Bakıda qorunan ölüm maskaları: Rəşid Behbudov, Üzeyir Hacıbəyli, Bülbül… - FOTO - VİDEO
Keçmiş Azərbaycan filmlərini və görkəmli şəxsiyyətlərimizə həsr edilən proqramları izləyəndə heç özünüzü dalğın-dalğın ağ-qara xatirələrin ağuşunda tapdığınız vaxtlar olubmu?
Sevdiyimiz, üzlərinə, səslərinə, istedadlarına aşina olduğumuz və az qala doğmamıza çevrilmiş bu insanların ömür yolunu düşünmək belə kifayət edir ki, qəlbimizdə bizi düşüncələrə qərq edən dərin hisslər oyansın. Cəfər Cabbarlının “Bir badə ki ondan bütün aləm içəcəkdir” deyə təsvir etdiyi ölüm dəyişən hər təqvimlə bərabər onları bir-bir əlimizdən alıb aparıb. Bu həqiqəti bilmək insanın içində dərin bir nisgil yaradır. Bəs heç düşündünüzmü: Onlar həyatlarının son dəqiqələrində nələr hiss edirdilər, qapılarını döyən ölümü necə qarşılayırdılar? Bəs bunu onların üzünə baxaraq təxmin edə biləcəyinizi desək, inanarsınızmı? Söhbət ölüm maskalarından gedir.
Qədim Misirdən başlayaraq müxtəlif sivilizasiyalara sirayət edən bu ənənə Azərbaycan ziyalılarından da yan keçməyib. Ölüm maskası dünyasını dəyişmiş bir şəxsin üzünün vəfatından dərhal sonra gips və ya mum kimi materiallar vasitəsilə alınan dəqiq surətidir. Başqa bir dillə desək, vəfat edən şəxsin üzündə donub qalan son ifadəni, ömür yolunun bitdiyi anda yaşadığı duyğuları dəqiq şəkildə əks etdirən tarixi-bədii sənədlərdir.
Bəs bilirdinizmi ki, bu cür maskalar hazırda Bakıda fəaliyyət göstərən muzeylərdə qorunur?
1news.az həmin muzeylərdə olub, Azərbaycan ziyalılarının ölüm maskalarını araşdırıb.
Şəmsi Bədəlbəyli
Azərbaycanın tanınmış rejissoru, teatr rəhbəri Şəmsi Bədəlbəylinin ölüm maskası Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin fondunda qorunub saxlanılır. Oğlu SSRİ və Azərbaycanın Xalq artisti Fərhad Bədəlbəyli müsahibələrinin birində atasının ölümü ilə bağlı bu sözləri deyir:
“Son gün onu xəstəxanaya apardım. Dedilər ki, darıxmayın, yaxşı olacaq. Ona həddindən çox dərman verdilər, təzyiqi çox aşağı düşdü, ürəyi dözmədi. Qayıtdım evə, birdən Sevda xanım zəng elədi. Dedi, xəbərin yoxdur? Atana nəsə olub, get ora. Artıq başa düşdüm”.
1987-ci il may ayının 23-də vəfat edən sənətkar İkinci Fəxri Xiyabanda dəfn olunub.






Mustafa Mərdanov
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin fondunda qorunan maskalardan digəri isə Azərbaycanın teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti aktyor Mustafa Mərdanova məxsusdur.
Həyatı boyunca bir çox obrazlara həyat verən Mustafa Mərdanovun ən yaddaqalan rolu “O olmasın, bu olsun” filmindəki “İntelligent” Həsən bəydir. Filmdə “Pardon, pardon. Məşədi İbadın nəyi və harası Rüstəm bəyə xoş gəlib ki, əziz qızı madmazel Gülnazı ona ərə verir?” deyə səsləndirdiyi düşündürücü fikirlər filmə xüsusi rəng qatmışdı.
Xalq artisti 1968-ci ilin 28 dekabr tarixində dünyasını dəyişib və Birinci Fəxri Xiyabanda torpağa tapşırılıb.




