Türkiyədə axtarılan kriminal qruplaşma üzvü Azərbaycanda tutuldu

Türkiyədə milli və beynəlxalq səviyyədə fəaliyyət göstərən, ictimaiyyətə “Barış Boyun” cinayətkar dəstəsi kimi tanınan yeni nəsil silahlı cinayətkar qruplaşmaya qarşı istintaq tədbirləri davam etdirilir.
1news.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində qruplaşmanın rəhbərlərindən biri hesab edilən Mehmet Recep Demir Azərbaycanda saxlanılıb.
Məlumata görə, Demir Azərbaycan Cinayət Məcəlləsinin “Qanunsuz olaraq dövlət sərhədini keçmə” maddəsi ilə həbs edilib.
Barəsində 48 ayrı tutulma qərarı olduğu bildirilən Mehmet Recep Demirin Türkiyəyə ekstradisiyası məqsədilə İstanbul Respublika Baş Prokurorluğu tərəfindən Azərbaycanın müvafiq hüquq-mühafizə və ədliyyə orqanlarına ekstradisiya sorğusu göndərilib.











