Ermənistan işğal zamanı Azərbaycanın suveren ərazisində ən azı 37 əlavə icazəsiz su elektrik qurğuları tikib
Ermənistanın qeyri-qanuni şəkildə istismar etdiyi hidroenergetika obyektlərinin ən böyüyü Tərtərçayın üzərində inşa edilmiş Sərsəng su anbarında yerləşən Tərtər su elektrik stansiyasıdır (Tərtər SES). Ermənistan Azərbaycanın suveren ərazilərinə hərbi təcavüzünün tərkib hissəsi kimi, 1994-cü ildə Sərsəng su anbarını və Tərtər SES-i ələ keçirib.
Bu barədə XİN-dən 1news.az-a bildirilib.
Qeyd edilib ki, Ermənistan, həmçinin işğal zamanı Azərbaycanın suveren ərazisində ən azı 37 əlavə icazəsiz su elektrik qurğuları tikib.
Tərtər SES-in istehsal etdiyi elektrik enerjisi ilə yanaşı, bu əlavə icazəsiz qurğuların hasilatı açıq şəkildə Ermənistana “ixrac mənbəyi” kimi müəyyən edilmişdi. Ermənistan Azərbaycana məxsus su elektrik enerjisi ehtiyatlarının qeyri-qanuni istismarını asanlaşdırmaq üçün keçmiş işğal olunmuş ərazilərdən Ermənistana elektrik enerjisinin paylanmasının “vahid sistemi”ni yaratmış, “gündəlik elektrik enerjisi istehsalının həcmini Ermənistan ərazisindən tənzimləyib” və bölgənin mövcud qurğularını istismar etmək üçün enerji şirkətlərinə saxta “lisenziyalar” vermişdir.