Üzeyir Hacıbəyli
Dünya şöhrətli dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı və Azərbaycan himninin musiqi müəllifi Üzeyir Hacıbəyli ölüm maskası ev-muzeyinin fondunda, surəti isə Azərbaycan Milli İncəsənət Muzeyində qorunur. Qulam Məmmədlinin “Üzeyir Hacıbəyov. Həyat və yaradıcılığının salnaməsi” kitabında Üzeyir Hacıbəyli ömrünün son günləri ilə bağlı belə bir hadisədən bəhs olunur:
“1948-ci ilin noyabrında Bakıya bərk şaxta düşür. Gündüzlər bir az qaranlıqlaşıb, bir az gödəlmişdi. Üzeyir bəyin ömrünün son günlərini yaşayırdı. Səhiyyə naziri Kübra Fərəcova bəstəkarın ömür-gün yoldaşı Məleykə xanıma tez-tez zəng vurur, işdən çıxanda ona baş çəkirdi. Düz bir il əvvəl Mircəfər Bağırova məktub yazmışdı ki, sizin göstərişiniz əsasında akademik Üzeyir Hacıbəyliyə konsilium təşkil edilib. Xəstə şəkər diabeti, hipertoniya və ürək astmasından əziyyət çəkir. Akademik Hacıbəyli Xüsusi Müalicə Sanitariya İdarəsinin xəstəxanasına yerləşdiriləcək, orada xüsusi müalicə alacaq və nəzarət ediləcək. Xüsusi müalicəni isə kim aparsa yaxşıdır: erməni Osipyan.
Həmin günlərdə Üzeyir bəyə baş çəkənlərdən biri də Səməd Vurğun idi. Şair yataq otağının açıq qapısından içəri boylanır. Üzeyir bəy əlləri sinəsi üstə çarpaz, maddım-maddım ona baxırdı. Üzünün rəngi qaçmışdı. Şair yatağa yaxınlaşanda xəstə qalxıb ona əl vermək istədi, bacarmadı. Səməd Vurğun ustadın soyuq əllərindən öpür.
- Oğul, könlüm səni necə istəyirdi, biləsən. Görürsən də... Deyəsən, vaxtdır. Sən yaxşı bilərsən, oğul, necə deyib o şair? Köçmək gərək bu dari-fənadan yavaş-yavaş...
Səməd Vurğunun ürəyi dözmür. Diz üstə çöküb Üzeyir bəyin yatağını qucaqlayır, uşaq kimi ağlamağa başlayır. Xəstə titrəyən ipək əlləri ilə onun saçlarını oxşayır.
- Köçmək gərək bu dar fənadan yavaş-yavaş...”
Xatırladaq ki, dahi bəstəkar 1948-ci ilin 23 noyabrında dünyaya əbədi olaraq gözlərini yumub. Onun məzarı Birinci Fəxri Xiyabanda yerləşir.




Qara Qarayev
Böyük Üzeyir Hacıbəylinin tələbəsi olmuş görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin üzünün maskası və əlinin qəlibi maskası Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin fondunda qorunur.
Qızı Züleyxa Qarayevanın xatirələrindən:
“Atam reanimasiyada idi, yanına heç kəsi buraxmırdılar. O dövrdə tibb o dərəcədə inkişaf etməmişdi. Ürək damarları sıradan çıxmışdı. Bu bizdə genetikdir. Nənəm də ürəkdən ölüb. Əmim isə öləndə 56 yaşı olub. Atam deyirdi ki, İslamda qəbir, foto, abidə, qəbrə gül qoymaq yoxdur. Mən heç vaxt onun qəbrini ziyarətə gedəndə gül aparmıram. Atam balaca daş istəyirdi. Biz də qəbri onun istədiyi kimi sifariş etdik”.
1982-ci ilin 13 may tarixində Moskvada vəfat edən bəstəkar Bakıda Birinci Fəxri Xiyabanda dəfn olunub.









