Ekspert evlərin qiymətinin bahalaşmasının səbəblərini izah etdi: “Bu evlərə tələbat azalıb”
“Mövsümlə əlaqədar olaraq torpaq sahələrinin, həyət və bağ evlərinə maraq daha çoxdur, bina evlərinin satışı isə səngiyir”.
Bu barədə 1news.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.
O, bildirib ki, 2022-ci ilin statistikasına baxsaq, satılan bina evlərinin (çıxarışlı evlər) 60 faizdən çox hissəsi kredit yolu ilə satılır.
“Hal-hazırda da satılan əmlakların əksəriyyəti kreditli şərtlərlə, yəni şirkətdaxili kredit, ipoteka krediti və bir çox dövlət layihələr vasitəsilə satılır. Belə layihələrlə satılan evlərin sayı çox olduğu üçün, alıcı əmlak bazarına müraciət etmədən birbaşa satıcıya müraciət etdiyinə görə, bunların ümumi statistikanı aparmaq çətindir. Belə satışlarla bağlı yalnız rəsmi tərəflərdən məlumat almaq olur. Əmlak bazarına nəzərən, bahalı evlərə (söhbət bina evlərindən gedir)tələbat azalıb. Torpaq sahələrinə, həyət evlərinə, xüsusilə də istirahət yerlərinə yaxın evlərə tələbat isə artıb. Satılan əmlakların böyük əksəriyyəti kreditli şərtlərlə satıldığı üçün əmlak bazarında müştəri aktivliyi elə də hiss olunmur. Statistik olaraq daşınmaz əmlaklar satılır, sadəcə bazardan kənar. Bəzən pilot layihələr üzrə köhnə binanı söküb yerinə yeni bina tikirlər. Həmin binanı tikən şirkət sakinlərə yeni tikilən binada köhnə mənzillərinin sahəsindən daha artıq sahə təqdim edir, bina hazır olana qədər onların kirayəpulunu ödəyir, bu da dəyərin artmasına təsir edir. Bu baxımdan yeni tikili binalarda qiymətlərin enməsi gözlənilən deyil. Köhnə binalarda da qiymət artımı müşahidə olunur, bu isə süni qiymət artımıdır. Bunun bir çox səbəbi var, həm həmin binanın pilot layihə çərçivəsində sökülməsi, həm də bəzi köhnə binaların ipotekaya yararlı olması qiymətlətin artmasını şərtləndirən səbəblərdəndir”.
E.Fərzəliyev bildirib ki, həyət evlərinə pandemiya vaxtı və Türkiyədə baş verən zəlzələdən sonra müəyyən qədər maraq artmışdı.
“Təbii ki, bu imkanlı şəxslərə aid olan məsələdir. Kiminki evlər almağa imkanı var idisə, həyət evləri aldılar ki, qapanmaya görə öz həyətlərində vaxt keçirə bilsinlər. Türkiyədə baş verən zəlzələdən sonra zəlzələ təhlükəsinə görə bəziləri həyət evi almağa yönəldilər. Bakı ətrafı, Abşeron ərazilərində olan həyət evlərinin böyük əksəriyyətinin çıxarışı yoxdur. Evlərin çıxarışlı olmamasının mənfi tərəfləri olduğu kimi, qiymətlərinin ucuz olması baxımından müsbət tərəfi də var. Bu gün Bakının mərkəzində bir otaqlı ev 100 min manatdan baha satılır, amma bu qiymətə kənar ərazilərdən Abşeron, Xırdalan və digər ərazilərdə çox gözəl, hətta ikimərtəbəli həyət evi almaq olar”.
Ekspert deyir ki, ən bahalı mənzillər Səbail, Yasamal, Nərimanov və Nəsimi rayonlarının mərkəzə doğru olan hissələrində qeydə alınır.
“Səbaildə, Yasamalda elə mənzillər var ki, onların bir kvadratı 5000 manatdan başlayır”.