Strateji əhəmiyyətə malik Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin gedişinə həlledici təsir göstərdi | 1news.az | Xəbərlər
Köşə

Strateji əhəmiyyətə malik Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin gedişinə həlledici təsir göstərdi

17:57 - 10 / 11 / 2022
Strateji əhəmiyyətə malik Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin gedişinə həlledici təsir göstərdi

Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarını azad etmək üçün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi.

44 gün ərzində Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu.

1news.az AZƏRTAC-a istinadən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədovun “Strateji əhəmiyyətə malik Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin gedişinə həlledici təsir göstərdi” sərlövhəli məqaləsini təqdim edir.

Azərbaycanın İkinci Qarabağ müharibəsində

hərbi-diplomatik və informasiya məkanında uğurları

2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə, eləcə də taleyinə ciddi təsir göstərdi və hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarını şərtləndirirdi.

Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququndan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Nəticədə Azərbaycan dövləti oktyabrın 4-də Cəbrayıl şəhərinin, 17-də Füzuli şəhərinin, 20-də Zəngilan şəhərinin, 25-də Qubadlı şəhərinin işğalçılardan azad olunması ilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan 874 və 884 saylı qətnaməni özü icra etdi.

Azərbaycanın hərbi-diplomatik Qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi nəticəsində noyabrın 20-də Ağdamın və 25-də isə Kəlbəcərin işğaldan azad edilməsi 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müvafiq maddəsinin yerinə yetirilməsini, eləcə də münaqişənin hərbi-siyasi həllini müəyyənləşdirdi.

Bununla yanaşı, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il ərzində yerinə yetirilməmiş qalan, eləcə də işğalçı qüvvələrin Azərbaycan Respublikasının Kəlbəcər və Ağdam rayonlarından çıxmasını nəzərdə tutan 822 və 853 saylı qətnamələr də məhz Azərbaycanın şərtləri ilə icra edildi. Bunun davamı olaraq üçtərəfli Bəyanatın müvafiq maddəsinə əsasən Ermənistan silahlı qüvvələrinin 2020-ci il dekabrın 1-dən Laçın rayonundan çıxması Azərbaycanın hərbi-diplomatik uğurlarının nəticəsi kimi qiymətləndirilir.

Azərbaycan Prezidenti İlham Əliyev mühüm beynəlxalq tədbirlərdə dəfələrlə Ermənistanın işğalçılıq siyasətini ifşa edərək təcavüzkarın faşist ideologiyası yürütdüyünü və terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini bütün dünyaya bəyan etmiş, xüsusilə, son 17 ildə Azərbaycan diplomatiyasının səyləri nəticəsində münaqişənin həlli ilə bağlı BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və s. beynəlxalq təşkilatların sənədləri buna müvafiq hüquqi baza yaratmışdı.

Nəticədə, Prezident İlham Əliyevin 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısı kimi mühüm beynəlxalq platformada qətiyyətlə söylədiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” devizi bir ildən sonra, xüsusilə 44 günün ərzində reallığa çevrildi.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq, 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirilməklə yanaşı, düşmənin bu illər ərzində yaratdığı “yenilməzlik” mifologiyasına son qoydu. Bununla yanaşı, Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü 30 ildən artıqdır ki, yürütdüyü işğalçılıq siyasəti, xüsusilə müharibə cinayətlərinin mahiyyətini açmaqla bunun bütün region üçün yaratdığı ciddi təhdidləri, davam edən hərbi əməliyyatlarla bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanaraq tutarlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, Azərbaycanın haqlı mövqeyinin konkret faktlarla dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Həmçinin bu müsahibələr informasiya məkanında da düşmənin yalan üzərində qurulmuş təbliğat maşınına ağır zərbə vurdu və Ermənistanın təcavüzkar siyasətinin, eləcə də onun himayədarlarının ifşa olunması ilə nəticələndi.

Azərbaycan Prezidentinin Vətən müharibəsi ərəfəsində və gedişində günlər ərzində 30-a qədər xarici KİV təmsilçilərinin, xüsusilə “Əl-Cəzirə”, “Əl-Ərəbiyə” “TRT Haber”, “Pervıy Kanal”, “CNN Türk”, “Euronews”, “CNN International”, “Sky News”, “RBK”, “Haber Global”, “Haber Türk”, “NTV”, “France 24”, televiziya kanallarına, Rusiyanın TASS, Ria Novosti agentliyinə verdiyi müsahibələrdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, cəbhə zonasında son hərbi əməliyyatlarla bağlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, bütün suallara konkret faktlarla cavabları Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna əhəmiyyət kəsb edir.

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da mətbuat konfransında Dağlıq Qarabağın statusu məsələsinə də “nida” işarəsi qoyaraq bildirdi ki, Ermənistana və erməni xalqına yanlış vədlər vermək lazım deyil, onları bu günə salan səbəblərdən biri də məhz o idi, xülya idi, iddia idi, əsassız istəklər idi. Bu istəklərə rəvac verən bəzi xarici ölkələrin siyasətçiləri də erməni xalqının bu rəzil duruma salınmasında öz rolunu oynadılar: “Status haradadır, onu hər kəs bilir. Hesab edirəm ki, Ermənistan və erməni xalqı üçün bu məsələ nə qədər az dilə gətirilərsə, o qədər də yaxşı olar. Ona görə status məsələsi, ümumiyyətlə, gündəlikdən çıxmalıdır. Ona görə statusla bağlı hesab edirəm ki, əgər kimsə bu gün bu məsələni qaldırırsa, sülhə yox, qarşıdurmaya daha çox xidmət göstərir”.

Hər zaman, xüsusilə, Münxen Təhlükəsizlik Konfransında bəyan etdiyi kimi, Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu diqqətə çatdıran dövlət başçısı vurğuladı ki, faktiki olaraq biz bu gün, ümumiyyətlə, Dağlıq Qarabağ ifadəsini də işlətməməliyik və Qarabağ aranlı-dağlı Azərbaycanın ayrılmaz hissəsidir.