Rəşid Behbudov
Dünya şöhrətli müğənni SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudova məxsus olan ölüm maskası Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin fondunda saxlanılır. Ömrünü Azərbaycan musiqisinə xidmət etməyə həsr edən böyük sənətkar 1989-cu il iyunun 9-da Moskvada vəfat etmiş və Bakıda Birinci Fəxri Xiyabanda torpağa tapşırılmışdır. Ölümü müəmmalı və qaranlıq məqamlarla yadda qalan Rəşid Behbudovun erməniləri ifşa edən müəyyən kasetlərə sahib olduğu üçün həyatdan qoparıldığı deyilsə də, kürəkəni Kamil Şahverdiyev sənətkarın əsl ölüm səbəbinin başqa olduğunu deyib.
Rəşid Behbudovun həyat yoldaşı Ceyran xanım bu haqda ailə üzvlərinə danışıb:
“Bir-iki dəfə qulağıma səs gəldi, soruşdum, narahat oldum. Dedilər ki, narahat olmayın prosedurlardı. Həmin prosedurdan qabaq Rəşid Behbudov əməliyyata hazırlaşırdı, əməliyyat günün səhərisi onu ləğv etdilər. Heç bir izah da olmadı, elə bildim bir-iki saata səbəbini deyəcəklər, amma heç nə demədilər. Məni palatadan çıxarandan sonra, çay içdim, sonra da yuxuya getdim”.
Ceyran Behbudova həkimlərin növbə dəyişməsi zamanı, səhər saat 8-9 arası yuxudan ayılıb. Növbətçi həkim hər şeyi təhvil verəndə Ceyran xanım Rəşid Behbudovun vəziyyətini həkimlərdən soruşub. Ona deyiblər ki, gecə saat 04:10-da Rəşid Behbudov rəhmətə gedib. Ceyran Behbudova palatanın düz yanında olsa da, Rəşid Behbudovun ölümü haqqında ona axşamdan heç nə deyilməyib. Baş həkim Ceyran Behbudovaya vərəq uzadaraq ora qol çəkməsini istəyib. Vərəqdə yaxınların meyitin tibbi ekspertizadan keçməməsi və yarılmamasını istədiyi yazılıbmış. Baş həkim Rəşid Behbudovun xanımını inandırır ki, siz müsəlmansınız və meyitin yarılması sizin dininizə görə qadağandır. Həmin vaxt panikada olan Ceyran xanım sənədi imzalayıb.
R.Behbudovun nəşi Bakıya gətirildikdən sonra, məsciddə yuyulmağa aparılıb. Rəşid Behbudovun bacısı oğlu Cəfər də həmin mərasimdə iştirak edib. Cəfər görüb ki, meyit yarılıb və bu haqda ailəyə məlumat verib. Bundan sonra məhkəmə-tibbi ekspedisiyasına zəng ediblər ki, Rəşid Behbudovun nədən rəhmətə getdiyi yoxlanılsın. Ekspertizanın nəticələri olan sənədi səhərisi gün istəyəndə ailəyə bildiriblər ki, sənəd yoxdur. Bundan sonra Rəşidə xanım məhkəmə-tibbi ekspertizanın həmin vaxtkı rəhbərindən dönə-dönə sənədi tələb edib. Axırda deyilib ki, bizlik deyil, gəlib sənədləri aparıblar.




Bülbül (Murtuza Məmmədov)
Azərbaycan opera müğənnisi, mahir təsnif ifaçısı, Azərbaycan professional vokal sənətinin banisi, SSRİ xalq artisti Murtuza Məmmədov və yaxud sadəcə Bülbül.
Sənətkarın ölüm maskası özünün ev-muzeyində qorunur. Muzeydən verilən məlumatda onun həyatı ilə bağlı maraqlı faktlar var idi:
“Bülbül dünyaya gələndə çox aydın bir gecə olub. Anası onun adını Aydınlıq qoymaq istəyib. Amma atası onun adını Murtuza qoyur. Lakin tale elə gətirir ki, Bülbül xalqın qoyduğu adla gedir. Şuşada evlərinin həyətlərindəki ağacda əyləşib bülbül kimi cəh-cəh vururdu. Hələ 8 yaşında ikən ustalıqla bülbülləri təqlid edirdi, ona görə də xalq ona Bülbül adı vermişdi”.
Muzeydə danışılan ən təsirli hekayələrdən biri də Bülbülün həyat yoldaşı Adelaida Məmmədovanın duyğulu xatirəsi idi:
“Həmişə Bülbülün evi qonaq-qaralı olurmuş. Elə 1961-ci il sentyabr ayının 26-da gecə də qonaqları olub. Bülbülün bir adəti var imiş. “Gecən xeyrə qalsın” sözünü italyanca deyirmiş. Qonaqları yola saldıqdan sonra ailə üzvlərinə italyanca “gecən xeyrə qalsın” deyir və yataq otağına gəlir. Lakin özünü yaxşı hiss etmir, ürəyi sıxılır. Yataq otağından eyvana çıxışı var idi. Çıxıb eyvanda əyləşir. Hələ də özünü pis hiss edir. Həkim çağırırlar. Həkim gəlib deyir ki, artıq çox gecdir, Bülbül rəhmətə gedir. O, həyat yoldaşı Adelaida xanıma həmişə Adıçka deyirmiş. Deyib ki, Adıçka, məni bağışla, mən artıq gedirəm. Gecə 01:20-də dünyasını dəyişir”.




Məmməd Səid Ordubadi
Azərbaycan Milli İncəsənət Muzeyində ölüm maskası mühafizə edilən ziyalılarımızdan biri də yazıçı Məmməd Səid Ordubadidir. “Qılınc və qələm”, “Dumanlı Təbriz” kimi məşhur romanların müəllifi olan Ordubadi uzun sürən xəstəlikdən 1950-ci ilin 1 mayında Bakıda dünyasını dəyişmiş və Birinci Fəxri Xiyabanda dəfn olunmuşdur.
İran İnqilabında iştirak etdiyinə və Çar istibdad rejiminə müxalif olduğuna görə 1914-cü ildə həbs edilən, ardından da Saritsın şəhərinə sürgünə göndərilən Ordubadi həbsxanada olarkən bir müddət öncə tanış olduğu Raya adlı rus qızın yardımlarını çox görmüşdü. Belə ki, Raya tez-tez ona yemək gətirmiş, hətta məktublar yazaraq onu bütün hadisələrdən xəbardar etmişdi. Onların tanışlığı isə bir oteldə olmuşdu. Raya və Lida adlı gənc qızların pulla başqalarına satılmasına şahid olan Ordubadi 200 manat pul verərək qızları xilas edir. Raya az sonra polkovnik Ştraubenin evində qulluqçuluğa başlayır, Lida isə otelin sahibi Surenə ərə gedir.
Raya daha sonralar yazdığı bir məktubla evlərinə, Rostov şəhərinə dönəcəyini xəbər vermiş, ünvanını Ordubadiyə yollayaraq onu gözləyəcəyini bildirmişdi. Çünki Raya onu sevirdi. Lakin Məmməd Səid cavab məktubunda onu gözləməyib başqası ilə evlənməsini və gələcəyini qurmasını tövsiyyə etmiş, gənc qıza xoşbəxtlik arzulamışdı. Ancaq Raya, yeni bir məktubla Ordubadinin tövsiyyələrini rədd etmiş, yolunu gözləyəcəyini təkrarlamışdı. Nəhayət, Səid sürgün olunacağı Sarıtsin şəhərinə çatır. Sürgündə yaşayan Səid burada 50 manat rüşvətlə pasportunu əldə edir və Rostova qayıdaraq Rayanı ziyarət edir. Raya isə dəlixanaya salınmışdı... Bir il sonra Rayanın anasından Səidə məktub gəlir. Bu Rayanın ölüm xəbəri idi. “Rayanın qəbri üstə bir dəstə gül qoyub qayıtdım. İndi də o gül və bir yığın torpaqdan ibarət olan qəbir gözümün önündədir” – deyən Ordubadinin sürgün illəri Bolşeviklərin qələbə qazanmasından sonra bitir və Bakıya qayıdır.
Məmməd Səid Ordubadi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.





