Aİ: Biz davamlı sülhə öz töhfəmizi verə bilərik
Düşünürəm ki, son bir neçə ildə əməkdaşlıq çox yaxşı inkişaf edib. Biz bir sıra müstəvidə irəliləyirik. Sözsüz ki, enerji sahəsi. Lakin düşünürəm ki, siyasi müstəvidə də biz bir çox səylər göstərmişik.
1news.az xəbər verir ki, bunu Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebel Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.
O bildirib ki, Prezident Mişel çox fəaldır: “Siz dəfələrlə görüşmüsünüz və Siz onun, eləcə də bizim hamımızın, Avropa İttifaqının ədalətli vasitəçi olduğunu görmüsünüz. Bilirsiniz ki, bizim gizli gündəliyimiz yoxdur, xüsusi gündəliyimiz yoxdur. Biz sadəcə yaxşı əməkdaşlıq etmək və əməkdaşlığımızı inkişaf etdirmək istəyirik. Bir çox dialoqlar - təhlükəsizlik sahəsində və bir sıra başqa sahələrdə dialoqlar qurulub. Biz daha çox məsələni nəzərdən keçirməyə hazırıq. Lakin sözsüz ki, əsas məsələni, münaqişəni unutmaq istəmirik.
Cənab Prezident, sirr deyil ki, biz Ermənistandan gəlmişik. Ermənistanda olduq. Deməliyəm ki, orada yaxşı danışıqlar apardıq. Düşünürəm ki, Ermənistanda aldığımız əsas mesaj ondan ibarətdir ki, Ermənistan da sülhün əldə olunmasında maraqlıdır. Biz, həmçinin burada da Sizin bunda maraqlı olduğunuzu eşidirik. Ona görə də biz davamlı sülhə öz töhfəmizi verə bilərik ki, bunu birdəfəlik kənara qoyaq, Cənubi Qafqaz regionunun qonşu ölkələrlə birlikdə çiçəklənməsi istiqamətində hərəkət edək. Düşünürəm ki, bizim çatdırmaq istədiyimiz əsas diləyimiz bu olacaq".