Nəticədə bu, informasiya müharibəsində də Azərbaycanın haqlı mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdi, Ermənistanın uzun illər yürütdüyü faşist ideologiyası, xalqımıza qarşı etnik təmizləmə, soyqırımı, dövlət terrorizmi və işğalçılıq siyasətinin, eləcə də erməni yalanlarının dünya miqyasında ifşası istiqamətində əhəmiyyətli rol oynadı, tarixi ədalətin Zəfər çalmasını şərtləndirdi.

Azərbaycanın hərb meydanında tarixi Qələbəsini yüksək dəyərləndirən dünyanın bir sıra hərbi-siyasi ekspertlərinin fikirlərini Ukraynanın “İnter” telekanalının müxbiri də təsdiq etdi: “Azərbaycanın işğal olunmuş rayonlarının azad edilməsi üçün xüsusi əməliyyat mənim fikrimcə, həm hərbi texnologiyaların tətbiqi baxımından, ən başlıcası, dinc əhali və hərbçilər arasında tələfatın minimuma endirilməsi, həm də yeni hərbi texnologiyaların tətbiqi baxımından nümunəvi əməliyyat idi. Azərbaycan bütün dünyaya göstərdi ki, səngər müharibəsi artıq keçmişdə qalıb və mən əminəm ki, bu, bir çox hərbi məktəblərin dərsliklərinə daxil ediləcək”.

Bu baxımdan bir sıra aparıcı beynəlxalq KİV-ə müsahibələrində Prezident İlham Əliyevin prinsipial mövqeyi, səsləndirdiyi tutarlı dəlillər və əsaslı fikirlər Azərbaycanın bu haqlı mübarizəsinə dəstək verən bir sıra ölkələrin, nüfuzlu xadimlərin, beynəlxalq ekspert və siyasətçilərin sayını daha da artırıb, Ermənistanın təcavüzkar siyasətinin ifşa olunması prosesini genişləndirərək informasiya müharibəsində də tarixi ədalətin Zəfər çaldığını göstərdi. Prezident İlham Əliyevin həm Vətən müharibəsinin gedişi dövründə, həm də fevralın 26-da keçirilən geniş mətbuat konfransında tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanan məntiqli fikirləri dünyanın aparıcı KİV-in gündəmində, əsas xəbər başlıqlarında yayılaraq Azərbaycan həqiqətləri bütün dünyaya çatdırıldı.

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında bildirib ki, İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir, xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək və biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Bu baxımdan qeyd etmək lazımdır ki, Azərbaycanın milli maraqlarını uca tutan, Prezident İlham Əliyevin prinsipial mövqeyi hərb, diplomatiya meydanında olduğu kimi informasiya savaşında da uğurlarımızı şərtləndirirdi və tarixi Qələbəmizin əsası qoyuldu. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi biz döyüş meydanında da, informasiya məkanında da, siyasi müstəvidə də Qələbə qazandıq.

Qarabağ xanlığının paytaxtı - Şuşa qalasının və

şəhərin qədim məhəllələrinin salınması

Şuşa qalası uzun illər boyu Azərbaycanın Qarabağ xanlığının paytaxtı olub. Qarabağ xanlığının əsasının qoyulması və Şuşa şəhərinin onun paytaxtına çevrilməsi Pənahəli xanın (1693-1763) adı ilə bağlıdır. Qarabağ xanı Pənahəli xan Cavanşirlər tayfasının Sarıcanlı oymağından idi. Bu Azərbaycan tayfası Qarabağın qədim sakinlərindən olmuş və uzun müddət bölgənin ictimai-siyasi həyatında mühüm rol oynayıb. Şuşa qalasının salınması 1750-1751-ci illərdən hesab edilir. Tarixi mənbələrə görə, 1750-ci ildə hündür, sıldırım dağ üstündə qalanın inşasına başlandı və həmin əsrin sonrakı illərində qala divarlarının çəkilməsi davam etdirildi. Qarabağ xanı Pənahəli xan 1752-ci ildə Şuşanı paytaxt elan edib oranı möhkəmləndirib, Qala-şəhərə çevirmişdi. Şəhər bir müddət Pənahəli xanın şərəfinə “Pənahabad”, sonradan isə “Şuşa qalası” və “Şuşa” adlandırılıb.

XVIII əsrin ikinci yarısından başlayaraq şəhərin əhalisi sürətlə çoxalmış və Şuşa Azərbaycanın mühüm, strateji əhəmiyyətli şəhərlərindən birinə çevrilmişdir. Hələ Pənahəli xanın hakimiyyəti dövründə (1747-1763) şəhərdə böyük tikinti işləri aparılmış, sonra İbrahimxəlil xanın dövründə (1763-1806-cı illər) isə Qarabağ xanlığı daha da güclənib. Xanlığın ərazisində Əskəran, Ağoğlan qalaları, Şuşa qalasının divarları və s. diqqətəlayiq, strateji əhəmiyyətli qalalar tikilmişdir. Şəhər qısa müddət ərzində xeyli böyümüş, təbii gözəlliyi, hündür binaları və möhtəşəm qala divarları ilə diqqəti cəlb etmişdir.

Şəhərdə 17 məhəllə var idi ki, onların hər birinin məscidi, bulağı və hamamı mövcud olmuşdur. Pənahəli xanın hakimiyyəti illərində (1747-1763) şəhərin salınmasının ilkin mərhələsində ən qədim məhəllələr sonralar şəhərin relyefinə uyğun olaraq, “Aşağı məhəllə” adlandırılmışdır. “Aşağı” məhəllə 9 məhəllədən təşkil olunmuşdur: Seyidli, Çöl Qala, Çuxur Məhəllə, Quyuluq, Dördlər Qurdu, Qurdlar, Merdinli, Hacı Yusifli, Culfalar. Şuşanın bir şəhər kimi formalaşmasının ikinci mərhələsi İbrahimxəlil xanın hakimiyyəti illərinə (1763-1806) təsadüf edir. Bu mərhələdə “Yuxarı məhəllə” adlanan ikinci məhəllə formalaşmışdır. “Yuxarı” məhəllə 8 məhəllədən təşkil olunmuşdur: Saatlı, Mamayı, Köçərli, Xocamircanlı, Ağadədəli, Dəmirçilər, Təzə Məhəllə, Hamamqabağı.