Səməd Vurğun
50 illik ömrünə bitib-tükənməz uğurlar və yaradıcılıq nümunələri sığışdıran Xalq şairi Səməd Vurğunun ölüm maskasının orijinalı onun ev-muzeyində, surəti isə Azərbaycan Milli İncəsənət Muzeyində qorunur. 1956-cı ildə yaradılan “Azərbaycanın Xalq şairi” fəxri adı ilk dəfə Səməd Vurğuna verilib. 1956-cı il mayın 12-də M.F.Axundov adına Dövlət Opera və Balet Teatrında Səməd Vurğunun anadan olmasının 50 illiyinə həsr edilmiş ədəbi-bədii gecə keçirilsə də, xəstəlik yubilyarın özünün bu gecədə iştirakına imkan vermir. Şair doğum günündən qısa müddət sonra dünyadan köçür. Bir zamanlar şairin dostlarının yığışdığı böyük qonaq otağında böyük mənəvi dəyəri olan zəngli əntiq saatın əqrəbləri 1956-cı il 27 may 19:30-da – şairin əbədi olaraq dünyaya gözlərini yumduğu zaman həyat yoldaşı Xavər xanım tərəfindən dayandırılır. Bununla da Xavər xanım son dəfə şairə olan bağlılığını və sevgisini göstərmiş olur. Onun məzarı Bakıda Birinci Fəxri Xiyabanda yerləşir.





Nəriman Nərimanov
Azərbaycan tarixində ilk ölüm maskasının yaranması görkəmli dövlət xadimi, yazıçı-dramaturq Nəriman Nərimanovun adı ilə bağlıdır. Nərimanovun ölüm maskasının hazırlanması onun SSRİ-nin ilk ali rəhbərlərindən biri, SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri olması ilə birbaşa əlaqəli idi. Novruz bayramı ərəfəsində – 1925-ci il martın 19-da, Moskva vaxtı ilə saat 20:00-da Nəriman Nərimanov qəfil və müəmmalı şəkildə vəfat etmişdir. Onun ölümü SSRİ miqyasında böyük sarsıntı yaratmış, dəfn günü bütün ittifaq ərazisində matəm günü elan olunmuşdur. Nərimanovun cənazəsi Moskvada Qızıl Meydanda, Kreml divarları yanında dəfn edilmişdir ki, bu da yalnız seçilmiş dövlət xadimlərinə nəsib olan tarixi imtiyaz idi. Uzun müddət Mərkəzi Lenin Muzeyinin Bakı filialında saxlanılan ölüm maskasının orijinalı Nəriman Nərimanovun xatirə muzeyində, bir nüsxəsi isə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanılır.






Rəsul Rza
Xalq şairi Rəsul Rzanın ölüm maskası özünün ev-muzeyində mühafizə olunur. Şair xəstəxanada müalicə aldığı zaman həyat yoldaşı Nigar xanıma da xərçəng diaqnozu qoyulur. Onu Moskvaya aparmağa hazırlaşırlar. Moskva səfəri barədə xəbəri atasına yazıçı Anar çatdırmalı olur. Lakin xəbəri alan kimi Rəsul Rzanın halı qəfildən pisləşir, təzyiqi qalxır. Həkimlər nə qədər əlləşirlər, köməklik edə bilmirlər. On beş, iyirmi dəqiqənin içərisində 1981-ci il aprelin 1-də Rəsul Rza 70 yaşında dünyasını dəyişir. O, Birinci Fəxri Xiyabanda dəfn edilib.





