İcma: Azərbaycan İcması rəsmi Parisi Azərbaycanfobiya siyasətindən əl çəkməyə çağırır
Avqustun 16-da BMT Təhlükəsizlik Şurasının Ermənistanın təşəbbüsü ilə keçirilmiş iclasında Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərlə bağlı guya Azərbaycanın hərəkətləri nəticəsində hansısa humanitar vəziyyətin olması ilə əlaqədar qarşı tərəfin iddiaları bir daha ifşa edilib. İclas, həmçinin Ermənistanın siyasətinin əsl mahiyyətinin Azərbaycana qarşı ərazi iddiaları və onun daxili işlərinə qarışmaq olduğunu növbəti dəfə göstərib.
Bu barədə 1news.az-a Qərbi Azərbaycan İcmasının mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, Ermənistandan və vaxtilə hərbi istila yolu ilə ələ keçirərək 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarından bir milyondan artıq azərbaycanlını qovmuş və onların geri qayıtmasına imkan verməyən Ermənistanın indi ölkəmizi hansısa humanitar məsələdə ittiham etməyə çalışması ikiüzlülükdür.
2020-ci il müharibəsi zamanı Azərbaycanın Qarabağ bölgəsindən köçmüş ermənilərin savaşdan dərhal sonra təhlükəsiz şəkildə öz evlərinə qayıtmasına dövlətimiz imkan yaradıb. Hazırda onların reinteqrasiyasına çalışan Azərbaycan tərəfi öz Konstitusiyasının və insan hüquqlarının aliliyini təmin edir, bölgədə davamlı sülhün əsaslarını möhkəmləndirir.
Monoetniklik və etnik ayrı-seçkilik siyasəti yürüdən Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin Azərbaycana reinteqrasiyasını əngəlləməkdə əsas motivlərindən biri ölkəmizdə iki xalqın nümayəndələri arasında mümkün uğurlu birgəyaşayışın Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış perspektivlərini gücləndirəcəyidir.
“Qərbi Azərbaycan İcması dünya birliyini beynəlxalq sülhə və təhlükəsizliyə böyük təhdid olan Ermənistanın ərazi ekspansiyası siyasətini və monoetniklik ideologiyasını pisləməyə, onun Azərbaycan ərazisində qanunsuz yerləşdirdiyi silahlı birləşmələri dərhal çıxarması və orada yaşayan ermənilərin reinteqrasiyasına əngəl törətməsini dayandırması üçün bu dövlətə təzyiq etməyə çağırır. İcma, həmçinin beynəlxalq ictimaiyyətə Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmasını dəstəkləməyə dair beynəlxalq ictimaiyyətə bir daha çağırış edir.
Qərbi Azərbaycan İcması, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının son iclasında da görüldüyü kimi, Fransanın Azərbaycana qarşı bütün platformalarda sistematik xarakter almış düşmən münasibətini kəskin şəkildə pisləyir. Qərbi Azərbaycan İcması rəsmi Parisi Azərbaycanfobiya siyasətindən əl çəkməyə və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi statusundan sui-istifadə etməməyə çağırır”, -deyə məlumatda qeyd olunub.