Şuşada qədim tarixə malik şəhərsalma mədəniyyəti,

sənətkarlığın və ticarətin inkişafı

Şuşanın ticarət mərkəzinin bənzərsiz görkəmi onun magistralına bitişik iri bazar meydanı ilə tamamlanırdı. Şəhərin “Meydan” deyilən əsas meydanı “Rastabazar” küçəsi boyunca tikilmiş ibadətgah və ticarət təyinatlı tikililərdən, birmərtəbəli dükanlardan, ikimərtəbəli karvansaradan və qoşa minarəli yaraşıqlı Cümə məscidindən ibarət idi. Şuşada XIX əsrin ikinci yarısında “Bazarbaşı” deyilən yerdən “Şeytan bazar”a qədər uzanan üstüörtülü ticarət mərkəzi olan “Rastabazar”ın sıra ilə düzülən və daşları bir-birinə qurğuşunla bərkidilən sütunlardan, tağlardan ibarət olan və qalereyanı xatırladan səkiləri başdan-başa örtülü olduğundan bütün fəsillərdə quru və təmiz qalırdı. Orta əsr Şərq üslubunda zövqlə tikilən bu bazar həm də şəhərə xüsusi yaraşıq verirdi.

XVIII əsrin ikinci yarısında Yaxın Şərqə, Türküstana və Avropaya gedən karvan yolları ayrıcında yerləşən Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik şəhəri sayılan Şuşa özünün yunu, xalçası, ipəyi, dərisi, parçası və çini qabları ilə dünya bazarları miqyasına çıxa bilmiş, istehsal etdiyi sənaye və kənd təsərrüfatı məhsullarını şuşalı tacirlər Tehran, Təbriz, İstanbul, Bağdad, Səmərqənd, Moskva, Həştərxan kimi böyük şəhərlərdə satırdı.

Göründüyü kimi, istehsal prosesinin sürətlə inkişafı şəhərin iqtisadiyyatının möhkəmlənməsinə kömək etmiş, əhalinin sosial vəziyyətinə müsbət təsir göstərmişdi. Bu dövrdə Şuşada bir sıra əzəmətli məscid, mədrəsə və karvansaranın tikilməsi də, məhz onun xarici bazarlardan götürdüyü qazanc sayəsində mümkün olmuşdu.

XVIII əsrin 80-ci illərində şəhərin dövrəsinə möhtəşəm qala divarları çəkilib başa çatdırıldı. Bu dövrdə şəhərdə çoxsaylı sənətkar məhəllələri yaranır, ticarət daha sürətlə inkişaf edirdi. Şuşalı tacirlər Təbriz, Tehran, İsfahan, İstanbul, Bağdad, Səmərqənd, Moskva, Leypsiq, London, Mançester, Marsel və başqa şəhərlərlə ticarət əlaqələri saxlayırdı. Şəhərdə “Pənahabadi” adlı gümüş sikkələr zərb edilirdi.

Şəhərin ticarət həyatında bazarlarda, karvansaralarda və şəhər meydanlarında yerləşən dükanlar da mühüm rol oynayırdı. XX əsrin əvvəllərində şəhərdə 1464 dükan qeydə alınmışdı ki, bunların da bazarlarla birlikdə illik ticarət dövriyyəsi 6 milyon rubla çatmışdı.

Məşhur rəssam V.Vereşşagin Şuşanı görəndən sonra yazmışdı: “Bu şəhərin evləri düzgün formalı, qəşəng və hündür olub, çoxsaylı və gözəl pəncərələrlə işıqlandırılır. Qayalıqlar qoynunda yerləşən bu şəhər elə həmin qayalıqlardan götürülmüş daşlardan tikilmişdir. Şəhərin bütün küçələrinə enli daş plitələr döşənmiş, evlərin damları tirlərdən düzəldilmişdir”.

Qeyd etmək vacibdir ki, tarixi mənbələrdə XVIII əsrin sonu-XIX əsrin əvvəllərində artıq Şuşada çoxlu sayda manufakturaların və 2 mindən çox sənətkarın fəaliyyət göstərdiyi bildirilir. 1809-cu ilin məlumatına görə, o dövrdə Şuşada 1500 toxucu dəzgahı fəaliyyət göstərirdi. Bu da ən azı 1500 sənətkar demək idi. Tarixi mənbələrdə XVIII əsrin sonu-XIX əsrin əvvəllərində artıq Şuşada çoxlu sayda manufakturaların və 2 mindən çox sənətkarın fəaliyyət göstərdiyi bildirilir. XIX əsrin 60-cı illərində Şuşada illik ticarət gücü 78 milyon rubla bərabər olan ipəksarıma fabrikləri fəaliyyət göstərirdi ki, çox keçmədən həmin müəssisələrin illik istehsal gücü 117 milyon rubla çatmışdı.

XIX əsrin ikinci yarısında tikinti işləri Şuşada daha geniş vüsət almışdı. Xurşidbanu Natəvanın, Gövhər ağanın, Cəfərqulu xanın, Uğurlubəyin, Fərzəlibəyin, Nəcəfqulu ağanın, Hacı qulunun, Səfibəyin tikdirdiyi yeni tipli saray və imarətlər şəhərə xüsusi gözəllik verirdi. Dövlət tərəfindən əsası qoyulan bir sıra məktəb binaları, Qarabağın imkanlı adamlarının sayəsində ucaldılan məscid və hamamlar o zamankı memarlıq abidələrinin ən gözəl nümunələrindən sayılırdı. 1873-cü ildə Vyana şəhərində açılmış beynəlxalq sərgidə Şuşanı təmsil edən nümayəndələr də iştirak etmiş və onların sərgidə nümayiş etdirdikləri eksponatlar xaricilərdə dərin maraq oyatmışdı.