Rüstəm Mustafayev
Azərbaycanın ilk peşəkar teatr rəssamı olan Rüstəm Mustafayevin adı hər kəsə tanış olmasa da, onun Azərbaycan mədəniyyətinə böyük xidmətləri olub. O, həm də istedadlı kitab qrafikaçısı olub. R.Mustafayev orta əsrlərə aid bir neçə Azərbaycan tarixi memarlıq abidəsinin, Şəki Xan sarayının elmi bərpası sahəsində mühüm rol oynayıb. Müxtəlif mükafatlara, fəxri fərmanlara, eləcə də “Şərəf nişanı” ordeninə layiq görülən R.Mustafayev 1940-cı il 19 iyulda – cəmi 30 yaşında dünyadan köçüb. 1943-cü il iyulun 1-də rəssamın adı Azərbaycan Dövlət İncəsənət Muzeyinə verilərək əbədiləşdirilib. Onun ölüm maskası da elə həmin muzeydə qorunub saxlanılır.





Əzim Əzimzadə
Azərbaycan karikatura sənətinin banisi, Xalq artisti Əzim Əzimzadə Azərbaycan rəssamlıq sənətində yeni bir cığır açan önəmli bir sənətkardır. Əzim Əzimzadənin ölüm maskası digər əşyaları ilə birlikdə ev-muzeyində qorunub saxlanılır. Muzeyin direktoru, həmçinin Əzimzadələr nəslindən olan İradə Əzimzadə onun ölümü ilə bu telefon arasındakı əlaqədən bəhs edir:
“Əzim Əzimzadə 3 oğlunu Böyük Vətən Müharibəsinə göndərir. Lakin o, Mircəfər Bağırova zəng edib tələbəsi Mikayıl Abdullayevi arxa cəbhədə saxlatmasını xahiş edir. Səbəb olaraq isə deyir: “Çünki mən onu Azərbaycanın gələcək görkəmli rəssamı kimi görürəm”. M.Bağırov da onun sözünü yerə salmır. 1943-cü ildə kiçik oğlu Lətifin qara xəbəri gəlir. Ə.Əzimzadə yatağa düşür. Qələmini sındırır və bir daha şəkil çəkmir. O, Rəssamlıq Məktəbinin direktoru idi. Oradan xəbər gəlir ki, Əzimzadə infarktdan yatağa düşüb. Bunu eşidən Mircəfər Bağırov Əzim Əzimzadəyə zəng edərək son arzusunu soruşur. Əzimzadə isə cavabında deyir: “Mən istəyirəm ki, axirətə oğullarımdan birinin çiynində gedim. Kerçdə döyüşən Həbib Əzimzadəni çağırırlar. Həbib gəlir və içəri girəndə görür ki, qadınlar qapıdan çölə çıxır. Soruşur ki, gecikdim? Deyirlər ki, bəli. Beləliklə, Əzim Əzimzadə oğullarının yox, xalqın çiynində dəfn edilməyə aparılır.
O, dünyasını dəyişəndə dövlətə xəbər verilir. O vaxtlar ziyalılar dövlətin siyahısında olublar. Gəlib Əzimzadənin son anının maskasını çıxarırlar. Son andakı üz ifadəsi, nigarançılıq, həsrət, mübarizə...”
Onun məzarı Bakıda Birinci Fəxri Xiyabandadır.
İradə Əzimzadə muzeydə qorunan nərd taxtasını göstərib əlavə edir:
“Bu da Ə.Əzimzadənin nərd taxtasıdır. Üzeyir Hacıbəyov, Cəfər Cabbarlı, Cəlil Məmmədquluzadə, Bülbül, Səməd Vurğun kimi neçə-neçə görkəmli şəxsiyyətlərimiz bu evdə bu taxtanın üzərində nərd oynayıblar”.






