Sevinc Fətəliyeva: Azərbaycanın xarici siyasətində qonşu dövlətlərlə əlaqələrin genişləndirilməsi xüsusi yer tutur
“Azərbaycanın xarici siyasətində qonşu dövlətlərlə əlaqələrin genişləndirilməsi xüsusi yer tutur. Bu baxımdan, ölkəmizin Gürcüstanla münasibətlərinin inkişafı hər zaman diqqət mərkəzindədir. Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana işgüzar səfəri münasibətlərin hazırkı səviyyəsinin göstəricisidir”.
Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Azərbaycanla Gürcüstan arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri mövcuddur və ölkələrimizin bu əlaqələri əsl regional əməkdaşlıq nümunəsidir. İki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətləri mütəmadi surətdə yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir. Gürcüstanın Baş nazirinin budəfəki səfərinin də məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir.
Millət vəkilinin sözlərinə görə, iki ölkənin münasibətlərinin müttəfiqlik səviyyəsinə qalxmasında Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfərləri mühüm rol oynayıb. Azərbaycan Prezidenti 2022-ci il oktyabrın 24-də Gürcüstana işgüzar səfəri zamanı Mçxeta rayonundakı Muxrani sarayında Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşüb, onunla birgə “Qarabağ xanlığının irsi” sərgisi ilə tanış olub. Dövlətimizin başçısı müttəfiqlik səviyyəsinə qalxan münasibətlərimizin yalnız ölkələrimiz və bölgə üçün deyil, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıdığına diqqət çəkmişdi. İki ölkənin liderləri və digər yüksək səviyyəli rəsmiləri tez-tez Azərbaycanda, Gürcüstanda və beynəlxalq platformalarda görüşərək regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparırlar. Azərbaycanla Gürcüstan arasında siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq iqtisadi sahədə əməkdaşlıq da uğurla inkişaf edir.
Liderlərin mətbuata bəyanatları zamanı Prezident İlham Əliyev qeyd edib ki, Gürcüstan ilə Azərbaycan uzun illər bir-biri ilə sıx əlaqədədir, biz dostuq, müttəfiqik, xalqlarımızı qardaşlıq əlaqələri bağlayır. Müzakirə olunan bütün məsələlər bir məqsədi güdür ki, ikitərəfli əməkdaşlığı dərinləşdirək və xalqlarımızın gələcəyi üçün lazım olan bütün addımları ataq. Təbii ki, Gürcüstan və Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyi üçün önəmli rol oynayan ölkələrdir, bu rol getdikcə artır. Əlbəttə ki, bizim aramızda olan dostluq əlaqələri və bu sahədə əməkdaşlıq Avropanın enerji təhlükəsizliyi üçün də böyük töhfədir. Azərbaycan təbii qazının Avropa istiqamətinə ixracı ildən-ilə artmaqdadır. Bütövlükdə bu il Azərbaycan dünya bazarlarına 24,5 milyard kubmetr qaz ixrac edəcək və bu rəqəm ildən-ilə artır.
Hazırda Orta Dəhliz layihəsi də böyük perspektivlərə malikdir. Azərbaycanla Gürcüstan bu təşəbbüsün əsas iştirakçılarından və müəlliflərindən biridirlər. Dövlətimizin başçısının dediyi kimi, yeni yüklərin Orta Dəhliz üzrə nəql edilməsi üçün çox gözəl imkanlar var: “Burada həm bütün inzibati məsələlər öz həllini tapmalıdır, tarif siyasəti vahid prizmadan həll edilməlidir, eyni zamanda, yüklərin cəlb edilməsi və nəqli üçün birgə səylər göstərilməlidir”. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də bəyanatında Azərbaycanla, Azərbaycan xalqı ilə bu sıx dostluq və qardaşlıq münasibətlərinin önəmli olduğunu vurğulayıb: “Bizim dostluğumuzun çox qədim tarixi var və Azərbaycan təkcə qonşumuz və dostumuz deyil, bizim mühüm strateji tərəfdaşımızdır. Uzun illər ərzində biz müxtəlif sahələrdə tarixi layihələri həyata keçirmişik və o layihələr bizim xalqları, ölkələri daha da sıx birləşdirdi. Biz yaxşı mənada bir-birimizdən asılıyıq və əminəm ki, bundan sonrakı uzun illərdə də bu, belə olacaqdır”. Baş nazir həmçinin, Orta Dəhliz layihəsinin əhəmiyyətini qeyd edərək deyib ki, bizim məqsədimiz yaxın gələcəkdə bütün maneələri aradan qaldıraraq, infrastrukturu – dəniz limanlarımızı, dəmir yollarımızı birgə inkişaf etdirməkdir.
Sevinc Fətəliyeva söyləyib ki, son dövrlər Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili beynəlxalq tədbirlərdə də birgə iştirak edirlər. Buna misal olaraq cari il yanvarın 19-da Davos Dünya İqtisadi Forumunda “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclası və fevralın 18-də Münxen Təhlükəsizlik Konfransında “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclası göstərmək olar. “Mövcud əməkdaşlığımız ölkələrimizin və xalqlarımızın rifahı naminə daha da yüksək səviyyəyə qalxacaq. Bütövlükdə, Azərbaycanla Gürcüstan arasında münasibətlər hər iki xalqın maraqlarına uyğun olaraq inkişaf edir”, -deyə deputat vurğulayıb.