1840-cı il inzibati-ərazi bölgüsü zamanı Şuşa qəzası yaradıldıqda Şuşa şəhəri yenə mərkəz olmuşdu. 1873-cü ilə aid kameral təsvirinə görə, Şuşada 24 min 552, 1886-cı il siyahısına görə, 26 min 806, 1897-ci il Ümumrusiya siyahıyaalmasına görə isə 25 min 581 nəfər əhali qeydiyyata alınmışdı. 1897-ci il Ümumrusiya siyahıyaalmasına görə, Şuşada 2272 nəfər zadəgan, 270 nəfər din xadimi, 1416 nəfər tacir, 2738 nəfər sənətkar, 97 nəfər dövlət məmuru, 334 nəfər hərbçi və başqaları qeydə alınmışdı.

Bundan əlavə, “Qafqaz” qəzetinin icmalçısı 1868-ci il 24 may tarixli şərhində göstərirdi: “Şuşa gündən-günə yox, saatdan-saata böyüyür, onun ticarəti inkişaf edir, şəhər əhalisi varlanır. Buraya hər tərəfdən dəstə-dəstə adam axışıb gəlməkdədir. Beləliklə, şəhərdə 25 min əhali yaşadığını cəsarətlə söyləmək olar”.

Azərbaycanın ictimai-siyasi və mədəni həyatında

xidmətləri olan Şuşanın görkəmli şəxsiyyətləri

Artıq XIX əsrin ikinci yarısında Şuşa şəhər əhalisinin sayı tanınmış alim və sənətkarlar da daxil olmaqla 25 minə çatmışdı. Azərbaycan Milli Elmlər Akademiyasının məlumatına görə, təkcə XIX əsrdə Şuşada 95 şair, 22 musiqişünas, 38 xanəndə, 19 xəttat, 16 nəqqaş, 12 nüsxəbənd, 5 astronom, 18 memar, 16 həkim, 42-yə qədər müəllim və s. olub. Bu böyük ziyalı təbəqəsi, Şuşa şəhərini mədəniyyət mərkəzinə çevirməkdə, burada elmi, təhsili və mədəniyyəti inkişaf etdirməkdə çox böyük rol oynayıblar.

Azərbaycanın tarixi mədəniyyət mərkəzi olan Şuşa tanınmış elm və mədəniyyət xadimlərinin vətəni hesab edilir. Heç də təsadüfi deyildir ki, Xurşidbanu Natəvan, Molla Pəhah Vaqif, Mir Möhsün Nəvvab, Əbdürrəhim bəy Haqverdiyev, Qasım bəy Zakir, Süleyman Sani Axundov, Nəcəf bəy Vəzirov, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Həmidə xanım Cavanşir, Bədəl bəy Bədəlbəyli, Əhməd bəy Ağayev, Ceyhun bəy Hacıbəyli, Səməd bəy Mehmandarov, Fərəc bəy Ağayev, Yaqub Quliyev və onlarla dünya şöhrətli xadimlərin həyatında məhz Şuşa mühitinin mühüm rolu olmuşdur.

Şuşa XVIII əsrin II yarısından musiqi mərkəzinə çevrilmiş və Azərbaycan musiqisinin yüksəlişinə səbəb olmuşdur. Hacı Hüsü, Məşədi İsi, Əbdülbaği Zülalov (Bülbülcan), Cabbar Qaryağdıoğlu, Məşədi Məmməd Fərzəliyev, Keçəçi oğlu Məhəmməd, Sadıqcan, Məşədi Zeynal, Məşədi Cəmil Əmirov, Əhməd Ağdamski, Segah İslam, Zabul Qasım, Məcid Behbudov, Mütəllim Mütəllimov, Xan Şuşinski, Qurban Pirimov, Seyid Şuşinski, Bülbül, Rəşid Behbudov və bir çox başqaları Şuşanın yetirdiyi, eləcə də bütün Yaxın Şərqdə məşhur olan xanəndə və sənətkarlardır.

Şuşa orada doğulmuş, şöhrətləri bütün dünyaya yayılmış bəstəkarların vətəni kimi də məşhurdur. Belə ki, Azərbaycan musiqi mədəniyyəti tarixində yeni bir mərhələnin yaranması Üzeyir bəy Hacıbəylinin adı ilə bağlıdır. Üzeyir bəy dahi bəstəkar, Azərbaycan opera musiqisinin banisi olmaqla yanaşı, istedadlı publisist və ictimai-siyasi xadim kimi də tanınmışdır. Bundan əlavə, Fikrət Əmirov, Zülfüqar Hacıbəyov, Niyazi, Əfrasiyab Bədəlbəyli, Soltan Hacıbəyov, Əşrəf Abbasov, Zakir Bağırov, Mehdi Məmmədov, Süleyman Ələsgərov eləcə də, görkəmli rəssam və memarlardan Lətif Kərimov, Cəlal Qaryağdı, Nadir Əbdürrəhmanov, Toğrul Nərimanbəyov və bir çox başqa xadimlərin adı, eləcə də sənəti Azərbaycan mədəniyyəti tarixində müstəsna yer tutur.

XX əsrin sonunda Ermənistanın Azərbaycana hərbi təcavüzü,

Şuşanın işğalı və mədəni soyqırımı siyasəti

1987-ci il oktyabrın 21-də Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev Sov.İKP plenumunda vəzifəsindən istefa verdikdən bir neçə gün sonra Sov.İKP MK-nın baş katibi M.Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri A.Aqanbekyan Parisdə “İnterkontinental” hotelində müsahibəsində Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin iqtisadi cəhətdən daha sərfəli olmasını və bu məsələ üzərində xüsusi komissiyanın işlədiyini bəyan edərək Azərbaycanın bu ayrılmaz hissəsinin Ermənistana birləşdirilməsi ideyasını əsassız olaraq irəli sürdü. Bunun ardınca noyabrın 18-də A.Aqanbekyanın Parisdə verdiyi müsahibə “L’Humanite” qəzetində çap olundu. Bu müsahibə ermənilərin Dağlıq Qarabağa dair ərazi iddialarının başlanması üçün bir siqnal rolunu oynadı.

