“Ötən iki il ərzində bu istiqamətdə böyük işlər görülüb”
“44 günlük Vətən müharibəsində Azərbaycan öz torpaqlarını erməni işğalından azad etdikdən sonra regionda yeni reallıqlar yaranıb. Yeni reallıqların müəllifi kimi ölkəmiz bölgədə sülhün, sabitliyin təmin olunması, eləcə də qarşılıqlı iqtisadi əlaqələrin inkişaf etdirilməsi baxımından önəmli təşəbbüslərlə çıxış edib. Müharibədən sonra dövlətimizin əsas hədəfləri sırasında olan məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərimizn bərpası və yenidən qurulmasıdır. Ötən iki il ərzində bu istiqamətdə böyük işlər görülüb”.
Bu fikirləri 1news.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işlərinin daha da vüsət almasına böyük təkan verəcək. Sərəncamda vurğulandığı kimi, Azərbaycan Respublikası öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoyub. Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülüb. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır.
Millət vəkili xatırladıb ki, yeni mərhələdə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə Azərbaycan Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilib. Böyük qayıdışla bağlı birinci dövlət proqramı da məhz bu prioritetlərə əsasən hazırlanıb. Sənəddə işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapır. Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb.
“Şübhəsiz ki, Azərbaycan hökuməti proqramın yüksək səviyyədə icra olunması üçün bütün lazımi addımları atacaq. Keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdaraq firəvan yaşayacaqlar. Cənab Prezidentin dediyi kimi, biz Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.