Onlar aclıqdan əziyyət çəkirlərsə, niyə Ağdam yolunu bağlayırlar? - Avropa mediası Qarabağdakı separatçıların yalanlarını ifşa edir
İkinci Qarabağ müharibəsi bitdikdən sonra Azərbaycan Qarabağın erməni əsilli sakinlərinə Laçın-Xankəndi yolu ilə yüklərin çatdırılması üçün lazımi hər bir şəraiti yaradıb.
10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına zidd olaraq, Ermənistan, eləcə də, qanunsuz erməni hərbi birləşmələri bu yoldan hərbi məqsədlərlə, o cümlədən, mina daşınması üçün istifadə edib. Bu isə regionda sabitlik və təhlükəsizlik üçün ciddi təhdid yaradıb. Azərbaycan tərəfindən növbəti addım "Laçın" sərhəd-buraxılış məntəqəsinin yaradılması oldu. Məntəqə vasitəsilə bu gün də Xankəndi sakinləri üçün təhlükəsiz və müntəzəm keçid təmin edilir.
Eyni zamanda, Azərbaycan yüklərin çatdırılması üçün Ağdam-Xankəndi yolunun istifadəsini təklif edib. 2020-ci ildə müharibə başa çatdıqdan dərhal sonra Azərbaycan Qarabağ bölgəsinə yüklərin çatdırılması üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) öz logistka imkanlarını və infrastrukturunu təklif edib. Lakin məhz erməni tərəfi Azərbaycanın təklif etdiyi marşrutlarla yükləri çatdırmaqdan imtina edib.
Bununla belə, ermənilər Azərbaycanın Xankəndi sakinlərini guya "blokada" şəraitində saxladığına dair saxta iddialar irəli sürməyə davam edir və dünya ictimaiyyətini tədbir görməyə çağırır.Erməni tərəfinin təbliğat xarakterli bəyanatları getdikcə daha az nəticə verir. Avropanın bir sıra kütləvi informasiya vasitələri özləri araşdırma apararaq, bu iddiaların yalan olduğunu aşkar ediblər.
Belə ki, ABŞ-nin həftəlik jurnalının Rumıniya şöbəsi olan "Newsweek Romania"nın məqaləsində deyilir ki, "həqiqi aclıq şəraitində "qurbanlar"ın ərzaqdan imtina etməsi və sırf xoşlamadıqları marşrutla gəldiyi üçün tədarüklərin yolunu bağlaması ağlasığmazdır".
Polşanın aylıq 10,6 milyon nəfərlik auditoriyaya malik ən böyük qəzeti olan "Dorzeczy" öz məqaləsində razılaşır ki, əgər "blokada" və "humanitar faciə" iddiaları doğru olsa idi, Ağdam-Xankəndi yolu çoxdan açılmış olardı.
Avropanın bir çox kütləvi informasiya vasitələri o fikirdədir ki, bu imtina Xankəndidəki separatçıların etirazı ilə əlaqəlidir, çünki bu marşrut onlar üçün əlverişli deyil, belə ki, onlar bu marşrutla öz hərbçilərini və hərbi texnikalarını keçirə bilməyəcəklər.
"Xankəndidəki separatçıların rəhbərliyi üçün Laçın-Xankəndi yolundan istifadə olduqca vacibdir. Şəxsi heyətin rotasiyası, silah və hərbi sursatların keçirilməsi, habelə terrorçuların keçməsi üçün məhz bu yoldan istifadə olunur", - Albaniyanın "Balkanweb" nəşri bildirir.
"CNN International Commercial"ın Çexiyadakı rəsmi tərəfdaşının dərc etdiyi məqalədə də qeyd olunur ki, separatçılar humanitar yardımın çatdırılması üçün Avropa İttifaqının (Aİ) dəstəklədiyi və Ağdamdan keçən alternativ marşrutu bloklayırlar, çünki bu marşrut qanunsuz yüklərin keçirilməsinin qarşısını alır.
Litvanın ən çox tanınan nəşrlərindən biri, aylıq 33 milyon nəfərlik auditoriyası olan "Delfi" də o fikirdədir ki, Xankəndidəki separatçılar Ağdam yolunun istifadəsindən məhz ona görə imtina edirlər ki, bu yol erməni silahlarının və qanunsuz hərbi formalaşmalarının qarşısını alacaq.
Bütün bunlar sübut edir ki, Ermənistan növbəti dəfə qlobal informasiya arenasında məğlubiyyətə düçardır. Bu ölkənin havadarları və Azərbaycana qarşı cəfəng ittihamlara inanmağa hazır olanların sayı getdikcə azalır.
Azərbaycan isə Ermənistan tərəfindən davamlı təxribatlara rəğmən, regionda vəziyyətin normallaşması üçün bütün səyləri göstərir və Qarabağ bölgəsinin sakinlərini Azərbaycan cəmiyyətinə inteqrasiya etməyə çalışır.
Trend.az