“Orqan donorluğu üzrə çox insan müraciət edə bilər, lakin orqanlarını bağışlamaq hər kəsə qismət olmayacaq” - MÜSAHİBƏ | 1news.az | Xəbərlər
Müsahibə

“Orqan donorluğu üzrə çox insan müraciət edə bilər, lakin orqanlarını bağışlamaq hər kəsə qismət olmayacaq” - MÜSAHİBƏ

Aynurə Xudaverdiyeva09:30 - 19 / 04 / 2023
“Orqan donorluğu üzrə çox insan müraciət edə bilər, lakin orqanlarını bağışlamaq hər kəsə qismət olmayacaq” - MÜSAHİBƏ

Orqan bağışlanması tibbdə meyit orqanlarının nəqli kimi qeydə alınır və buna görə, dünyadakı çox ölkələrdə orqan nəqli üçün hər hansısa bir pul ödənilmir.

Qanuni olaraq orqan nəqli alqı-satqı vasitəsi deyil. Bir bədbəxt hadisə nəticəsində, buna xüsusilə də yol qəzası zamanı ölənin orqanlarının ehtiyacı olan şəxslərə köçürülməsi üçün xəstə yaxınlarına müraciət olunur. Əgər xəstə yaxınları buna razılıq verərlərsə sənədlər imzalanır. Bu zaman ölü sahibinə heç bir ödəniş həyata keçirilmir və ya hədiyyə verilmir.

Təbii ki, məsələyə mənəvi tərəfdən baxıldıqda çox çətin qərardır. Sevdiyin bir insan ölsə də onun orqanı başqasına həyat verir. Məsələyə digər tərəfdən baxıldıqda da onun torpağa natamam olaraq dəfn edilməsini də istəmirsən. Bəzən bu ikinci qərara görə, insanlar bu təklifi rədd edirlər. Əlavə olaraq onu da qeyd edək ki, orqan bağışlanması və transplantasiyası İslam dininə görə də qəbul olunandır. Qurani-Kərimin Maidə surəsində (Ayət 32) “bir insana həyat bağışlamaq, bütün insanlara həyat bağışlamağa bərabər savabdır” deyə, vurğulanıb.

Məsələ ilə bağlı, Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova 1news.az-a müsahibə verib.

Y.Abbasovanın sözlərinə görə, Azərbaycanda hələ də meyit donordan orqanlar verilmir, nəticədə başqasının sağalması üçün lazım olan orqanlar torpağın altında çürüyür.

Sözügedən müsahibəni təqdim edirik:

- Yeganə xanım, Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi hazırda necə fəaliyyət göstərir?

- Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi 2022-ci ilin avqust ayında Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən Nazirlər Kabinetinin Qərarı ilə yaradılıb. Mərkəzin əsas fəaliyyət istiqamətləri ölkəmizdə orqan donorluğu və transplantasiya işinin təşkili və əlaqələndirilməsidir. Eyni zamanda, Səhiyyə Nazirliyi tərəfindən Vahid informasiya bazasının yaradılması canlı və meyit donorlardan resipiyentlərə orqanların verilməsi ardıcıllığının aparılması və respublikada olan bütün transplantasiya əməliyyatlarının koordinasiya edilməsi mərkəzin əsas fəaliyyət istiqamətləridir. Bununla yanaşı, biz mərkəz olaraq informasiya təminatını həyata keçirməliyik. Azərbaycanda hələ meyit donordan orqanlar verilmir və biz, əhalini bununla bağlı maarifləndiririk. Bir insanı ölümdən xilas etmək, bütün insanlığa həyat bəxş etmək deməkdir.

- Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi fəaliyyətə başlayandan bəri indiyə kimi neçə əməliyyat həyata keçirilib?

- Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi fəaliyyətə başlayandan sonra 2022-ci ilin dekabr ayı ərzində dövlət proqramı ilə 22 böyrək əməliyyatı dövlət hesabına icra olundu. Əlbəttə ki, canlı donorlar var idi. Bu donorlar əməliyyata daxil olan insanların yaxın qohumları idilər. Bu il də əməliyyatlar icra olunur. Dövlət hesabına əməliyyatlar yenə də həyata keçiriləcək. İndiyə kimi böyrək transplantasiyası ilə bərabər, eyni zamanda, qaraciyər, sümük iliyi əməliyyatı da icra olunub.

