Mir Cəlal Paşayevin kitabı alman dilinə tərcümə edilib
Görkəmli yazıçı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” kitabı Almaniyanın tanınmış Erqon-Nomos nəşriyyatının Bibliotheca Academica - Şərqşünaslıq sahəsində seçilmiş nəşrlər sırasında çap edilib.
Kitab Giesen Universitetinin dosenti, şərqşünas-alim Mixael Raynhard Hess tərəfindən alman dilinə tərcümə edilib.
AZƏRTAC xəbər verir ki, Berlin Azad Universitetində dahi şairimiz İmadəddin Nəsimi mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş Hess azərbaycanlı və avropalı oxuculara “Şuşanın irsi” kitabının müəllifi kimi də tanışdır.
Azərbaycan füzulişünaslığının banisi Mir Cəlal 1940-cı ildə “Füzulinin poetik xüsusiyyətləri” mövzusunda müdafiə etdiyi namizədlik dissertasiyasını 1958-ci ildə genişləndirərək “Füzuli sənətkarlığı” adı altında monoqrafiya kimi nəşr etdirib. Monoqrafiya XVI əsrdə yaşayıb-yaratmış dahi şairimiz Məhəmməd Füzulinin ədəbi yaradıcılığı və sənəti, o cümlədən şeir mədəniyyəti və bədii nəsri haqqında elmi araşdırmaları əks etdirir. Mir Cəlal kitabında Füzuli yaradıcılığının ayrı-ayrı məsələləri və motivlərinin araşdırılması ilə yanaşı, onun ümumi ədəbi mənzərəsini elmi cəhətdən verməyə nail oldu.
Məhəmməd Füzuli türk xalqlarının klassik ədəbiyyatının, eyni zamanda, ona görə tanınmış şairlərindən hesab olunur ki, o, dövrünün üç əsas dili - türk, ərəb və fars dillərində “Divan” yazmaqla ədəbi sənətkarlıq nümunəsi yarada bilmişdir. Alman alimin, Füzulinin dövrünün tələblərinə uyğun olaraq Azərbaycan, türk, ərəb və fars dillərini bilməsi ona Füzuli və Mir Cəlal yaradıcılığının dərinliklərini araşdırmağa və avropalı oxuculara təqdim etməyə imkan verdi. Şərqşünas-alim Hess, həmçinin kitaba “Giriş sözü” yazaraq, həm Füzuli, həm də Mir Cəlal dövrünün ədəbi və tarixi-siyasi mühitinin elmi-tənqidi təhlilini aparıb. Alman alim sovet-kommunist rejimi tərəfindən ədəbiyyata tətbiq olunan qadağalara və edilən müdaxilələrə dair Qərb oxucusu üçün izahlar verərək yazmışdır ki, dövrün ideoloji məhdudiyyətlərinə baxmayaraq, Mir Cəlal Füzulini milli şair kimi araşdırmağa və təqdim etməyə nail oldu. Dr. Hess kitabda “Füzuli sənətkarlığı” əsərinin ədəbi elmi aspektlərinə dair müfəssəl izahatlar verib.
Mixael Raynhard Hessin qənaətinə görə, “Azərbaycanda füzulişünaslığın əsasını qoyan “Füzuli sənətkarlığı” əsərinin digər dəyərli xüsusiyyətlərindən biri Mir Cəlalın çoxsaylı məsələlərin araşdırılması üçün orijinal mənbələrdən birbaşa istifadə etməsidir. Məhz bu səbəblərdəndir ki, yazıldığı tarixdən 80 il keçməsinə baxmayaraq, Füzuli yaradıcılığı haqqında Mir Cəlalın elmi əsəri ilə müqayisə oluna bilinəcək dərinlik və müfəssəlliyə malik elmi əsər yazılmayıb. Bu gün də bu əsər Füzuli yaradıcılığının araşdırmaçıları üçün əvəzolunmaz mənbədir”.
Füzuli dühasının araşdırılmasına həsr olunan bu monoqrafiya, həmçinin Mir Cəlal yaradıcılığının avropalı oxuculara çatdırılması baxımından böyük əhəmiyyətə malikdir. Mir Cəlalın “Füzuli sənətkarlığı” əsəri Almaniyanın milli biblioqrafiyasına daxil edildi.