini müəyyən etsin.

1news.az

Paylaş:
313

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər