Göyçayda 2-si avtomat olmaqla 9 odlu silah götürülüb
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi, eləcə də vətəndaşlar tərəfindən könüllü təhvil verilməsi məqsədilə əməliyyat və profilaktiki tədbirlər keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, yanvar ayı ərzində şöbə əməkdaşlarının bu istiqamətdə keçirdikləri tədbirlər nəticəsində 2-si “Kalaşnikov” markalı avtomat, 1-i yivli “Belka”, 6-sı isə yivsiz ov tüfəngi olmaqla ümumilikdə 9 odlu silah götürülüb. Aparılan profilaktiki tədbirlərin nəticəsi olaraq həmin 9 silahdan 3-ünü vətəndaşlar könüllü olaraq polisə təhvil veriblər.
Qanunsuz saxlanılan silah-sursatın götürülməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.