İlyas Hüseynov: “Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin bəyanatına nəzər salanda görürük ki...”
“Düşünürəm ki, Azərbaycan diplomatiyası, eləcə də müzəffər Ali Baş Komandanımız bu diplomatik görüşdə milli maraqlarımız kontekstində münasibətlərin həll olunmasına nail oldu”.
Bu sözləri 1news.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
“Praqa görüşü mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda burada Avropa İttifaqına üzv olan 27 dövlət ilə yanaşı Avropa İttifaqının şərq əməkdaşlığnda iştirak edən dövlətlər də qatılmışdı. Belə ki, Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Böyük Britaniya və qardaş Türkiyənin bu zirvə görüşündə iştirak etməsi onu deməyə əsas verir ki, Avropa artıq yeni bir təhlükəsizlik mühitinə keçmək üçün planlar qurur və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması da əsas prioritet istiqamətdir.
Bu xüsusda dördtərəfli görüş keçirildi. Görüşün 2 blokdan ibarət olması da böyük diqqət çəkirdi. Çünki nahardan sonra yenidən dördtərəfli format toplaşdı və regionun gələcəyinə yönəlik mühüm danışıqlar həyata keçirildi. Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin bəyanatına nəzər salanda görürük ki, tərəflər Alma-Atada imzalanan sənədə istinad edirlər və bununla da Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını təsdiq edir. Bu çox önəmlidir, çünki biz uzun illər xarici siyasətdə və diplomatiyada ərazi bütövlüyü, dövlətlərin suverenliyi və sərhədlərin toxunulmazlığı prinsipini irəli sürürdük və Azərbaycanla əməkdaşlıq quran hər bir dövlət bu prinsipləri özü üçün üstün hesab etməli idi. Düşünürəm ki, Azərbaycan diplomatiyası, eləcə də müzəffər Ali Baş Komandanımız bu diplomatik görüşdə milli maraqlarımız kontekstində münasibətlərin həll olunmasına nail oldu”.
Politoloq həmçinin qarşıda bizi gözləyən hadisələrdən də bəhs edib:
“Qarşıda bizi sərhədlər arası komisiyanın iclası gözləyir. Azərbaycan həm də ona nail oldu ki, iclas oktyabr ayında keçiriləcək. Çünki iclasın oktyabrda deyil, noyabrda keçirilməsi nəzərdə tutulurdu.
Eyni zamanda Ermənistan-Azərbaycan sərhədində 2 aylıq təşkiledici missiya olacaq və burada sərhədlərin nişanlanması və delimitasiyası istiqamətində monitorinq, eləcə də hesabatlar açıqlanacaq. Bütün bunlar həm də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması kontekstində sərhədlərin delimitasiyası və demarkasiyasını da sürətləndirir. Bütün bu yollar Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına gedir. Gözlənilir ki, noyabr ayında həm də sülh müqaviləsi ilə bağlı da yekun addım atılsın. Eləcə də biz bir müddət öncə Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü gördük və burada artıq sülh müqaviləsinin müzakirəsi həyata keçirilirdi.
Ümumilikdə Praqa görüşü bizim üçün ərazi bütövlüyünün tanınması prizmasından yanaşdıqda uğurlu hesab oluna bilər. Eləcə də, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini rəsmi olaraq bu sənədlə də təsbit etmiş oldu.
Qarşıda həm də iqdisadi və nəqliyyat əlaqələrinin bərpa olunması ilə bağlı məsələlərin müzakirəsi gedir. Ümumilikdə bu məsələnin həll olunması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin bərpa olunması da bizim üçün əsas prioritetdir və Azərbaycanın xarici siyasəti və diplomatiyası da bu istiqamətdə gərgin fəaliyyət göstərir.
Biz artıq qarşıya baxmalıyıq. Qarşıda Sankt-Peterburqda MDB dövlət başçılarının zirvə görüşü olacaq və burada da önəmli məsələlər müzakirə olunacaq. Lakin Avropa İttifaqı formatında Brüssel sülh gündəliyi öz efektivliyi ilə seçilir. Şarl Mişel bütün təşəbbüslərini irəli sürür ki, Azərbaycan və Ermənistan arasında sülh mqaviləsi imzalansın.
Digər bir məsələ isə həm də Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə bağlıdır. Bütün həyata keçirilən fəaliyyət rəsmi Bakı ilə Türkiyənin koordinasiyası istiqamətindədir. Türkiyə şərt kimi Azərbaycanla Ermənistan arasında imzalanmasını irəli sürür və bu barəsə qardaş Türkiyənin prezidenti jurnalistlərə açıqlamasında da bildirmişdir. Görüş çox səmimi atmosferdə keçmişdir . Düşünürəm ki, bu münasibətlərin normallaşması da böyük bir coğrafiyada təhlükəsizlik mühitinin gücləndirilməsinə xidmət edir”.
Ayşən İsmayılova