- Hazırda orqan transplantasiyası üzrə donor gözləyən xəstələrin sayı təxmini olaraq neçədir?

- Hazırda orqan transplantasiyası ilə bağlı növbədə gözləyən 500-ə yaxın xəstəmiz var. Ən çox üstünlüyü böyrək xəstələri təşkil edir. Uzun illərdir dializdə olan xəstələrimiz var, hələ də gözləyirlər, lakin uyğun donor tapılmır. Ola bilər ki, yaxın qohumlarından kimsə donor olmaq istəyir, amma uyğunluq gəlmir. Orqan transplantasiyası zamanı ən birinci amil uyğun qan qrupu, ikinci isə, toxuma uyğunluğudur. Əks halda donor olmaq mümkün deyil. Belə olduqda isə donor gözləyən şəxslər illərlə növbədə gözləməli olurlar. Onların həyat keyfiyyətləri çox aşağı olur. Düşünün ki, həftədə 3 dəfə 4 saat dializdə olurlar. Onlar arasında hər yaş kateqoriyasından insanlar var. Elə xəstələr olur ki, uyğun orqan gözləyə-gözləyə həyatlarını itirirlər, çünki uyğun donor yoxdur. Qohumluq əlaqələri olmadan yad bir insan üçün donor olmaq böyük humanizm, güclü şəfqət hissinə bağlı bir şeydir. Bunu hər kəs edə bilmir.

- Yeganə xanım, orqanını bağışlayan insanların səhhətlərində sonradan hər hansısa bir problem yaranırmı?

- Bəli, yarana bilir. Sümük iliyinə şamil olunmasa da, böyrəyindən birini, qaraciyərinin bir parçasını verən insanlarda zəif zəncir əmələ gəlir. Həmin şəxsin özünün səhhəti sonradan pisləşə bilər. Bu halda orqan bağışlamış adamın gələcəkdə transplantasiya əməliyyatına ehtiyacı olarsa, növbədə gözləməyəcək və uyğun orqan tapıldığı halda birinci ona transplantasiya ediləcək.

- Orqanını könüllü şəkildə bağışlamaq istəyən insanların ailələrinə bu haqda məlumat verilirmi?

- Sözügedən şəxslərin yaşları 18 və üzəri olduğu üçün bu tamamilə məxfi saxlanılır. Bu haqda qətiyyən üçüncü şəxsə məlumat verilmir. Gələcəkdə onlara elektron kart da veriləcək.

- Bəs orqan nəqli olunan şəxs də öyrənə bilməz?

- Xeyr, heç bir halda öyrənə bilməz. Heç bir kəs sonradan öyrənə bilməz ki, ona kimin orqanı köçürülüb. Bu tam məxfidir. Anonimlik 100% qorunur.

- Könüllü şəkildə müraciət edən insanların sayı çoxdur?

- Bəli, bu üzrə müraciətlər kifayət qədər var. Bu hal bizi çox sevindirir. Bununla bağlı vahid informasiya bazası hazırlanır, lakin hələ ki, tam fəaliyyət göstərmir. Bundan sonra reyestr olacaq. Orqanlarını bağışlamaq istəyən insanlar buradan qeydiyyatdan keçə biləcəklər. Biz özümüz də çalışırıq ki, bu məsələ ilə bağlı insanları çox maarifləndirək.

- Yeganə xanım, aydın məsələdir ki, orqan transplantasiyası çox bahalı əməliyyatdır. Xəstələrin bəzən buna maddi gücü çatmır. Bu tip əməliyyatlar tamamilə dövlət tərəfindən qarşılanır, ya xəstə müəyyən qədər ödəniş etməlidir?

- Xərclər tam olaraq dövlət tərəfindən qarşılanır. Hər il dövlət büdcəsindən böyrək transplantasiyaları və sümük iliyi üçün müəyyən bir məbləğ ayrılır. Bütün transplantasiya əməliyyatları bu ildən etibarən İcbari Tibbi Sığortanın təyin etdiyi zərf müqabilində tamamilə ödənişsiz şəkildə həyata keçiriləcəkdir.

- Bu tip əməliyyatlar icra olunan insanların preparatları da çox baha olur. Onları da dövlət qarşılayır?

