Fərhad Məmmədov: BMT-nin zəifləməsi fonunda dünya beynəlxalq nizamdan nizamsızlığa doğru gedir | 1news.az | Xəbərlər
Siyasət

Fərhad Məmmədov: BMT-nin zəifləməsi fonunda dünya beynəlxalq nizamdan nizamsızlığa doğru gedir

1news Lab08:58 - Bu gün
Fərhad Məmmədov: BMT-nin zəifləməsi fonunda dünya beynəlxalq nizamdan nizamsızlığa doğru gedir

İkinci Dünya müharibəsindən sonra yaradılmış təsisatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı (BMT) zəifləyir və beynəlxalq qaydaların, normaların və dövlətlərarası əməkdaşlığın qorunmasında səmərəliliyini itirir, nəticədə dünya beynəlxalq nizamdan nizamsızlığa doğru gedir. Bu barədə Fərhad Məmmədov beynəlxalq nizamsızlıq şəraitində kiçik və orta güclərin roluna həsr olunmuş çıxışında bildirib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (AIR Center) məlumatına görə, Mərkəzin sədr müavini F. Məmmədov 24-cü Beynəlxalq Mütəxəssislər Mübadiləsi (CIEP) konfransında çıxış edib.

Çin Xalq Respublikasının İnsan Resursları və Sosial Təminat Nazirliyi və Şanxay Beynəlxalq Araşdırmalar Universitetinin nəzdindəki Şanxay Qlobal İdarəetmə və Regional Araşdırmalar Akademiyası (SAGGAS) tərəfindən "Qlobal nizamsızlıq şəraitində qlobal Avropa araşdırmaları - yeni dinamika və yeni perspektivlər" mövzusunda təşkil olunan konfransın məqsədi Avropanın inkişaf trayektoriyalarını və Avropa-Asiya əməkdaşlığı üçün imkanları müzakirə etməkdir.

Mövcud çağırışları Azərbaycanın təcrübəsi nümunəsində izah edən F. Məmmədov qeyd edib ki, 1990-cı illərin əvvəllərində Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edərkən ölkə beynəlxalq təşkilatların tənəzzülünü bilavasitə yaşayıb. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi diplomatik həll üçün əsas yarada bilməyib, ATƏT də münaqişənin həlli üzrə mandatını yerinə yetirməyib. Yalnız 2020-ci və 2023-cü illərdə Azərbaycan hərbi yolla öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Bu səbəbdən Azərbaycan kiçik dövlətlərin gözləntilərini doğrultmayan səmərəsiz beynəlxalq təsisatların məhdudiyyətlərini ilk dərk edənlər sırasında olub.

Onun sözlərinə görə, Avrasiyada aktual problemlərə qarşı maraqlara əsaslanan razılaşmaların və praqmatik yanaşmaların meydana çıxması ilə yanaşı, regionallaşma meyli güclənir. Vaxtilə könüllü şəkildə inteqrasiya təşkilatlarına və ittifaqlara ötürülmüş səlahiyyətlər yenidən suveren dövlətlərə qayıdır. Bununla belə, qeyri-müəyyənlik və proqnozlaşdırıla bilməməkdən qaynaqlanan təhdidlər kiçik və orta gücləri ortaq məxrəcə malik tərəfdaşlar axtarmağa vadar edir, təhlükəsizlik ehtiyacları, coğrafi yaxınlıq, tarixi və sivilizasiya əlaqələri isə getdikcə daha böyük əhəmiyyət kəsb edir.

Məruzəçi vurğulayıb ki, Cənubi Qafqaz yalnız coğrafi mənada bir regiondur. Nəticədə üç ölkə fərqli prioritetlər seçib və müxtəlif blok və ittifaqlara inteqrasiya xətti tutub. Ermənistan və Gürcüstan bu yolu seçdiyi halda, Azərbaycan hərbi bloklara və gömrük ittifaqlarına qoşulmamaq strategiyasına üstünlük verərək ikitərəfli və üçtərəfli formatları prioritet hesab edib.

F. Məmmədov bildirib ki, Azərbaycan geniş spektrli xarici aktorlarla fəal qarşılıqlı əlaqədədir: coğrafi baxımdan Avropaya aiddir, dini və mədəni baxımdan İndoneziyadan Mərakeşə qədər uzanan İslam dünyasının bir hissəsidir, türk kimliyi onu Mərkəzi Asiya ilə Türkiyə arasında körpüyə çevirir, tarixən isə Yaxın Şərq, Mərkəzi Asiya və 200 il ərzində Rusiya ilə bağlı olub. Bu müxtəliflik Azərbaycanın iştirak etdiyi təşkilat və formatlarda da öz əksini tapır. Məsələn, Azərbaycan Türk Dövlətləri Təşkilatına sədrlik edib və AQEM-ə (CICA) sədrlik edir. Ölkə 2028-ci ildə Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrlik edəcək və Avropa Siyasi Birliyinin sammitinə ev sahibliyi edəcək. Həmçinin Azərbaycan Mərkəzi Asiya məşvərət görüşləri formatına sədrlik edəcək və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) liderlərinin sammitinə ev sahibliyi edəcək.

Çıxışda həmçinin qeyd olunub ki, xarici aktorlar arasında rəqabəti aradan qaldırmaq mümkün olmasa da, onun açıq münaqişəyə çevrilməsinin qarşısını almaq olar. Bu yolla region ölkələri münaqişə dövrəsindən çıxa, kənardan idarə olunan münaqişə tənzimlənməsinin obyektinə çevrilməkdən yayına və öz milli maraqlarına uyğun siyasət hazırlayaraq həyata keçirə bilər.

Paylaş:
69

Son xəbərlər

Bütün xəbərlər