Ceyhun Məmmədov: “Ermənistan sülh barəsində yox, daha çox müharibə barəsində düşünür”
“Dünənki proses bir daha göstərdi ki, Ermənistan sülh barəsində yox, daha çox müharibə barəsində düşünür”.
Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov Ermənistanın 11 Aprel tarixində törətdiyi təxribatlarla bağlı 1news.az-a açıqlamasında deyib.
“Dünən yayılan xəbərlərdən və videolardan da açıq şəkildə göründü ki, bu Ermənistanın növbəti planlaşdırlmış bir təxribatıdır. Əslində Ermənistan bir neçə gündür ki, bu prosesə ciddi şəkildə hazırlaşırdı. Silah alaraq, sərhədə qoşun yığaraq, eyni zamanda səfərbərlik elan edərək cəbhədə üstünlük əldə etmək istəyirdilər. Amma Azərbaycan bunun qarşısını qətiyyətlə aldı.
Ermənistan tərəfi bilməlidir ki, bu kimi cəhdlərin qarşısı hər zaman alınacaq. Bizim insanlarımız isə çox diqqətli və məsuliyyətli olsunlar”.
Xatırladaq ki, Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb.