“Başlıbeldə insanların kütləvi qırğına məruz qalması ilə bağlı Ermənistan cəzalandırılmalıdır” – Politoloqdan ŞƏRH | 1news.az | Xəbərlər
Siyasət

“Başlıbeldə insanların kütləvi qırğına məruz qalması ilə bağlı Ermənistan cəzalandırılmalıdır” – Politoloqdan ŞƏRH

Ayşən İsmayılova13:08 - 18 / 04 / 2023
“Başlıbeldə insanların kütləvi qırğına məruz qalması ilə bağlı Ermənistan cəzalandırılmalıdır” – Politoloqdan ŞƏRH

“Başlıbel faciəsi Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi çox soyqırım haqlarının növbəti proseslərindən biridir”.

Bu sözləri politoloq Tural İsmayılov 1news.az-a Başlıbel soyqırımı ilə bağlı açıqlamasında söyləyib:

“Başlıbeldə kütləvi insan tələfatlarının real sübutları, faktları var. Kəlbəcər işğaldan azad edildikdən sonra Başlıbeldə tapılan kütləvi insan məzarlıqları Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi növbəti cinayətlərdən birini ortaya çıxarmış oldu. Bütövlükdə Başlıbelə qədər olan və Başlıbeldən sonrakı dövrdə Ermənistanın Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırım aktları heç vaxt dayanmayıb”.

Politoloq qeyd edib ki, ən pis məqam Başlıbel faciəsinin 30-cu il dönümündə hələ ki beynəlxalq birlik tərəfindən Ermənistana layiq olduğu cavab verilməməsidir.

“Nə Başlıbel faciəsi, nə Ağdaban, nə Qaradağlı, nə Bağanis-Ayrım, nə də Xocalı faicəsi beynəlxalq birlik tərəfindən adekvat reaksiyasını almayıb. Bu gün ermənilərin Türkiyə əleyhinə istifadə etdiyi saxta 1915 hadisələri üzərindən manipulyasiya edən beynəlxalq-siyasi dairələr və güclər Azərbaycan xalqına qarşı soyqırım faktlarının 30-cu illiyində yenə də hadisələrə səssiz qalmaqda davam edirlər”.

T.İsmayılov son olaraq Başlıbeldə qadın, uşaq, yaşlı demədən insanların kütləvi qırğına məruz qalması ilə bağlı Ermənistan dövlətinin ciddi şəkildə cəzalandırılmalı olduğunu vurğulayıb.

“Eyni zamanda hesab edirəm ki, Başlıbel soyqırımını törətdiyinə görə Ermənistan Başlıbel faciəsi qurbanlarının yaxınlarına və Azərbaycan dövlətinə təzminatlar ödəməlidir. Bu gün Azərbaycanın sülhdən danışdığı bir dövrdə Ermənistanın Azərbaycan xalqına qarşı tarixin müxtəlif dövrlərində müxtəlif ərazilərdə törətdiyi qırğınlar və qətliamlara təəssüflər olsun ki, siyasi və hüquqi qiymət verilmir. Bu əslində Başlıbel faciəsinin 30-cu ildönümündə beynəlxalq birliyin nə qədər ədalətsiz, qeyri-səmimi, ikiüzlü olduğunu bir daha göstərir”.

Xatırladaq ki, bu gün Ermənistanın Kəlbəcər rayonunu işğalı zamanı Başlıbel kəndində törətdiyi qırğından 30 il ötür.

Paylaş:
596

Son xəbərlər

Bütün xəbərlər