“Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması əməkdaşlıq imkanlarını daha da genişləndirəcək” - Deputat
“Ölkəmiz hazırda növbəti mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir. İyunun 30-da başlayan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı öz işini üç gün ərzində davam etdirəcək. Konfransda “Bakı Bəyannaməsi” və “Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnamə” qəbul edilib, təşkilatın rəsmi loqosu və bayrağı təsdiq olunub, qurumun sədri və sədr müavinləri seçilib. Bu o demıkdir ki, paytaxtımızda yeni bir nüfuzlu beynəlxalq platformanın əsası qoyuldu. Konfransa 40-dan çox ölkənin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçilərinin iştirak etməsi də bunu təsdiqləyir”.
1news.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin yaradılması təşkilat daxilində ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı, o cümlədən yeni təşəbbüslərin irəli sürülməsi və reallaşdırılması baxımından əhəmiyyətlidir. Məlumdur ki, ötən ilin noyabr ayının 28-də Qoşulmama Hərəkatının sədri qismində Prezident İlham Əliyevin təşəbbüsü əsasında İspaniyanın paytaxtı Madrid şəhərində təşkilatın Parlamentlər Şəbəkəsinin təsis iclası keçirilib. 50-yə yaxın ölkədən 200-ə qədər nümayəndənin iştirak etdiyi iclasda qeyd edilib ki, bu addım Hərəkatın fundamental prinsiplərinin təşviqinə, üzv dövlətlər tərəfindən qəbul edilmiş qərarlara parlament dəstəyinin təmin olunmasına, habelə Qoşulmama Hərəkatı sıralarında yer alan ölkələr üçün ümumi maraq kəsb edən məsələlərin həllinə parlamentlərin töhfə verməsinə imkan yaradacaq. İclasın yekununda qəbul edilən Madrid Bəyannaməsində Parlament Şəbəkəsinin fəaliyyət istiqamətləri və funksiyaları vurğulanıb, Azərbaycanın təşkilata səmərəli sədrliyi təqdir olunub.
Millət vəkilinin sözlərinə görə, Parlament Şəbəkəsinin formalaşdırılması siyasi məzmuna malik olmaqla dövlətlərarası işbirliyinin güclənməsinə, təmasların sıxlaşdırılmasına töhfədir. Bakı konfransında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin Qoşulmama Hərəkatının sədri kimi fəaliyyəti, irəli sürdüyü beynəlxalq təşəbbüslər, ölkəmizin bu təşkilata üzv olan dövlətlərlə fəal əməkdaşlığı, bir-birinə dəstəyi, eləcə də İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış vəziyyət haqqında fikirlərini ifadə edib.
“Xüsusilə nəzərə almaq lazımdır ki, Qoşulmama Hərəkatı ciddi siyasi potensiala malikdir. BMT-dən sonra ikinci ən böyük təşkilat olan Qoşulmama Hərəkatı sıralarında 120 ölkəni birləşdirir. Təşkilatın 18 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var. Dünya dövlətlərinin üçdəikisini əhatə edən bir təsisatın toplantılarında müzakirə edilən məsələlər, şübhəsiz ki, BMT Baş Assambleyasının gündəliyinin formalaşmasına da böyük təsir göstərir. Təşkilatın fəaliyyəti “Bandunq prinsipləri” əsasında tənzimlənir. Həmin prinsiplər ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq kimi məsələləri ehtiva, ikitərəfli və çoxtərəfli əlaqələri isə təşviq edir. “Bandunq prinsipləri” təşkilat sıralarında olan dövlətlərin xarici siyasət prioritetlərinə uyğundur və əlaqələrin formalaşdırılması və inkişafı, əməkdaşlığın dərinləşdirilməsi üçün siyasi-hüquqi baza rolunda çıxış edir. Qoşulmama Hərəkatında fəal təmsil olunmaqla ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf etdirmək Azərbaycanın xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir. Milli maraqlara əsaslanan uğurlu strateji kurs həyata keçirən Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür və 2019-cu ildən təşkilata sədrlik edir. Bu dövr ərzində ölkəmiz təşkilat çərçivəsində fəal siyasət həyata keçirib. Parlament Şəbəkəsinin yaradılması isə əməkdaşlıq imkanlarını daha da genişləndirəcək. Eyni zamanda, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransının iştirakçılarının Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə, o cümlədən mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər edəcək. Bu səfər əcnəbi qonaqların həm erməni vandalizmi ilə əyani şahidi olmaq, eləcə də Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə həyata keçirdiyi quruculuq və abadlıq işləri ilə tanış olmaq baxımından böyük əhəmiyyət kəsb edir”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.
1news.az