Rəngli ekranların üzünü qaraldan verilişlər - “Əttökən mövzular, reklamlar, çalanlar, oynayanlar, oxuyanlar...” - ŞƏRH | 1news.az | Xəbərlər
Müsahibə

Rəngli ekranların üzünü qaraldan verilişlər - “Əttökən mövzular, reklamlar, çalanlar, oynayanlar, oxuyanlar...” - ŞƏRH

Ayşən İsmayılova12:00 - 31 / 03 / 2023
Rəngli ekranların üzünü qaraldan verilişlər - “Əttökən mövzular, reklamlar, çalanlar, oynayanlar, oxuyanlar...” - ŞƏRH

1956-cı il fevralın 14-də Bakı Televiziya Studiyası insanlara ilk dəfə olaraq “Göstərir Bakı!” deyə səsləndi.

Aylar keçdi, illər bir-birini qovdu. Anidən həyatımıza daxil olan bu balaca, sehrli qutunun ağ-qara çöhrəsinə rəng gəlməyə başladı. “Göstərir Bakı!” sədaları isə “Nazxanım ilə Mayıl arasında gərgin anlar”, “Müğənni estetik əməliyyatından danışdı”, “Studiyaya gələn qadından şok etiraf”, “Əliqulunun “yox” dediyi xanım ağlayaraq studiyadan getdi”, “Canlı efirdə DNT testinin cavabı açıqlandı”, “Duyğu özündən 22 yaş böyük kişiyə qoşulub qaçdı” kimi cümlələr ilə əvəz olundu.

Bəs bunun səbəbi nədir? Niyə maarifləndirici proqramların sayı şou-proqramların sayından azdır? Televiziyaların başının üstünü alan bu bayağılıq buludunu necə dağıtmaq olar?

Məsələ ilə bağlı 1news.az-ın suallarını cavablayan əməkdar jurnalist, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Qulu Məhərrəmli televiziyaların reytinq üçün çalışdığını, buna görə də məzmunun arxa plana keçdiyini söyləyib.

“Biz illərdir deyirik ki, televiziyalar öz konsepsiyalarına uyğun, auditoriyanı cəlb edən, maraqlı, faydalı, tamaşaçıların zövqünü oxşayan verilişlər hazırlamalıdırlar. Bizdə bir qisim televiziyalar maliyyələşdirilir və çalışırlar ki, yaxşı verilişlər etsinlər. İkinci qisim televiziyalar evlilik proqramlarından tutmuş şoulara qədər dəxli olmayan verilişlərin sayını artırırlar. Televiziyada rəhbər, prodüser, rejissor və ssenaristlər var. Onlar elə mövzu seçməlidirlər ki, həm auditoriyanı cəlb edə bilsinlər, həm də müəyyən dərəcədə reklam gətirsinlər. Amma onlar ikinci məsələni önə çəkirlər - reklam və reytinq üçün çalışırlar, məzmun isə arxa plan keçir. Bu yolverilməzdir. Bu elə bir şeydir ki, qanunvericilikdə kiminsə onların yaradıcılıq siyasətinə müdaxilə etməsi, onların əvəzinə veriliş hazırlaması nəzərdə tutulmayıb. Buna görə də maraqlı, cəzbedici ideyalar və layihələr olmalıdır. Milli Məclis səviyyəsində tənqidlər olandan sonra televiziyalar təxminən 2-3 il özlərini yığışdırdı. Təəssüf ki, sonra həmin dalğa davam etdi. Bu gün bunun qarşısını almaq üçün ancaq və ancaq televiziya rəhbərləri, prodüserlər, rejissorlar tədbir görməlidirlər. Bunun başqa bir yolu yoxdur".

Tamaşaçıların bu cür verilişlərə tələbatının olması fikrinin televiziyaların ənənəvi bəraəti olduğunu deyən Q.Məhərrəmli cəmiyyətin bütün sosial qatlarında sorğu aparıldığı təqdirdə bunun heç də belə olmadığını görəcəyimizi qeyd edib.