XX əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində SSRİ rəhbərliyinin ermənilərə himayədarlığı sayəsində hadisələr getdikcə daha da mürəkkəbləşdi və Ermənistan Respublikası Azərbaycan ərazilərinə hərbi qüvvə göndərərək açıq təcavüzə başladı. 1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan silahlı qüvvələri bir-birinin ardınca Dağlıq Qarabağda azərbaycanlıların yaşadığı sonuncu yaşayış məntəqələrini də işğal etdi.

1992-ci il mayın 8-də Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində rayonun 25 məktəbi, 31 kitabxanası, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya, turist bazası, 2 mehmanxana, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq sağlamlıq məktəbi talan edilib, yandırılıb və dağıdılıb.

Bununla yanaşı, işğala qədər Şuşada memarlıq abidəsi sayılan 850-dən çox yaşayış binası və 300-dək mədəniyyət və tarixi abidə var idi. Bunların içərisində son tunc və ilk dəmir dövrü abidəsi sayılan Şuşa və Şuşakənd daş qutusu qəbirləri, daş dövrü abidəsi olan Şuşa mağara düşərgəsi, XVIII əsrə dair Şuşa qalasının divarları, Gəncə qapısı, Pənah xanın sarayı və kitabxanası, İbrahim xanın bürcü və qəsri, Xan sarayı və karvansara, M.P.Vaqifin mədrəsəsi və türbəsi, Yuxarı məscid mədrəsəsi, Hacıqulların malikanəsi, İkimərtəbəli karvansara, Mehmandarovların malikanə kompleksi, Gövhər Ağa, Xoca Mərcanlı, Hacı Abbas, Mərdinli, Saatlı, Köçərli məscidləri, Xurşidbanu Natəvanın evi və bulağı, Ə.B.Haqverdiyevin, Q.B.Zakirin, M.M.Nəvvabın, S.S.Axundovun, N.B.Vəzirovun, Y.V.Çəmənzəminlinin evləri, Mamay bəyin evi, məscidi və bulağı, Behbudovların, Fərəməzovların, Zöhrabbəyovun, Bəhmən Mirzənin evləri, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev-muzeyləri, Xan Şuşinskinin, tarzən Sadıqcanın evləri, Realnı məktəbinin binası, Qız məktəbi, Şirin su hamamı, Meydan bulağı, İsa bulağı və s. tarixi mədəniyyət nümunəsi erməni işğalçıları tərəfindən talan olunub, dağıdılıb və məhv edilib.

Şuşanın işğaldan azad edilməsi Zəfər Günü kimi tarixə yazıldı

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin prinsipial mövqeyi, səsləndirdiyi tutarlı dəlillər və əsaslı fikirlər döyüş meydanında Azərbaycan Ordusunun əldə etdiyi qələbələr diplomatiya meydanında da uğurlara çevrildi və Azərbaycanın İkinci Qarabağ müharibəsindəki hərbi-diplomatik Qələbəsini şərtləndirdi.

Azərbaycan Prezidenti İlham Əliyev hər zaman bəyan edib ki, Azərbaycanın mövqeyində hər hansı bir dəyişiklik yoxdur, ola da bilməz, çünki biz həm tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanırıq. “Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir” fikrini bütün dünyaya bəyan edən Prezident İlham Əliyev dəfələrlə bildirib ki, heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək, işğal edilmiş bütün torpaqlar işğalçılardan azad olunmalı, Azərbaycan vətəndaşları öz doğma yurdlarına qayıtmalıdırlar.

Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident, Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətində deyib: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!”.

Azərbaycan Prezidentinin dekabrın 3-də imzaladığı Sərəncama əsasən, noyabrın 8-i bayram günləri sırasına daxil edildi və hər il Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunur. Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Prezidentin Sərəncamında vurğulanır ki, Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi.

Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı,

Xarıbülbül Qarabağın azadlıq rəmzi oldu

2021-ci il yanvarın 14-də Şuşaya səfər edən Azərbaycan Prezidenti İlham Əliyev sonuncu dəfə bundan 39 il əvvəl ümummilli lider Heydər Əliyevin şəhərə tarixi və unudulmaz səfəri zamanı gəldiyini diqqətə çatdıraraq bildirdi ki, qəhrəman Azərbaycan Ordusu mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Şuşanı işğalçılardan azad etmişlər və uzun fasilədən sonra noyabrın 8-də Şuşada Azərbaycan bayrağı qaldırılıb: “Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik. Heç kim bu torpaqları bizə elə-belə verməyib. Heç bir danışıqlar heç bir əhəmiyyətə malik deyildi. Biz gördük ki, ancaq öz gücümüzlə öz torpaqlarımızı azad etməliyik və bunu etdik”.

Şuşaya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev dedi ki, Şuşa işğaldan azad olunandan sonra şəhərin, bütün tarixi binaların bərpa edilməsi prosesinə start verilib. Ermənistanın Azərbaycan torpaqlarını, o cümlədən Şuşanı işğal etməsi nəticəsində tarixi, mədəni abidələrimiz dağıdılıb, ev-muzeyləri qarət edilib. Onların arasında Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı büstləri də var. Güllələnmiş bu büstlər erməni vandalizminin şahidləridir. Prezident İlham Əliyev qeyd etmişdi ki, ərazi bütövlüyümüz bərpa edildikdən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacaq. Azərbaycan Prezidentinin bu sözləri artıq reallığa çevrildi və həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyuldu.

Şuşanın əsl tarixi simasının, ənənələrinin və qədim mədəni abidələrinin bərpası olduqca zəruridir. Bu baxımdan strateji əhəmiyyətli Şuşanın Azərbaycan tarixində xüsusi yerinin olduğunu vurğulayan dövlət başçısı bildirmişdir ki, bu, bizim qədim, tarixi şəhərimizdir və əsrlər boyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıblar. Bununla yanaşı, Şuşa şəhərinin Azərbaycan üçün müstəsna əhəmiyyət kəsb etdiyini bildirən Prezident İlham Əliyev qeyd etmişdir ki, yarıdağılmış tarixi abidələrimizin bərpasında çox həssas olmalı, ancaq biz o tarixi abidələrimizin əsl simasını bərpa etməliyik. Vaxt itirmədən, ancaq, eyni zamanda, tələsmədən Şuşanın ilkin simasının, tarixi simasının bərpa edilməli olduğunu bildirən Azərbaycan Prezidenti Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edərək deyib: “Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Şuşanın mədəni həyatı zəngin olmalıdır”. Bununla yanaşı dövlət başçısı vaxtilə Vaqif Poeziya Günlərinin ənənəvi olaraq keçirildiyini vurğulayaraq diqqətə çatdırmışdır ki, Şuşada Vaqif Poeziya Günləri bərpa edilməlidir, “Xarıbülbül” festivalı bərpa olunmalıdır.

