Türkiyədə Azərbaycanın Zəfər Gününə həsr olunmuş konfrans keçirilib
Türkiyənin şərqində yerləşən Erzincan şəhərindəki Binali Yıldırım Universitetində (EBYÜ) "Türk birliyi və Zəfər tarixi: Qarabağda 44 gün" adlı konfrans keçirilib.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, professor Erdoğan Büyükkasap adına Mədəniyyət və Konqres Mərkəzində keçirilən konfransda Erzincan bələdiyyəsinin sədri Bekir Aksun, EBYÜ rektoru Akin Levent, Erzincan valisinin köməkçisi Nurullah Kaya, Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri, universitetin müəllim heyəti və tələbələr iştirak ediblər.
İştirakçılar qarşısında çıxış edən professor Ali Kafkasyalı Ermənistan-Azərbaycan münaqişəsinin köklü səbəblərinə diqqət çəkib və Ermənistanın təcavüzünün nəticələrini təhlil edib. O, həmçinin Cənubi Qafqazın etnik xəritəsinin dəyişdirilməsi ilə bağlı sistemli siyasətdən danışaraq, yerli Azərbaycan əhalisinin Qərbi Azərbaycandan deportasiya mərhələlərini nümunə göstərib.
Professorun sözlərinə görə, 44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı Zəfəri sayəsində regionda güc balansı dəyişib və bu da Bakının regional güc kimi mövqeyini möhkəmləndirib.
Kafkasyalı çıxışında Qafqaz bölgəsinin strateji əhəmiyyətini də vurğulayıb və Zəngəzur dəhlizinin tez bir zamanda açılmasının vacibliyini qeyd edib.
Konfrans iştirakçıları Azərbaycanın işğal altında olmuş torpaqlarının azad edilməsinin tarixi əhəmiyyətini və Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz olduğunu bir daha təsdiqləyiblər.
















