KOBİA və AQTA daşıma şirkətlərinin çətinliklərinin həlli üçün birgə tədbirlər görəcək - FOTO
İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) daşıma fəaliyyəti ilə məşğul olan şirkətlərin və kuryerlərin çətinliklərinin həlli, sektorun sağlam inkişafı üçün birgə tədbirlər həyata keçirəcək.
KOBİA-dan 1news.az-a verilən məlumata görə, bu barədə “Bakı KOB evi”ndə daşıma fəaliyyəti ilə məşğul olan sahibkarlar və kuryerlərlə keçirilən görüşdə qeyd edilib.
Görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, AQTA-nın Aparat rəhbəri Elxan Mikayılov və 50-yə yaxın daşıma fəaliyyəti ilə məşğul olan sahibkar və onların təmsilçiləri, eləcə də kuryerlər iştirak ediblər.
O.Məmmədov daşıma ilə bağlı biznes fəaliyyətinin son zamanlar genişləndiyini və bu sahədə fəaliyyət göstərən şirkətlərin sayının artdığını qeyd edib. Bildirilib ki, daşıma sektorunda çalışanların – kuryerlərin sayında da artım müşahidə edilir və onların əksəriyyəti gənclərdir. Dövlət qurumu olaraq daşıma sektorunda biznesin düzgün formalaşması və idarə edilməsinə lazımı dəstəyi göstərməyə hazırıq. Bugünkü görüşün məqsədi də məhz daşıma fəaliyyəti ilə bağlı biznesin qanunvericilikdə nəzərdə tutulan tələblərə uyğun formalaşması və inkişafını, eləcə də sahibkarların və kuryerlərin çətinliklərini birgə müzakirə etmək, onların həlli üçün tədbirlər görməkdir. O, kuryerlərin təşkilatlanması və qarşılaşdıqları çətinliklərin müvafiq qurumlara daha rahat çatdırılması üçün assosiasiyanın yaradılması məsələsinin nəzərdən keçirilməsini də təklif edib.
AQTA-nın Aparat rəhbəri Elxan Mikayılov qurumun daşıma fəaliyyəti ilə məşğul olan sahibkarlar və kuryerlərlə yaxından əməkdaşlıq etdiyini, prosesin qida təhlükəsizliyinin tələblərinə əməl olunmaqla idarə edilməsi məqsədilə artıq təlimlərə başlanıldığını bildirib. Qeyd olunub ki, məhsulların təhlükəsizliyinə istehsalçı ilə yanaşı, onların daşınmasını və istehlakçıya çatdırılmasını həyata keçirən daşıma şirkətləri və kuryerlər də cavabdehlik daşıyır. Bu məqsədlə AQTA tərəfindən praktik xarakter daşıyan ödənişsiz təlimlərə başlanılıb. Təlimlər bütün kuryerləri əhatə etməklə mərhələli şəkildə həyata keçiriləcək. Bu sahədə KOBİA ilə birgə də tədbirlərin reallaşdırılması nəzərdə tutulur.
Görüşdə daşıma fəaliyyəti ilə məşğul olan şirkətlərin və kuryerlərin qarşılaşdıqları çətinliklərə və onların həlli yollarına, bu sahədə KOBİA və AQTA-nın birgə dəstəyinə dair müzakirələr aparılıb.