Prezident İlham Əliyev bildirib ki, Şuşanın Azərbaycan tarixində xüsusi yeri var və Şuşanın bərpası, dirçəlməsi hamımızın işidir: “Əlbəttə ki, bütün işlər planlı şəkildə aparılmalıdır, Şuşanın tarixi siması saxlanılmalıdır, Şuşaya yad olan hər hansı bir tikiliyə yol vermək olmaz”. Dövlət başçısı bildirmişdir ki, mütəxəssislər, memarlar, tarixçilər, şuşalılar özləri deyəcəklər ki, bu şəhəri necə görmək istəyirlər, çünki bu, onların şəhəridir. Şuşanın əsl tarixi simasının və qədim mədəni abidələrinin bərpası Azərbaycan memarlıq üslubunu əks etdirməli, çox zəngin mədəni həyat olmalı və Şuşada yaşayacaq soydaşlarımız da, bütün işlər görüləndən sonra oraya qayıtmalıdırlar”.

“Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” Prezident İlham Əliyevin 2021-ci il mayın 7-də imzaladığı Sərəncamda vurğulanır ki, şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, bu mühüm sənəddə göstərilir ki, tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir.

2021-ci il mayın 12-13-də hər bir azərbaycanlı üçün müqəddəs məkanda, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada, bənzərsiz və füsunkar Cıdır düzündə 29 ildən sonra yenidən “Xarıbülbül” musiqi festivalı keçirildi. Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsinə həsr edilmiş möhtəşəm “Xarıbülbül” musiqi festivalı keçirildi. Nəticədə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı, Xarıbülbül Qarabağın azadlıq rəmzinə çevrildi.

Şuşa Bəyannaməsinin tarixi və siyasi əhəmiyyəti

2021-ci il iyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın işğalından azad edilən, Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşa şəhərinə səfər etməsi və iki dost, qardaş dövlət arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması mühüm tarixi hadisədir.

Müttəfiqlik münasibətləri haqqında Bəyannamənin əvvəlində Azərbaycanın və bütövlükdə Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində iki qardaş dövlətin prezidentlərinin görüşünün mühüm əhəmiyyəti vurğulanır, 100 il bundan əvvəl imzalanmış tarixi Qars müqaviləsinə istinad edilir. Həmçinin bu tarixi sənəddə 9 fevral 1994-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”nin və “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”un, eləcə də 16 avqust 2010-cu il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”nin rəhbər tutulduğu bildirilir.

Bununla yanaşı, işğaldan azad edilmiş Şuşa şəhərində 100 ildən sonra imzalanan müttəfiqlik haqqında birgə Bəyannamədə iki qardaş və dost dövlətin gələcək çoxşaxəli, birgə fəaliyyət istiqamətləri göstərilir. Bu tarixi sənəddə bir çox mühüm məsələlər, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, xüsusilə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapmışdır. Tərəflər xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd edərək bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərin əhəmiyyətini vurğuladılar.

Sənəddə göstərilir ki, Azərbaycan Respublikası və Türkiyə Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edirlər. Bəyannamədə Ermənistanın Türkiyəyə qarşı əsassız iddialarının, tarixin təhrif olunması və tarixi faktların təhrif olunmaqla siyasiləşdirilməsi cəhdlərinin regionda sülhə və sabitliyə ziyan vurduğu vurğulanaraq bu kontekstdə 1915-ci il hadisələri ilə bağlı olaraq öz arxivlərini açan Türkiyənin Ermənistandakı və digər ölkələrdəki arxivlərin açılması və bu mövzuda tarixçilər tərəfindən araşdırmaların aparılmasına yönəlmiş səyləri qətiyyətlə dəstəklənir. Həmçinin Şuşa Bəyannaməsində siyasi, iqtisadi-ticarət, mədəniyyət və digər bütün sahələri əhatə edən birgə əməkdaşlıq məsələləri öz əksini tapmışdır. Sənəddə həm tarixi, həm siyasi, həm də hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş şəkildə birgə fəaliyyətin əks olunması hər iki dövlətin milli maraqları baxımından müstəsna əhəmiyyət kəsb edir.

Şuşa Bəyannaməsinin imzalanmasından sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxışlarında bildirdilər ki, Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaqdır.

Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra dünyaya nümunə olan Azərbaycan-Türkiyə həmrəyliyi və strateji tərəfdaşlığı daha da yüksək səviyyəyə qalxdı, xüsusilə regional təhlükəsizlik baxımından müstəsna əhəmiyyət kəsb edən müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması mühüm hadisə kimi tarixə yazıldı.

Şuşa Azərbaycanın çoxəsrlik, zəngin şəhərsalma

mədəniyyətinin nadir incisi kimi bərpa edilir

Şuşa - Qarabağın tacı, Qafqazın sənət məbədi, Şərqin konservatoriyası, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm xidmətləri olan görkəmli xadimlərin vətəni, doğma şəhər, əziz bir torpaq, hərbi-strateji əhəmiyyətli qala və müqəddəs abidədir. Bu baxımdan Şuşanın əsl tarixi simasının, ənənələrinin və qədim mədəni abidələrinin bərpası mühüm əhəmiyyət kəsb edir.

2021-ci il avqustun 29-30-da Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Şuşada bir sıra tədbirlər keçirildi və Şuşa şəhərinin baş planı təqdim olundu.