"Təkcə qadınlar arasında yox, gənclər arasında, işgüzar mühitdə, elm adamları arasında sorğular keçirin, görün onlar hansı tip verilişlər istəyirlər. Əgər bir təbəqə onlara baxırsa, bu o demək deyil ki, verilişlərin hamısı o zümrənin maraq və zövqünə uyğun hazırlansın. Ən ciddi problemlərdən biri odur ki, televiziyalar tamaşaçı auditoriyasının modelini özlərində başqa cür təsəvvür edirlər. Buna görə də o cür verilişlər meydana çıxır və nəticədə bayağı verilişlərin sayı artmış olur”.

Kinorejissor və aktyor Əbdül Mahmudov (Şeyx Əbdül) isə problemin kökündə vahid idarəetmənin olmaması və bununla bağlı yaranan özbaşınalıq dayandığını qeyd edib.

“Artıq çox şeylər mərkəzdən qaçaraq özbaşına olublar. Bu gün Azərbaycanda özəl televiziyalar Azərbaycanı “gözəl günə”yə qoyublar. Ancaq pul qazanırlar. Əttökən verilişlər, reklamlar, oynayanlar, çalanlar, oxuyanlar... Hətta müqəddəs Novruz bayramımızı da “şouxana” etdilər. Bir dəfə bayramın tarixi, fəlsəfəsi, mahiyyəti açılmadı. Bayramlarımızı da pis günə qoyublar. Azərbaycan xalqının papaq atmağını kim çıxarıb? Papaq atmaq nədir? Qurşaq atırlar, torba atırlar. Millət başından papağını çıxarıb kiminsə qapısına atmır ki. Özü də bunu televiziyanın aparıcı adamları bu işi görürdülər. Rusun şaxta babası hörmətə minir, əlində torba qarqız ilə hədiyyələr paylayır, bizim kosa-keçəl isə qapı-qapı gəzib dilənir. Kosa-keçəl yaz və qışın simvollarıdır. Yeganə millətik ki, Novruzu qeyd edir və bununla da bizə verdiyi nemətlərə görə Allaha minnətdarlıq edirik. Bəs Allahın bizə verdiyi nemətlər dilənərmi? Belə müqəddəs dəyərləri bu günə qoyan televiziyalar deyil? Televiziyalara rəhbərlik edənlər kimlərdir? Bu gün Azərbaycan televiziyaları reklamlar vasitəsilə pul qazanmaqla məşğuldur. Televiziyalar büstqalterlər reklam edir. Gecə-gündüz pul alıb manısları oxudurlar. Bunları televiziyaya buraxan kimdir? Qazanın qapağını açırsan, içindən oxuyan çıxır. Soyuducunu açırsan, içindən oxuyan çıxır. Niyə bu televiziyalar barəsində ölçü götürülmür?

Kütlənin itaətkar olduğunu, nə verilərsə, ona baxdığını söyləyən Əbdül Mahmudov kinoya baxmaq istəyən insanların qarşısına çıxan maneələrdən bəhs edib.

"İki dəqiqədənbir kəsib reklam göstərirlər. İnsanlar kinoteatra da gedə bilmirlər, kinoteatrlar pis gündədir. Rayonlarda isə klublar, mədəniyyət evləri yoxdur. Məcburdurlar ki, ancaq televiziyaya baxsınlar. Gecə-gündüz həkimləri, xəstəxanaları, dərmanları reklam edirlər. Bu yaxşı həkimdirsə, getsin işi ilə məşğul olsun, televiziyada nə işi var? Televiziyalar xəstəxanaları reklam etmək üçün yaranıblar? Bu dəhşətdir!

Əvvəllər televiziya proqramları vardı. Hamı bilirdi ki, bu həftə nələr olacaq. Televiziyalar bağlanmalı, yenidən ələnməli və mütəxəssislər gətirilməlidir”.

Paylaş:
2839

Son xəbərlər

Bütün xəbərlər