Mustafa Topçubaşov
Azərbaycanda tibb təhsili və səhiyyənin təşkilatçısı, respublikada cərrahlıq elmi məktəbinin banilərindən biri olan Mustafa Topçubaşova məxsus ölüm maskası Azərbaycan Milli İncəsənət Muzeyində qorunur.
1969-cu ildə böyük alimin yeganə oğlu, tanınmış cərrah İbrahim bəy ürək xəstəliyindən 45 yaşında vəfat etdi. Oğlunun yeddisi gününün səhəri ömür-gün yoldaşı da dünyasını dəyişib.
Qızı Zemfira xanımın xatirələri:
“Atama onlarsız çox ağır oldu. O, yeganə oğlunu deyil, həm də tələbəsini, həmkarını itirmişdi. Saatlarla içinə qapanar, dərdləri ilə baş-başa qalardı. Nə etsək də, faydasız idi. Sanki o, həyatının hər anında yenə anamla, qardaşımla birlikdə idi. Öz-özünü ovundurardı, acılarından bir kimsəyə zərər gəlməsini istəməzdi”. 62 illik əmək fəaliyyəti dövründə 100 minə yaxın cərrahiyyə əməliyyat aparan görkəmli alim 1981-ci il noyabr ayının 20-də Bakı şəhərində vəfat edib və Birinci Fəxri Xiyabanda dəfn olunub.




General-mayor Hacıbaba Zeynalov
Adı çox adama tanış gəlməsə də, böyük komandirlik məharəti olan general-mayor Hacıbaba Zeynalov Qış müharibəsində iştirak etmiş, 402-ci atıcı diviziyanın komandiri (1945), 1957-1960-cı illərdə Bakı ali ümumqoşun komandanlıq məktəbinin rəisi olmuşdur. Onun ölüm maskası Milli Azərbaycan Tarixi Muzeyinin fondunda qorunub saxlanılır. Keşməkeşli ömür yolunda addımlayan general Hacıbaba Zeynalov 13 noyabr 1969-cu ildə Bakıda vəfat edib və Birinci Fəxri xiyabanda dəfn olunub.
Qızı Füruzə xanımın xatirələri:
“Sakit şəkildə evdə oturmuşduq. Atam 2-3 dəfə infarkt keçirib. Üçüncü də ürəyi tutdu və təcili yardım gəlib onu apardı. Əvvəllər “Leçkomissiya” deyirdilər, ora apardılar. Anam da zəng etdi ki, onun üçün hər şey ediblər, babatdır. Mən burada qalacağam. Evə gəlmədi. Ertəsi gün mən məktəbə getmişdim, məni gəlib götürdülər. Heç nədən xəbərim yox idi. Evə gələndə başa düşdüm. Gördüm qapılar açıqdır, evdə adamlar var. Yəqin ki, gecə vəfat etmişdi. Amma biz səhər eşitdik. Onun ölümdən uzun illər keçib. İndi fikirləşirəm ki, onların həyat yolu çox çətin olub. Həmişə döyüşlərdə olub. Bir neçə güllə yarası var idi. Həmişə ürəyinə görə əziyyət çəkirdi, evdə dərman atdığını xatırlayıram. Mən hazırda onun rəhmətə getdiyi yaşı ötmüşəm. 60 yaş nədir ki? O, bir 60 il də yaşaya bilərdi. Onun keçdiyi yollar əzablı idi. Qəlbi vətən üçün döyünürdü. Bu da ürəyində öz izlərini qoydu”.