Qeyd etmək vacibdir ki, 1982-ci il yanvarın 14-də ümummilli lider Heydər Əliyevin iştirakı ilə böyük təntənə ilə açılmış dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin məqbərəsi, Şuşa şəhəri 1992-ci il mayın 8-də işğal edildikdən sonra ermənilər tərəfindən dağıdılmışdı. Avqustun 29-da Şuşada muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı oldu, həmçinin erməni vandalizminə məruz qalmış şairin öz evinin yerindəki büstü də yenidən ucaldıldı.

Eyni zamanda, Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional musiqi sənətinin banisi, görkəmli bəstəkar, ictimai xadim Üzeyir Hacıbəylinin Şuşa şəhərindəki ev-muzeyində aparılacaq işlərlə tanışlıq, həmçinin dağıdılmış heykəlinin, eləcə də vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış dahi Bülbülün Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı oldu. Eyni gündə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan XX əsrin 70-ci illərində tikilmiş “Qarabağ” mehmanxanasının da fəaliyyəti də bərpa olundu.

Avqustun 30-da isə 39 il əvvəl – 1982-ci ildə ilk dəfə keçirilmiş Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə yenidən təşkil olundu. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmin gün Şuşada keçirilən Vaqif Poeziya Günləri çərçivəsində “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir”, eləcə də bərpa və təmir olunaraq yaradılan Şuşadakı Xalçaçılıq Qalereyasında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan Milli Xalça Muzeyinin təqdim etdiyi “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” sərgisi ilə tanış oldular.

Bununla yanaşı, Vaqif Poeziya Günləri çərçivəsində Şuşada Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini, gözəl təbiətini, ənənələrini təcəssüm etdirən “Yaddaş. Fotoqrafik tarix” adlı fotosərgidə, Ermənistan vaxtilə işğal altında saxladığı ərazilərdə mədəni irsimizə, tarixi-memarlıq nümunələrimizə qarşı vandalizm aktları, düşmən tərəfindən tarixi-mədəni obyektlər, dini ocaqlar məhv edilərək, bir sıra rayon və şəhərlər yerlə-yeksan olunduğu, həmçinin işğaldan azad olunmuş rayon və şəhərlərdə ermənilərin törətdiyi vəhşiliklərə, dağıntılara dair fotolar da təqdim edildi. Sərgidə Vətən müharibəsi zamanı Ermənistan tərəfindən mülki əhaliyə qarşı törədilən cinayətləri əks etdirən fotolar da nümayiş olundu.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşa şəhərinə səfəri zamanı əvvəlcə Füzuli rayonunda Zəfər yolunun açılışında iştirak edib, daha sonra Daşaltı kəndində məscidin, Şuşa Radio-Televiziya yayım qülləsinin, Şuşa Rayon Mərkəzi Xəstəxanasının təməllərini qoyublar.

Şuşa ictimai fikir, milli-ideoloji düşüncə və

siyasi-diplomatik mərkəzə çevrilməkdədir

2022-ci il martın 31-də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçildi.

2022-ci il aprelin 22-23-də dünyanın 65 ölkəsindən 400-dən çox soydaşımızı bir araya gətirən Dünya Azərbaycanlılarının Zəfər Qurultayının məhz Qarabağın tacı, mədəniyyət paytaxtı Şuşada keçirilməsi böyük rəmzi, həmçinin siyasi məna daşıyır. Zəfər Qurultayında 230-a yaxın xarici ölkə vətəndaşı olan azərbaycanlı, o cümlədən 36 alim və 36 iş adamı iştirak edib.

Eyni zamanda, İkinci Qarabağ müharibəsindən sonra qazanılan tarixi Qələbə, xüsusilə Azərbaycanın 44 günlük Vətən müharibəsindəki hərbi, diplomatik və informasiya məkanındakı uğurları nəticəsində yaranmış reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasında yeni yanaşmalar tələb edir. Ona görə də Şuşa Qurultayında əsas mövzular arasında postmüharibə dövründə diaspor fəaliyyətinin təşkili dayandı. Buraya bir tərəfdən tarixi Vətənlə əlaqələrin gücləndirilməsi, yeni nəslə vətənpərvərlik hisslərinin aşılanması və Azərbaycan dilinin həftəsonu məktəbləri çərçivəsində tədrisinin təşkili, eləcə də şəbəkələşmə və müxtəlif səpkidə kampaniyaların hazırlanması kimi icmadaxili fəaliyyətlər daxil idi. Digər tərəfdən isə yerli ictimaiyyət və beynəlxalq təşkilatlar, xüsusilə də siyasi və akademik dairələrlə yeni dövrün tələblərinə uyğun münasibətlərin qurulması ətrafında müzakirələrin diqqət mərkəzində saxlanılması mühüm əhəmiyyət kəsb edir.

Dövlətimizin başçısı İlham Əliyevin Zəfər Qurultayında konseptual xarakter daşıyan nitqi postmünaqişə dövründə ölkəmizin mövqeyi ilə yanaşı, diaspor fəaliyyətinin inkişafı üçün də əsas hədəfləri aydın şəkildə özündə ehtiva etdi. Prezident İlham Əliyev çıxışı zamanı Şuşada keçirilən Qurultayın çox böyük tarixi məna daşıdığını bildirərək qeyd etmişdir ki, bu gün Azərbaycan yeni dövrə qədəm qoyub: “Biz otuz il işğal edilmiş ölkə kimi yaşamışıq. Bu, bizim üçün çox ağır idi - mənim üçün Prezident kimi, hər bir vətəndaş üçün, sizin üçün – xaricdə yaşayan azərbaycanlılar üçün”. Ancaq bu gün vəziyyətin tam fərqli olduğunu vurğulayan dövlətimizin başçısı demişdir: “Bu gün alnımız açıqdır, bu gün üzümüz gülür, bu gün başımız dikdir və həmişə belə olacaq. Mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq. Bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz”.

Bununla yanaşı, Şuşada keçirilən tədbirlər ermənilərin işğal vaxtı törətdikləri vandalizm aktları, xüsusilə tarixi memarıq abidələrimizin vəhşicəsinə dağıdılması, eləcə də işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri ilə beynəlxalq ictimaiyyətin daha yaxından tanış olması baxımından mühüm siyasi əhəmiyyət kəsb edir.