- Bəli, preparatları da dövlət qarşılayır. Əməliyyatdan sonra istifadə olunan preparatlar var ki, onlar olmasa, orqanizm həmin orqanı bədəndən xaric edir. Buna görə əməliyyat olunmuş şəxs ömrünün sonuna qədər həmin preparatları qəbul etməlidir. Həmin preparatların illik xərci təxminən 3 min manat olur. Bunu da dövlət ödəyir. Ümumiyyətlə, bu tip əməliyyatlar nə qədər uğurlu keçsə də həmin preparatlar olmazsa, insan yaşaya bilmir.

- Elə insanlar var ki, öldükdən sonra da yaxşılıq etmək istəyir, lakin yaşadığı dönəmdə müəyyən xəstəliklər keçirir və s. Sual yaranır, hər insan öldükdən sonra donor ola bilərmi?

- Orqan donorluğu üzrə çox insan müraciət edə bilər. Lakin orqanlarını bağışlamaq hər kəsə qismət olmayacaq. Bu, ancaq beyin ölümü keçirən şəxslərdə mümkün olur.

Son nəfəs və ya ruhun bədəndən çıxması anlayışları var. Bunlar bir-birindən çox fərqlidir. İnsanın son nəfəsi çıxdıqdan, yəni ruh bədəndən ayrıldıqdan sonra o, süni tənəffüs aparatı ilə nəfəs alır. Bu, cəsəddəki qanın aparatla oksigenləşdirilməsidir. Ürəyin beyindən asılı olmayan öz avtomatizmi var. Beyin ölübsə, yardım göstərildiyi təqdirdə ürək öz avtomatizmi ilə iki sutkaya qədər çalışa bilər. Kimsə reanimasiyada beyin ölümündən vəfat edirsə, onun orqanları yararlıdır. Bu zaman qanunvericiliyə görə yararlı orqanları götürülə bilər. Beyin ölümü çox vaxt avtoqəzalarda, beyin şişlərində, beyinə qan sızma hallarında olur. Onu demək istəyirəm ki, hamımız reanimasiyada ölməyəcəyik. Bəzilərimiz elə evlərimizdə ölürük, orqanlarımız yararlı olmur.

- Beyin ölümü necə baş verir?

- Beyin ölümü məsələn, anoksik beyin zədələnmələri, yəni əməliyyat zamanı müəyyən bir müddətlik beyinə oksigenin çatmaması nəticəsində beyin hüceyrələrinin ölməsi nəticəsində beyin ölmünün gerçəkləşməsidir. Bu, geridönməz prosesdir. Bu zaman həmin adam reanimasiyada vəfat edibsə, onun orqanları yararlı ola bilər. Bu zaman da müayinələr aparılır, həmin adamın laborator müayinələri komissiyalara göndərilir və orqanların transplanatsiya üçün yararlı olub-olmadığı müəyyənləşdirilir.

- Bir insan beyin ölümü keçirir, orqanları da yararlıdır, amma ailəsi orqan donoru olmasına razılıq vermir, onda necə olur?

- Reanimasiyada beyin ölümündən vəfat edən adamın yaxınları onun orqanlarının götürülməsinə etiraz edərlərsə, meyit ailəyə təhvil verilir. Onu da qeyd edim ki, beyin ölümü diaqnozunu həkim-reanimatoloq təsdiq edir, həkim-nevropatoloq və ya neyrocərrah ikisi birlikdə sənədi imzalamalı və təsdiqləməlidirlər.

- Öldükdən sonra donor olmaq istəyən insanlar hara müraciət etməlidirlər?

- Hal-hazırda bizim mərkəzə müraciət edə bilərlər. Bizim bu sahə üzrə proqramımız da hazırlanır. Sözügedən proqram vahid informasiya bazası fəaliyyət göstərəcək və saytımız fəaliyyətə başladıqdan sonra vətəndaşlar “ASAN xidmət”ə giriş olacaq və oradakı formanı doldurduqdan sonra elektron donor kartı da ala biləcəklər.

- Beyin ölümü keçirən bir insan neçə nəfərə həyat verə bilər?

- 8-10 insanı xilas edə bilər. İki böyrək hərəsi bir adama veriləcək, qaraciyər iki yerə bölünüb hərəsi bir adama veriləcək, iki ağciyər var hərəsi bir adama veriləcək, iki buynuz qişa var hərəsi iki adama veriləcək, bir ürək var o bir adama veriləcək. Beləliklə, ən az 8 insanın həyatda qalmasına səbəb olacaq.

Paylaş:
6799

Son xəbərlər

Bütün xəbərlər