Kuryerlərin etirazı - Onlar nə istəyir? - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Kuryerlərin etirazı - Onlar nə istəyir? - VİDEO

Qafar Ağayev16:25 - 05 / 09 / 2022
Kuryerlərin etirazı - Onlar nə istəyir? - VİDEO

Son günlər Bakıda Wolt şirkəti ilə əməkdaşlıq edən bəzi kuryerlərin etirazları müşahidə olunur.

Bəzi kuryerlər tarif şirkətin tarif dəyişikliyinə etiraz edərək, boykot kampaniyası keçirirlər.

1news.az bu etirazların tam olaraq nədən qaynaqlandığını öyrənmək üçün kuryerlərlə sorğu keçirib.

Wolt şirkəti ilə əməkdaşlıq edən kuryer Əli bildirib ki, il yarıma yaxındır “Wolt partyor”du.

“Əvvəllər biz 75 manat vergi ödəyirdiksə, hazırda vergilər qalxaraq 87 manat oldu. 12 manat tibbi sığorta, yerdə qalanda DSMF ödənişimiz, 5 faiz də gəlir vergimiz. Şirkətin tarifləri aşağı salması boykota gətirib çıxardı. Bizim şirkətdən tələbimiz budur ki, tarifləri artırsın. Bunlar bizim xərclərimizi qarşılamır. Motosiklerlərimizin aylıq müəyyən xərcləri var, zəncir yağlanmalıdır, mühərrik yağı ay ərzində 3 dəfə dəyişilir, gündəlik yanacağa pul xərcləyirik. Şirkət heç bir xərcimizi qarşılamır. Şirkətin yalnız qəza xərcini qarşılayır ki, o da gərək ölümcül bir həddə düşəsən ki, xərci qarşılasın”.

“Mopedlər üçün sürücülük vəsiqəsi tələb olunmasının əleyhinə deyiləm” – o, deyib:

“Biz onsuz da qayda-qanunla sürürük. Sürücülük vəsiqəsi ilə bağlı tələb olarsa, bu mənə problem olmaz”.

Digər bir kuryer Səbuhi Qədirov deyir ki, fevralda işə qəbul olanda baza tarifi 1 manat 90 qəpik idi.

“Hər getdiyim kilometrə görə üzərinə 80 qəpik pul gəlirdi. Bu mənə sərf edirdi. Pik vaxtlarda 12-dən 1-ə qədər baza tarifi qalxaraq 2,70 olurdu. 13:00-dan 14:00-a qədər 2,40 olurudu, bir də axşam saatları 18:00-dan 19:00-a qədər 2,30 azn olurdu. Əvvəl biz bir məkandan iki sifariş götürdükdə onların hər ikisi ayrı-ayrı hesablanırdı. Ancaq hal-hazırda götürdüyümüz sifarişin biri hesablanır. Yəni, məsələn bir sifarişi a nöqtəsindən b nöqtəsinə apardıq, ikinci sifarişi a nöqtəsindən deyil, b nöqtəsindən hesablayırlar. Əvvəl 80 qəpik idi, indi olub 30 qəpik. Bu bizə sərf etmir, bizim xahişimiz ondan ibarətdir ki, heç olmasa tarifdə dəyişiklik edərək, hər kilometrə 3 qəpiyi qaldıraraq 5 qəpik etsinlər. Həmçinin ikinci sifarişi məkandan hesab etsinlər. Eyni zamanda biz istəyirik ki, dünyaca məşhur “Google map” və “Waze” xəritəsindən istifadə olunsun, bunlar özlərindən yeni bir xəritə yaradıblar, o xəritə ilə də biz əlavə yol sürmüş oluruq. Aya 1200 manat qazanıramsa, onun 60-70 manatı vergiyə, 87 manatı DSMF və sığorta ödəyirəm, bundan başqa ayda 3 dəfə motosikletin yağın dəyişirəm, o da 90 manat olur, bundan başqa da motosikletin xərcləri var. Gündəlik ən azı 5-6 manat benzinə pul verirəm. Belə baxanda ay sonunda mənə təxmini 500 manat pul qalır. Xahiş edirik ki, tariflərə yenidən baxılsın, biz yüksək məbləğ istəmirik”.

Xatırladaq ki, "Wolt"şirkəti sentyabrın 2-də Bakıda kuryerlərin etirazı ilə bağlı məlumat yayıb. Bildirilib ki, şirkət kuryerlərin sifarişləri qəbul etməyib xidmət göstərməmək seçiminə hörmətlə yanaşır.

“ Lakin, təəssüf ki, bu kuryer qrupu öz narazılığını başqa kuryerlərə maneəçilik törətmək ilə əks etdirir. Bəzi kuryerlərin narazı olub işləməməsinə anlayış ilə yanaşsaq da, çoxluq təşkil edən razı kuryer-partnyorların güc ilə qarşısını kəsib, həm onların, həm də restoranların qazanc əldə etməsinə maneyə olmasını heç bir şəkildə qəbul edə bilmərik".

Daha ətralı: "Wolt" Bakıda kuryerlərin etirazı ilə bağlı məlumat yayıb

Paylaş:
645

Son xəbərlər

Bütün xəbərlər