Sevinc Fətəliyeva: Bir qrup separatçını razı salmağı bacarmayan ABŞ bu gün öz cəsarətsizliyi və riyakarlığına görə günahı Azərbaycanın üzərinə atmağa cəhd göstərir
"Vaşinqtonda son görüşdə əldə olunmuş razılığa əsasən, sentyabrın 1-də bölgədə yollar açılmalı və Ağdam-Xankəndi marşrutu işə düşməli idi.
Blinken Azərbaycan rəhbərliyi ilə danışıqlar zamanı həm Laçın, həm Ağdam yolunun açılmasını xahiş etsə də, ABŞ razılaşmaya müqavimət göstərən Ermənistan rəhbərliyi və Qarabağdakı separatçılara təzyiq göstərmək əvəzinə, öz mövqeyindən geri çəkildi və bu gün istər Dövlət Departamenti, istərsə Konqresdə yalnız Laçın yolunun açılmasının zəruriliyindən danışılır".
Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, bir qrup separatçını razı salmağı bacarmayan və ya istəməyən ABŞ bu gün öz cəsarətsizliyi və riyakarlığına görə günahı Azərbaycanın üzərinə atmağa cəhd göstərir.
Qarabağda keçirilmiş “seçkilər”ə münasibətdə də ABŞ riyakarlığının şahidi olduq – 9 sentyabrda “keçirilmiş seçkilər”dən sonra aparıcı dövlətlər və təşkilatlar qanunsuz rejimi və onun “seçkilərini” tanımadığını bəyan etdiyi halda, Vaşinqton susmağa üstünlük verdi. Yalnız Azərbaycanın təzyiqlərindən sonra ABŞ Dövlət Departamenti sıravi təmsilçisi səviyyəsində şifahi şəkildə “seçkini” tanımadığını bildirmək zorunda qaldı.
Millət vəkilinin sözlərinə görə, ABŞ Dövlət Departamentinin təmsilçisi Lui Boninu regiona göndərib, amma bu səfər bölgədə problemlərin həllinə heç bir töhfə vermədi və nəticəsiz qaldı. Çünki ABŞ öz niyyətində səmimi deyil – Amerikanı sülh maraqlandırmır. Əks təqdirdə, ABŞ Dövlət Departamentinin nümayəndəsi Yuri Kim Konqresdəki çıxışında mövcud olmayan “Dağlıq Qarabağ xalqının hüquqları”ndan danışmazdı. ABŞ bugünkü reallıqları görməzdən gəlir və ciddi cəhdlə Qarabağdakı hərbi xuntanı leqallaşdırmağa çalışır.
"Faktiki olaraq bu gün ABŞ Fransa ilə yanaşı Qarabağ ermənilərinin reinteqrasiya prosesinə imkan verməyən və Ermənistandakı revanşist qüvvələri stimullaşdıran tərəf qismində çıxış edir. Fransanın belə açıq ermənipərəst siyasəti sayəsində bu gün Paris regional proseslərdən tam təcrid olunub və vasitəçilik ümidlərini itirib. Belə getsə eyni aqibət özünü bölgədə xristian missioner kimi aparan ABŞ-ı da gözləyir"- deyə Sevinc Fətəliyeva vurğulayıb.