Vladimir İliç Ulyanov və ya qısaca Lenin
Ölüm maskalarından danışarkən Leninin Azərbaycan Dövlət İncəsənət Muzeyində qorunun maskasından da danışmaq lazımdır. Rus inqilabçısı, marksist nəzəriyyəçi və Sovet dövlətinin banisi olan Lenin Bolşevik Partiyasına rəhbərlik edərək 1917-ci il Oktyabr inqilabını həyata keçirmiş, Rusiya imperiyasının süqutundan sonra sosialist dövlət quruculuğuna başlayıb SSRİ-nin əsasını qoymuşdur. Lenin marksizmi yeni şəraitə uyğunlaşdıraraq “leninizm” adlanan siyasi-ideoloji xətti formalaşdırmış, birpartiyalı hakimiyyət, planlı iqtisadiyyat və proletariat diktaturası ideyalarını praktikaya tətbiq etmişdir. Onun fəaliyyəti XX əsr dünya siyasətinə dərin təsir göstərmiş, həm sosialist hərəkatların güclənməsinə, həm də ciddi ideoloji qarşıdurmalara yol açmışdır.
Lenin uzun sürən xəstəlikdən sonra 1924-cü ildə, əsasən beyin insultlarının fəsadları nəticəsində vəfat etmişdir. Ölümündən sonra cəsədi mumiyalanaraq Moskvadakı Qızıl Meydanda yerləşən Lenin Mavzoleyində saxlanılıb. SSRİ dövründə Lenin şəxsiyyəti ideallaşdırılmış, şəhərlər, küçələr, heykəllər və təhsil müəssisələri onun adı ilə adlandırılmış, xatirəsi dövlət ideologiyasının əsas simvollarından birinə çevrilmişdir.
Vladimir İliç Lenin 1924-cü il 21 yanvarda vəfat etdikdən bir gün sonra, yəni 22 yanvar 1924-cü ildə onun ölüm maskası hazırlanıb. Ölüm maskasının orijinal nümunəsi hazırda Moskva muzey fondlarında saxlanılır, surətləri isə müxtəlif ölkələrdəki muzeylərdə və elmi ekspozisiyalarda nümayiş olunur.




Cəfər Cabbarlı
Azərbaycanın müasir dramaturgiyasının və ədəbiyyatının banilərindən biri olaraq tanınan Cəfər Cabbarlının adı Azərbaycanın mədəniyyət tarixinə qızıl hərflərlə yazılmışdır. Onun dövrünün sosial problemlərini əks etdirən əsərləri hələ də öz aktuallığını qoruyub saxlayır.
Xatırladaq ki, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev ölüm maskaları ilə bağlı apardığı araşdırma zamanı Cəfər Cabbarlının taleyi hələ də məlum olmayan maskası haqqında bunları qeyd edib:
“1934-cü ildə qəfil vəfat edən Cəfər Cabbarlının ölüm maskası xüsusi hökumət qərarı ilə hazırlanmış və bu iş yəhudi əsilli heykəltəraş Yakov Keylixisə həvalə olunub. Yerli heykəltəraşların olmadığı bir şəraitdə bu seçim qaçılmaz idi. O, həm də Bakıda ilk azərbaycanlıya – dahi satirik şairimiz M.Ə.Sabirə ucaldılmış abidənin müəllifi kimi hamı tərəfindən tanınırdı. Qeyd etdiyimiz hökumət qərarının zamanında icrası nə qədər şübhə doğurmasa da, bizim günlərdə onu tapmaq çox müşkül məsələyə çevrildi. Üz maskası ilə yanaşı, dramaturqun beyni də diqqət mərkəzində olmuşdur. Onun yaradıcı məhsuldarlığının sirrini öyrənmək məqsədilə çəkisi normallığı üstələyən beyni çıxarılmış və tədqiq olunmaq üçün Leninqrada (indiki Sankt-Peterburq) göndərilmişdir. Çox təəssüf ki, onun nəticəsi də bu günə kimi də məlum deyil...”.
Cəmi 35 yaşında dünyadan və ədəbiyyatımızdan köçən Cəfər Cabbarlı Birinci Fəxri Xiyabanda uyuyur. Ədib sanki ziyarətinə gələnləri bu misraları ilə qarşılayır:
- Ölmək! O geniş körpüdən hər kəs keçəcəkdir,
Bir badə ki, ondan bütün aləm içəcəkdir!
Hər süslü çiçək sonda saralmış quru yarpaq,
İnsan da nədir? Əvvəli torpaq, sonu torpaq!
Aləm doğacaq, dirçələcək, məhv olacaqdır,
Dünya boş ikən əvvəli, həp boş qalacaqdır.
Bir tək səni məhv etmədi bu qanlı təbiət,
Həp yoxluğa, həp heçliyə məhkum bəşəriyyət.
FOTO - VİDEO: Nadir İbrahimli