Bu mənada, 2022-ci il martın 18-də Şuşa şəhərində keçirilən Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantıda postmünaqişə reallıqlarında Azərbaycanın yeni prioritetləri və imkanları müzakirə obyekti oldu. Bununla yanaşı, aprelin 28-də Şuşada keçirilən “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” adlı beynəlxalq forumda dünyanın 20-dən çox ölkəsindən 50-yə yaxın xarici beyin mərkəzlərinin ekspertləri, tədqiqatçı-alimləri və media nümayəndələri iştirak etdilər.

2022-ci il mayın 12-15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışında Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etdilər. Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Prezident İlham Əliyevin Sərəncamı ilə elan edilən “Şuşa İli”ndə keçirilən, eləcə də Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunmuş, həmçinin üç gün davam edən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalına xarici ölkələrdən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri qatılması Şuşa şəhərinin işğaldan azad ediləndən sonra festivalın beynəlxalq səviyyədə keçirildiyinin əsas göstəricisi idi.

2022-ci il mayın 19-21-də Şuşa şəhərlərində “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfrans, iyulun 9-da Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının rəhbərlərinin müşavirəsi, iyulun 22-də isə Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Şuşada Milli Mətbuat Günü münasibətilə “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda Beynəlxalq Media Forumu keçirildi.

2022-ci il avqustun 27-də Şuşada işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlər və planlar, postmünaqişə dövründə minatəmizləmə əməliyyatları və şəhərsalma potensialının istifadə edilməsi, ümumi beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfransda Azərbaycanda akkreditə olunmuş, eyni zamanda, Ankarada, Tehranda və Moskvada fəaliyyət göstərən qeyri-rezident səfirlər, beynəlxalq diplomatik korpusun digər nümayəndələri, hərbi attaşelər, beynəlxalq təşkilatların təmsilçiləri, Türkiyə Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının yüksəkvəzifəli şəxsləri də olmaqla ümumilikdə 160-dan çox nümayəndə iştirak etdi.

Prezident İlham Əliyev Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında imzaladığı Sərəncamda deyilir ki, bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazıb.

Azərbaycan Prezidenti bildirib ki, Şuşa Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərinin birinə çevriləcək: “Əslində, həmişə belə olub. Sadəcə olaraq, mənfur düşmən bütün tarixi abidələrimizi dağıdıb. Amma biz bərpa edəcəyik. Onların əsl simasını qaytaracağıq. Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaqdır”.

Artıq işğaldan azad edilmiş Şuşada keçirilən mühüm tədbirlər dünya ictimaiyyəti tərəfindən də böyük maraqla izlənilir. Bu baxımdan, əminliklə söyləyə bilərik, 2021-2022-ci illərdə keçirilən mühüm tədbirlər bir daha onu təsdiq edir ki, Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olmaqla yanaşı, ictimai fikir, milli-ideoloji düşüncə və siyasi-diplomatik mərkəzə çevrilməkdədir.

Ümumiyyətlə, İkinci Qarabağ müharibəsinin taleyində həlledici gün məhz 2020-ci il noyabrın 8-i oldu. Şuşa şəhərinin işğalçılardan azad edilməsi müharibənin sonrakı gedişinə, eləcə də taleyinə çox ciddi təsir göstərdi və Azərbaycanın hərb meydanında olduğu kimi diplomatiya meydanında da uğurlarını şərtləndirirdi.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərinin işğalçılardan azad edilməsindən artıq 2 il keçir. Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci il oktyabrın 16-da, 44 günlük Vətən müharibəsinin 20-ci günündə Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində demişdi: “Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar. Ona görə təbii ki, Şuşanın işğaldan azad edilməsi bizim hədəflərimizin arasında xüsusi yer tutur. Biz buna çalışmalıyıq, biz buna nail olmalıyıq”.

2022-ci il noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxışında bir daha diqqətə çatdırdı ki, Şuşaya gedən yol 27 sentyabr tarixində başlamışdır: “...Azərbaycan xalqı yaxşı anladı ki, bizim son məqsədimiz, müharibənin son məqsədi Şuşanı işğaldan azad etməkdir. Təkcə ona görə yox ki, Şuşa Qarabağın tacıdır. Ona görə yox ki, Şuşanın strateji yerləşməsi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll edirdi. O cümlədən ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir”.

Prezident İlham Əliyev Şuşanın işğalçılardan azad edilməsi zamanı hərbçilərimizin qəhrəmanlığını, fədakarlığını, peşəkarlığını vurğulayaraq demişdir: “Qəhrəman övladlarımız dağlardan, meşələrdən, dərələrdən, cığırlardan bu uzun məsafəni qət edərək, qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yaxınlaşıb. Ondan sonra sıldırım qayalara dırmaşaraq, yüngül silahlarla küçə döyüşlərində, şəhər döyüşlərində, əlbəyaxa döyüşlərdə düşməni məğlub edib, torpağımızdan qovub, üçrəngli bayrağımızı Şuşada qaldırıb. Bu tarixi gündən cəmi iki il keçib və iki il ərzində bir çox hadisələr baş verib. İllər keçdikcə hərbçilərimizin qəhrəmanlığı hər kəs üçün daha bariz şəkildə aydın olacaq”.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bildirib ki, Zəfər Günü bizim bayramımızdır, bu, Zəfər bayramıdır, bu, rəşadət bayramıdır, bu, ədalət bayramıdır, bu, milli qürur, milli ləyaqət bayramıdır.

Bu baxımdan Şuşa - Qarabağın tacı, Qafqazın sənət məbədi, Şərqin konservatoriyası, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm xidmətləri olan görkəmli xadimlərin vətəni, doğma şəhər, əziz bir torpaq, hərbi-strateji əhəmiyyətli qala və müqəddəs abidədir. Azərbaycanın tarixən mədəni mərkəzi olmuş bu abidəni dünyanın ən gözəl şəhərlərindən birinə çevirməli və göz bəbəyimiz kimi qorumalıyıq ki, bizim Şuşaya, əziz və doğma şəhərə bir daha kimsə yad gözlə belə baxa bilməsin.

Paylaş:
4791

Son xəbərlər

May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08
Bütün xəbərlər